Gürcüstanda itkin düşən Aytac Məmmədovanın cəsədi təsadüfən tapılıb

Tbilisi, Kür. Foto: Meydan TV

Siyasətçi Əhməd İmamquliyev 21 yaşlı qızın axtarış prosesi ilə bağlı dövlət qurumlarını, eləcə də azərbaycanlı millət vəkillərini tənqid edib

Aprelin 1-də itkin düşən Gürcüstanın Qardabani rayonu Kosalı kəndindən olan 21 yaşlı Aytac Məmmədovanın cəsədi mayın 14-də Kür çayında təsadüfən tapılıb.

Kür çayının sol sahilində avtomobilin çaya düşməsindən sonra xilasedicilər axtarış zamanı qadın cəsədi də aşkar ediblər. Ekspertiza rəyinə görə, cəsəd 44 gün əvvəl yoxa çıxan Aytac Məmmədovaya məxsus olub.

Aytac Məmmədovanın anasına mayın 14-də polisdən zəng gəlib və ona qızının meyitinin tapıldığını bildiriblər. Tanınması üçün çağırıldıqdan sonra anası Aytac Məmmədovanın şəxsiyyətini müəyyənləşdirib.

Aytac Məmmədovanın axtarışları aprelin 1-dən aparılsa da, ailə üzvləri dövlət qurumlarının xilasedici qruplarının işindən dəfələrlə narazılıqlarını bildiriblər. Hətta xilasedici qrupla yanaşı Aytac Məmmədovanın yaxınları da Kür çayına düşərək, axtarış işlərində iştirak ediblər.

9 may tarixində “Marneuli” radiosuna danışan Aytacın dayısı Rəsul Ömərov bildirib ki, dövlət orqanları tərəfindən axtarışlarla bağlı heç bir fəaliyyət müşahidə edilmir:

“Biz hələ də Kür çayında qızımızı axtarırıq. Bütün işləri öz imkanlarımızla görürük. Dövlət isə heç bir şəkildə bu prosesə dəstək vermir”, – deyə Rəsul Ömərov bildirib.

Ailə üzvləri hər gün çayın sahilinə gedir, plastik butulkalardan və kabeldən hazırlanmış primitiv tərzdə “üzən vasitə” ilə Kürə girərək Aytacın axtarışını aparırdılar.

15 aprel tarixində Fövqəladə Halların İdarə Olunması Xidməti bəyan edib ki, Kür çayında gündəlik monitorinq aparılır, prosesə dalğıclar və xüsusi texnika cəlb olunub. Lakin ailə bunu reallıqda görmədiklərini bildirirdi.

“Dövlət sadəcə gözləyir ki, biz pullu qayıqlar icarəyə götürək – bizim isə buna imkanımız yoxdur,” – Rəsul Ömərov bildirmişdi.

Ailəsinin dediyinə görə, Aytac dostunun ad gününü qeyd etməyə gedib və bundan sonra “Sülh körpüsü” ətrafında, Kürün sahilində yoxa çıxıb. Dayısının sözlərinə görə, polis ailə üzvlərinə bildirib ki, videoda qızın çaya düşdüyü əks olunub, lakin video yaxınlarına göstərilməyib. Elə həmin ərazidə Aytacın şəxsi əşyaları – ayaqqabısı, çantası və mobil telefonu tapılıb.

Mayın 14-də Kür çayının sol sahilində avtomobil digər avtomobillə toqquşaraq aşıb. Avtomobildə dörd sərnişin olub. Avtomobil aşandan sonra 1 nəfər xilasedicilərin köməkliyi ilə çaydan çıxa bilib. Digər 2 nəfəri xilasedicilər səhər saatlarında tapıblar. Bir nəfərin isə axtarışları davam edir.

Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, xilasetmə əməliyyatları çərçivəsində Kür çayının məcrasında suyun səviyyəsi azaldılıb. Məhz bu hadisədən sonra başlayan axtarış-xilasetmə əməliyyatı zamanı Kür çayı üzərində yerləşən Ortaçala Su Elektrik Stansiyasının yaxınlığında Aytac Məmmədovanın cəsədi aşkar edilib.

Aytac Məmmədova Tbilisi Dövlət Universitetinin ikinci kurs tələbəsi olub. Dostu ilə son danışığı ad gününə getməsindən öncə olub. Ad günündən sonra isə anası ilə telefonla danışıb, bundan sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.

Aytac Məmmədova yoxa çıxandan sonra Daxili İşlər Nazirliyi faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 115-ci (özünü öldürmə həddinə çatdırma və ya intihara cəhd) maddəsi ilə araşdırma aparıldığı barədə məlumat yaymışdı.

Baş vermiş hadisə ilə bağlı Gürcüstanda yaşayan ictimai fəallar da öz sosial şəbəkə hesablarında rəy bildiriblər.

Məsələ ilə bağlı hüquq müdafiəçisi və ictimai fəal Samirə Bayramova “Facebook”da paylaşım edərək baş verənlərin utancverici olduğunu bildirib.

“Aytac Məmmədovanın ailəsi bu müddət ərzində itkin düşən qızlarının axtarışını əsasən öz imkanları ilə həyata keçiriblər. İndi bu, utanverici deyilmi?! Bu günə qədər Aytacın yaxınları qızı öz imkanları ilə Kür çayında axtarırdılar, DİN isə laqeydlikdə günahlandırılırdı. Tbilisidə, Kür çayına düşmüş avtomobil və onun sərnişinlərinin axtarışı zamanı, 40 gündür itkin olan Aytac Məmmədovanın cəsədi təsadüfən tapılıb”, – deyə Bayramova qeyd edib.

Siyasətçi Əhməd İmamquliyev 21 yaşlı Aytac Məmmədovanın itkin düşməsi və sonrakı axtarış prosesi ilə bağlı dövlət qurumlarını, eləcə də azərbaycanlı millət vəkillərini tənqid edib.

“Aprelin 1-də (45 günüydü) itkin düşmüş 21 yaşlı Aytac Məmmədovanın axtarışını 1-2 gün sonra dayandıran hakimiyyət Kür çayına düşən avtomobilin içindəkiləri axtarmaq üçün dünən (14 may) suyun səviyyəsini azaltdıqda təsadüfən Aytacın nəşini tapdılar. Allah Aytac balaya rəhmət eləsin, ailəsinə və yaxınlarına səbr versin. Amma və lakin illərdir sizlərə dediyimi bir daha demək istəyirəm – ölkədə ikili standart var! Buradan dərs çıxartmağınızı istəyirəm, sizlərdən xahiş edirəm, gələcəkdə seçkilərə gedərkən kimə və nə üçün səs verdiyinizi dərk etmədən səs verməyin. Aytacın axtarışında məsul şəxslər qədər, bizim millətdən olan parlamentdə oturan marionet kuklalar və millət vəkilləri Savalan Mirzoev və Zaur Darğallı da günahkardırlar”, – deyə Ə. İmamquliyev qeyd edib.

Ana səhifəXəbərlərGürcüstanda itkin düşən Aytac Məmmədovanın cəsədi təsadüfən tapılıb