MTRŞ hər kanala 600 min manat ayrılması ilə bağlı qərar qəbul edib
Azərbaycanda 5 özəl televiziyanın hər birinə 600 min manat ayrılıb.
“Report” yazır ki, qərar fevralın 5-də Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclasında qəbul olunub.
Bildirlir ki, Azərbaycanda özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Prezidentinin yanvarın 17-də imzaladığı sərəncama əsasən, Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Milli Televiziya və Radio Şurasına ayrılmış 3.0 (üç) milyon manat vəsaitdən hər bir özəl ümumrespublika televiziya yayımçısına (“Lider TV”, “Xəzər TV”, “ATV”, “ARB 24” MMC, “Space TV”) 600 000 (altı yüz min) manat ayrılması barədə qərar qəbul edilib.
Prezident İlham Əliyev də Azərbaycanda fəaliyyət göstərən ümumölkə teleradio yayımçılarının xarici ölkələrdə yayımının təşkilinə dövlət dəstəyi verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumölkə teleradio yayımçılarının peyk vasitəsilə xarici ölkələrdə yayımını təşkil etmək üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinə 2 milyon manat ayrılıb.
Məsələni şərh edən telejurnalist, professor Qulu Məhərrəmli Meydan TV-yə deyib ki, demokratik ölkələrdə belə ənənə yoxdur. Azərbaycan kimi ölkələrdə isə dövlətin özəl televiziyalara maliyyə ayırması heyrətlə qarşılanmır. Çünki özəl kanalların hardan maliyyələşməsi bəlli deyil, reklam bazarı da çox məhduddur.
Qulu Məhərrəm deyir ki, ayrılan 600 min manat televiziyaların texniki problemlərini, peykdə yayınlama borclarının ödənməsi, rabitə xərcləri üçündür:
“Məncə, pis addım da deyil. Amma özəl televiziyaların verilişlərinin məzmunu çox aşağıdır və bu, maliyyə ilə bağlı deyil. Sadəcə, həmin kanallarda peşəkarlıq səviyyəsi aşağıdır, mövzu məhdudluğu var, sərbəstlik azdır, müstəqilliyik isə yoxdur. Ümumiyyətlə, Azərbaycanda televiziya məsələsinə yenidən baxılmalıdır, özəl, ictimai, dövlət televiziyaları qanuna uyğun şəkildə fəaliyyət göstərməlidir, yayım prinsiplərinə əməl olunmalıdır. Çünki Azərbaycan televiziyalarında problemlər bu məsələdən qaynaqlanır”.
O, xarici ölkələrdə dövlətin telekanallara maliyyə ayırmadığını vurğulayır. Xarici ölkələrdə telekanallar müəyyən təşkilatların müxtəlif formalarda elan etdikləri qrant layihələrini qazana bilərlər. Amma bu maliyyə ayrılması kimi qəbul olunmur.
Media hüququ üzrə ekspert Xalid Agaliyev isə deyib ki, Azərbaycandakı hazırkı mühitdə teleradio mediasının ayaqda qalması üçün hökumətin onlara yardım göstərməsinin alternativi yox kimi görünür.
“Medianı ayaqda saxlayan ictimai maraqlara cavab verən məzmun və bu məzmunun gətirdiyi reklam gəlirləri olmalıdır. Azərbaycanın bugünkü teleradio mediası bunlardan məhrumdur. İstər özəl, istərsə də dövlət nəzarətində olan kanallar aşağı-yuxarı hökumət qurumlarının, bir az da hökumətə bağlı iri biznes qurumlarının mətbuat xidməti rolunu oynayır. Mühit elədir ki, buna məhkumdurlar. Hökumətin cızdığı çərçivədən çıxmaq istəyən telekanal və ya radio sabah mövcud olmayacaq. Vicdanlı çalışmadan əldə ediləcək böyük reklam gəlirlərindən də məhrumdurlar, çünki azad, ictimai maraqlara cavab verən məzmun yaratmaq imkanına sahib deyillər,” – hüquqşünas deyib.
Azərbaycanda özəl teleradio mediasının 20-dən artıq yaşının olduğunu deyən X.Ağaliyev vurğulayıb ki, bu müddətdə dövlət həmin yayım vasitələrini ya birbaşa, ya da dolayısı ilə maliyyələşdirib.
“Bu gün də teleradio mediası hökumətin ayırdığı maliyyədən asılıdrsa, bu, ölkədə azad, müstəqil medianın var olması üçün mühitin yoxluğunu təsdiqləyir. Olsaydı, bu medialar ilk növbədə özləri özlərini saxlaya bilərdilər”, – deyən ekspertə görə, ən doğrusu o olardı ki, hökumət media siyasətini dəyişsin:
“Medianın fəaliyyəti üçün əlverişli şərait yaratmaq lazımdır. Belə şərait var olanda nə hökumətin büdcədən yardım ayırmasına, nə də medianın həmin vəsaitlərə ehtiyacı olacaq”.