Ata uşağın ağlamasına əsəbləşərək onu yastıqla boğduğunu deyir
Bakıda 6 aylıq oğlu Ruzini öldürməkdə ittiham olunan atanın mühakiməsi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində noyabrın 2-də Vüsal Əliyevə hökm oxunub. Rasim Sadıqovun sədrlik etdiyi hakimlər kollegiyasının hökmüylə 29 yaşlı Vüsal Əliyev 18 il azadlıqdan məhrum edilib.
Məhkəmə araşdırmaları zamanı aydınlaşıb ki, Vüsal Əliyev hadisəni törədərkən sərxoş vəziyyətdə olub. O, ifadəsində əməlindən çox peşman olduğunu, həmin vaxt spirtli içki qəbul etdiyinə görə hərəkətlərini dərk etmədiyini bildirib. Təqsirləndirilən atanın sözlərinə görə, o, uşağın ağlamasına əsəbiləşərək onu yastıqla boğub.
Hadisə 2021-ci il mayın 30-da baş verib. Binəqədi rayon Prokurorluğuna 2020-ci il təvəllüdlü Ruzi Əliyevin evdə ölməsi haqda məlumat daxil olub. Araşdırmalar zamanı uşağın boğulduğu müəyyənləşib. Ardınca körpənin atası Vüsal Əliyev şübhəli şəxs qismində saxlanıb.
Vüsal Əliyev Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.