Kamera qurulacaq seçki məntəqələrinin siyahısı açıqlanıb
Mərkəzi Seçki Komissiyası Azərbaycanda aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərinin müşahidəsi üçün veb-kamera quraşdırılması nəzərdə tutulan seçki məntəqələrinin siyahısını
açıqlayıb.
Meydan TV xəbər verir ki, kameralar 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində quraşdırılacaq.
Ermənistan tərəfindən əraziləri işğal edilmiş rayonları əhatə edən 6 seçki dairəsi üzrə (120 saylı Cəbrayıl-Qubadlı, 121 saylı Laçın, 122 saylı Xankəndi, 123 saylı Kəlbəcər,124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd, 125 saylı Zəngilan-Qubadlı) veb-kameraların quraşdırılması nəzərdə tutulmayıb.
Ümumilikdə seçki məntəqələrinin sayı 5 min 641 dənədir.
Azərbaycanda növbəti prezident seçkiləri 2018-ci ilin oktyabrında keçirilməli idi. Fevralın 5-də prezident İlham Əliyevin sərəncamı ilə ölkədə aprelin 11-nə növbədənkənar prezident seçkiləri təyin edildi.
MSK prezidentliyə səkkiz nəfərin namizədliyini təsdiq edib. Onlar – hazırki prezident İlham Əliyev, Demokrat Partiyasının sədri Sərdar Cəlal oğlu Məmmədov, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Müasir Müsavat Partiyasının sədri Hafız Hacıyev və namizədliyi AXC Təşəbbüs Qrupu tərəfindən irəli sürülən Razi Nurullayevdir.
Müxalifət partiyaları seçkini boykot etdiklərini bəyan ediblər.
Bu il keçiriləcək seçki nəticəsində prezident ilk dəfə olaraq yeddi il müddətinə seçiləcək.
Martın 19-dan isə prezident seçkisinin təşviqat kampaniyası start götürüb.
Seçki qanunvericiliyinə əsasən, təşviqat kampaniyası səsvermə gününə 23 gün qalmış başlanır. Seçki gününə 1 gün qalmış, aprelin 10-u səhər saat 08.00-da təşviqat kampaniyası dayandırılacaq və həmin gün sükut günü elan ediləcək.