Fariz Rzayev: “Onlarla bağlanan əmək müqaviləsinə xitam veriləcək”
“Azərbaycanın müxtəlif bölgələrində təhsil sənədi dövlət nümunəli olmayan 600-dək müəllim aşkarlanıb”, – Təhsil Nazirliyinin Aparat rəhbəri Fariz Rzayev APA-ya belə deyib.
Fariz Rzayev bildirib ki, Təhsil Nazirliyi Azərbaycanda saxta və yaxud ixtisasına uyğun olmayan sənədlə işləyən müəllimlərin aşkarlanması istiqamətində araşdırma aparır.
“2015-ci ilin sentyabrında respublikanın müxtəlif şəhər və rayonlarında müəllim vəzifəsində çalışan, təhsil sənədi dövlət nümunəli olmayan 600-ə yaxın müəllim aşkarlanıb.Onlarla bağlanmış əmək müqavilələrinə əmək qanunvericiliyinin tələbləri gözlənilməklə xitam verilməsi tapşırılıb”.
Fariz Rzayev bildirib ki, 2016-cı ilin sonunda respublikanın 26 şəhər və rayonunda çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılarkən müəllimlərin təhsil sənədləri yoxlanılıb:
“500-ə yaxın müəllimin təhsil sənədinin dövlət nümunəli olmadığı məlum olub. Müvafiq tədbirlərin həyata keçirilməsi istiqamətində hazırlıq işləri aparılır”.