4 rayonun icra nümayəndələri ilə bağlı cinayət işi açılıb

“Ərzaq paylarını özünün və müavini Rəşad Seyfullayevin yaxın qohumlarına, o cümlədən kəndin imkanlı şəxslərinə paylamasına dair əsaslı şübhələr üzə çıxıb”, – məlumatda deyilir.

Source:


İcra nümayəndələri aztəminatlı ailələrə ayrılmış yardımları mənimsəməkdə şübhəli bilinirlər

Bir neçə rayon icra hakimiyyəti başçılarının inzibati ərazi nümayəndəliklərinin vəzifəli şəxsləri barəsində cinayət işi açılıb. İttihama görə, səbəb karantin rejimi qaydalarını pozmaları və aztəminatlı ailələrə ayrılmış ərzaq yardımının paylanmasında yol verdikləri qanunsuzluqdur.

Həmin rayonlar Masallı, Quba, Cəlilabad və Zərdabdır.

Baş Prokurorluğun yaydığı məlumatda deyilir ki, araşdırma zamanı Masallı Rayon İcra Hakimiyyəti başçısının Ərkivan qəsəbəsi üzrə nümayəndəsi İsrail Tağıyevin vəzifə saxtakarlığı etdiyinə dair şübhələr yaranıb:

“Onun aprelin 1-dən 29-dək xüsusi karantin rejimi qaydalarını pozduğu, sərbəst hərəkət etmək istəyən 74 nəfərə qanunsuz arayışlar verdiyi ilə bağlı əsaslar müəyyənləşib”.

Quba Rayon İcra Hakimiyyəti başçısının Vladimirovka kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi İslam Abayev barəsində olan şikayətlər də oxşardır. Onun vəzifə saxtakarlığı edərək, ayrı-ayrı şəxslərə Qusar rayonuna getmələrinə dair qanunsuz arayışlar verməsinə dair şübhələr var:

“Bundan başqa, Cəlilabad rayon İcra Hakimiyyəti başçısının Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bağır Şirəliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Heydər Əliyev Fondu tərəfindən aprelin 23-də imkansız ailələrə göndərilmiş ərzaq yardımının paylanması zamanı neqativ hallara yol verdiyi ilə bağlı məlumatlar var. Ərzaq paylarını özünün və müavini Rəşad Seyfullayevin yaxın qohumlarına, o cümlədən kəndin imkanlı şəxslərinə paylamasına dair əsaslı şübhələr üzə çıxıb”, – məlumatda deyilir.

Daha bir araşdırma Zərdab Rayon İcra Hakimiyyəti başçısının Məmmədqasımlı kənd inzibatı ərazi dairəsi üzrə nümayəndəsinin müavini Mətaf Mikayılov barəsində aparılıb. Prokurorluq deyir ki, onun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Heydər Əliyev Fondu tərəfindən aprelin 23-də göndərilmiş ərzaq yardımını imkansız ailələrə deyil, yaxın qohumları və kəndin imkanlı şəxslərinə paylamasına əsaslı şübhələr müəyyənləşib:

“Həmin şəxslər müvafiq rayon icra hakimiyyəti başçılarının əmrləri ilə tutduqları vəzifədən azad ediliblər. Toplanmış materiallar üzrə Masallı, Quba, Cəlilabad və Zərdab rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işləri başlanıb. Hazırda həmin işlər üzrə təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Sonda prokurorluq bildirir ki, belə hallarla üzləşən vətəndaşlar “961” nömrəli “Çağrı Mərkəzi”nə məlumat verə bilərlər.

Ana səhifəSiyasət4 rayonun icra nümayəndələri ilə bağlı cinayət işi açılıb