“5-ci kolon”

Kremlin işğalçı planlarından sığortalanma

Source:

Son illərdə Azərbaycan hakimiyyətinin nümayəndələrinin dilindən “5-ci kolon” ifadəsi düşmür, ölkədə Avropa və ABŞ sivil toplum quruluşları, “beyin mərkəzləri”, donorları ilə əlaqələri, müəyyən layihələri olan bütün insanlara bu damğanı – “5-ci kolon” damğasını vururlar. Əslində, ilk baxışdan cəmiyyəti çaşdırmaq, müəyyən fikir yaratmaq üçün bu terminin işlədilməsi, sivil toplum nümayəndələrinin belə damğalanması cəmiyyətdə də fikir çaşqınlığının yaranmasına səbəb olur, bəzən insanlar hökumətin atdığı repressiv addımlara məhz “5-ci kolon” hekayəsinə görə haqq qazandırırlar.

“5-ci kolon” ifadəsinin yaranma tarixi çox maraqlıdır. 20-ci əsrin 30-cu illərində İspaniyada vətəndaş müharibəsi gedirdi, general Frankonun orduları ilə SSRİ-nin də dəstəklədiyi sol-kommunist qruplar, anarxistlər, bir də respublikaçılar İspanıyada döyüşürdülər. 1936-ci ilin oktyabr ayında Diktator Frankonun generalı Emilio Mola Madridi mühasiriyə alır və şəhərə hücüm planlaşdırılır. General Mola radio ilə Madrid əhalisinə müraciət edir, müqavimətin ağılsızlıq olacağını, çoxlu sayda insan itgisinin qaçınılmaz olduğunu söyləyir. Çıxışı zamanı deyir ki, onun komandanlığı altında olan 4 ordu birləşməsindən, kolonundan başqa, Madridin içində də onların öz adamları – “5-ci kolonları” var (ispanca – quinta columna). Madrid əhalisinə çıxışı zamanı xəbərdarlıq edir ki, şəhərə 4 ordu kolonu ilə hücuma keçəndə, içəridə olan Franko tərəfdarları – “5-ci kolon” həmən hərəkətə keçəcək, şəhərə ordunun girməsi üçün şərait yaradacaq, bu da Madriddə müqavimək göstərən “xalq ordusunun” məğlubiyyətini qaçınılmaz edəcək, ciddi itgilərlə üzləşəcəklər.

Madrid əhalisi də bilirdi ki, şəhərdə keçmiş polis, məmur, zadəgan nümayəndələri olan çoxlu Franko tərəfdarları var və həllədici anda onlar içəridən Frankoya şəhəri təslim etmək üçün əllərindən gələn hər şeyi edəcəklər.

Bu ifadə populyarlığını isə həmin hadisələri təsvir edən 1938-ci ildə məşhur Ernesto Heminqueyin tərəfindən yazılmış “5-ci kolon” əsərindən sonra qazandı.

İfadənin yaranma tarixindən də göründüyü kimi, məğzi düşmən, işğala hazırlaşan qüvvələrə daxildən kömək etmək məsələsidir. Gəlin, Azərbaycanda bu ifadənin hansı kontekstdə işlədilməsinin yerinə düşə biləcəyi haqqında düşünək.

Ölkəmizin idarəetmə sistemində açar postları tutmuş insanların avtobioqrafiyasına nəzər salsaq görərik ki, böyük əksəriyyətinin təhsili, formalaşması, karyeralarının başlanması məhz SSRİ-sovet dövrünə düşüb. Nazirlər Kabinetində təmsil olunanların 90%-dən çoxu məhz “sovet” məhsuludur. Prezident aparatında da vəziyyət fərqli deyil, bu insanların dəyərlərinin formalaşması məhz SSRİ ilə, sovet düşüncəsi, Kreml yanaşması ilə bağlıdır. Onlar, məhz elə o Madriddə olan Franko tərəfdarları kimi, içəridə hələ də SSRİ-nin xiffətini çəkirlər, Moskva ilə, Kreml ilə sıx başlantıları olub və var, şərait yetişəndə məhz onlar Kreml üçün, xarici müdaxilə zamanı “5-ci kolon” rolunu oynaya bilərlər. Çünki, coğrafiyamıza, Şimal qonşumuzun son illərdə artan imperiya ambisiyalarını, işğalçılıq iştahını gördükdə, məhz Rusiyanın bizim dövlət müstəqiliyimizə ciddi təhdid ola biləcəyini açıq-aşkar görmək mümkündür. 2008-ci ildə Gürcüstanda, son il isə Ukraynada baş verənlər həmin ölkədə Rusiyanın “5-ci kolonunun” ciddi dəstəyi ilə mümkün oldu. Ukrayna ordusunda yüksək vəzifəli, yaşlı zabitlərin əksəriyyəti Kremlin agenturasında olması, onlarla sıx iş birliyində hərəkət etməsi üzə çıxdı. Rusiyanın Ukraynada Krımı işğal etməsi, Şərqi Ukraynada separatist bölgələrin yaradılmasına nail olması, həm də illərdir Ukraynada formalaşdırdığı “5-ci kolonun” köməyi və dəstəyi olmadan, məncə, mümkün olmazdı.

Hökumətin sivil topluma və müxalif qüvvələrə yönəlik “Qərbin 5-ci kolonu” ifadəsi, bu anlamda absurd səslənir. Nə ABŞ, nə də Avropa ölkələrindən hər hansı birisi Azərbaycanı işğal etməklə bağlı planları yoxdur, ola da bilməz, ən azından, coğrafiya var, məntiq var, bu mümkünsüzdür. ABŞ Əfqanıstana, İraqa girəndə, bəyəm, onların orada “5-ci kolonu”, və ya sivil toplumda adamları var idi? Bu ölkələrdə, ümumiyyətlə, sivil toplum yox səviyyəsində idi. Yəni, ABŞ harasa girmək istəyəndə, gedir və girir edir, orada sivil toplumda, müxalifətdə adamlarının olmasının heç bir əhəmiyyəti yoxdur. Azərbaycanla da bağlı belə bir qorxu yoxdur, Qərb dövlətlərinin bizim ərazi bütövlüyümüzə, müstəqilliyimizə, dövlətçiliyimizə təhdidi yoxdur, əksinə, məhz onların, Qərb institutlarının dəstəyi ilə biz müstəqilliyimizi qoruya, Kremlin işğalçı planlarından sığortalana bilərik.

İndi özünüz deyil, günahsız yerə, qanunsuz olaraq zindanlara doldurulmuş, hökumət tərəfindən “Qərbin 5-ci kolonu” adlandırdığı insanların müstəqilliyimizə, dövlətçiliyimizə yaratdığı təhdidlə, hakimiyyətin içində olub da, Kremllə can bağlılığı olanlarla eynidirmi? Sabah Kremlin Azərbaycanla bağlı məkrli planları olsa, içəridə olan öz “5-ci kolonu” ilə istədiyi təxribatları törədə bilər, çünki onların adamlarının əlində güc, silah, pul var. Cəmiyyətimiz məhz bu haqda düşünməli, “5-ci kolon” anlayışının kimə yaraşmasına özü qərar verməlidir.

P.S. Müsahibələrinin birində Saakaşvilidən soruşmuşdular ki, siz niyə hökumətə açar vəzifələrə 27-35 yaş arası adamları gətirirsiniz? Cavab vermişdi ki, SSRİ dövründə onlar ya baxçaya, ya da məktəbə gedirdilər, inanmıram ki, o yaşda Kreml “KQB”-si onları öz agentinə çevirə bilərdi…

Ana səhifəMənim Fikrimcə“5-ci kolon”