55 milyona başa gələn səfər

Hələ bunun bir ətək yol xərci də var

Source:
İlham Əliyev və Vasif Talıbov Naxçıvanda
İlham Əliyev və Vasif Talıbov Naxçıvanda


Hələ bunun bir ətək yol xərci də var

Azərbaycan prezidenti İlham Əliyev Mayın 16-da Naxçıvana gedib.

Ənənəvi qarşılanma mərasimi olub. Sonra ənənəvi gülqoyma, Heydər Əliyevin Naxçıvandakı abidəsi ziyarət olunub. Ənənəvi olaraq Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov abidənin ətrafında aparılan abadlıq və yenidənqurma işləri barədə məlumat

verib.

Ənənəvi olaraq da İlham Əliyev Naxçıvandan qayıtdıqdan sonra bir sıra sərəncamlar imzalayıb. Düşünürəm ki, dünyanın heç bir yerində bu sayaq siyasət yoxdur. Prezident hansı rayona səfər edirsə, oradan qayıtdıqdan sonra həmin rayonun ya “sosial iqtisadi inkişafına” yönəlik, ya yol çəkilişi, ya da hansısa müəssisənin tikintisi ilə bağlı sərəncam imzalayır. Niyə? Bu ölkənin Nazirlər Kabineti yoxdur? Bu ölkədə, regionlarda tikiləcək obyektlər, çəkiləcək yollarla bağlı plan yoxdurmu?

Niyə problemlər ölkə prezidenti rayonlara gedəndən sonra bəlli olur? Əslində, belə deyil. Bu, prezidentin saxta təbliğatına yönəlik aparılan siyasətdir. Yol infrastrukturu ilə bağlı hər il büdcədən vəsait ayrılır. Şübhəsiz ki, bu ayırma ilə bağlı qabaqcadan araşdırma aparılır, ölkənin çəkiləcək, təmir olunacaq yolları barədə informasiya toplanır, sonra da qərar verilir.

Nazirlər Kabinetinin səlahiyyətində olan pulla bağlı sərəncamı niyə prezident verməlidir? Baş nazirin sərəncamıyla yolun əyri, ya da standartlara uyğun olmayan şəkildə çəkiləcəyi qorxusu var, bəlkə…

Məqsəd prezidentin təbliğatıdır, onun işlədiyi görüntüsünü yaratmaqdır. O olmasa yol çəkilməz, o olmasa xəstəxana tikilməz, o olmasa su, qaz çəkilməz…

“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş…” vəsaitdən, 10 milyon filan iş üçün ayrılsın. Bu vəsait nəzərdə tutulub, qoy onun hara xərclənməsini aidiyyəti qurumlar həll etsin. Daha bunu da təbliğat vasitəsinə çevirmək, günlərlə telekanallarda, qəzetlərdə, saytlarda reklam etmək niyə?..

Qayıdaq Naxçıvana. Dövlət büdcəsindən hər il Naxçıvana böyük dotasiya ayrılır. Məsələn, 2018-ci ildə bu dotasiyanın məbləği 281 milyon 900 min manatdır. O vəsaitin nə qədər əsaslı olub-olmamasını iqtisadçılar dartışa bilər, ancaq bir səfər sonrası bir regiona birdən-birə 55 milyon manat ayrılması büdcə talançılığı deyilmi? Üstəlik, bu vəsaitin 10 milyon manatı “sosial-iqtisadi inkişaf” üçün ayrılıb, həm də prezidentin ehtiyat fondundan; elə beləcə, şəxsi vəsait kimi…

Sosial iqtisadi inkişaf dedikdə isə ilk yada düşən regionlarda Heydər Əliyevin heykəli, bu heykəllər ətrafında aparılan “abadlıq və yenidənqurma” işləridir…

Bir neçə nümunəyə baxaq:

2017-ci il yanvarın 11-də də İlham Əliyev Naxçıvana səfər etmişdi və həmin səfər də Heydər Əliyevin heykəlini ziyarətlə başlamışdı və həmin ziyarət zamanı da Vasif Talıbov “abidənin ətrafında aparılan abadlıq və yenidənqurma işləri barədə” məlumat

vermişdi.

2015-ci il dekabrın 1-də də İlham Əliyev Naxçıvanda olub və yenə Heydər Əliyevin heykəlini ziyarət edib, Vasif Talıbov da ənənəyə uyğun olaraq “abidənin ətrafında aparılan abadlıq və yenidənqurma işləri barədə” prezidentə məlumat

verib.

2014-cü il aprelin 7-də İlham Əliyev Naxçıvanda səfərdə olub. Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki heykəlini ziyarət edib, abidənin önünə gül qoyub. Vasif Talıbov da öz növbəsində “abidənin ətrafında aparılan abadlıq və yenidənqurma işləri barədə” prezidentə məlumat

verib.

Maraqlıdır ki, 2012-ci il mayın 30-da İlham Əliyevin Naxçıvan səfərində ənənədən kənaraçıxmalar olub. Ənənəvi olaraq Heydər Əliyevin abidəsi ziyarət olunsa da, “abidənin ətrafında aparılan abadlıq və yenidənqurma işləri barədə” heç bir məlumat

verilməyib

.

Bundan qabaqkı illərdə də bu ənənə olub. Bir heykəl ətrafında nə qədər “abadlıq və yenidənqurma” işləri aparıla bilər. Eyni yerdə eyni işi illərlə davam etdirmək və bunu “sosial-iqtisadi inkişaf” adlandırmaq bezdirici deyil?

Adam icra başçılarının “abadlıq və yenidənqurma” fantaziyasına heyranlığını gizlədə bilmir; elə İlham Əliyevin icra başçısı seçiminə də…

P.S. İlham Əliyev YAP-ın 50 otaqlı yeni inzibati binasının açılışını bildirən qırmızı lenti kəsib. Yəqin bu binanın tikintisi də “sosial-iqtisadi inkişaf” adına yazılacaq…

Ana səhifəAnalitika55 milyona başa gələn səfər