4 körpənin ölümünə səbəb olan yanğına görə 3 nəfər cinayət məsuliyyətinə cəlb olunub

Perinatal Mərkəz. Foto: sosial şəbəkə

Onlar haqqında istintaq dövrü üçün ev dustaqlığı qətimkan tədbiri seçilib

Yanvarın 9-da Respublika Perinatal Mərkəzində 4 körpənin ölümünə səbəb olan yanğına görə 3 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Bunlar Mərkəzin direktoru Mehriban Abbasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlidir.

Mehriban Abbasquliyevaya Cinayət Məcəlləsinin 314.3 (səhlənkarlıq – iki və daha çox şəxsin ölümünə səbəb olduqda), Hamlet Mustafayev və Elnur Əhmədliyə isə 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma – iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə ittihamlar irəli sürülüb.

Onların üçünün də haqqında istintaq dövrü üçün ev dustaqlığı qətimkan tədbiri seçilib.

Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Baş Prokurorluq. Foto: Meydan TV

Məlumatda bildirilir ki, ilkin istintaq nəticəsində xəstəxanada yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi işinin düzgün təşkil olunmadığı, yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında tibbi avadanlıqların düzgün istismar olunmadığı, normadan artıq tibbi avadanlıqların istifadə edildiyi, həmçinin elektrik qidalandırıcılarda yaranmış nasazlığın vaxtında aradan qaldırılmadığı üzə çıxıb.

Mehriban Abbasquliyevaya da buna görə səhlənkarlıq ittihamı verilib.

Şöbə müdirləri isə xəstəxanada standartlara uyğun olmayan elektrik cihazlarından istifadə olunması, elektrik xətlərinin gücü və dözümlülüyü nəzərə alınmadan çoxsaylı tibbi avadanlıqların davamlı və nizamsız şəkildə palatalarda yerləşdirilməsi və istismarına görə cinayət məsuliyyətinə cəlb olunub.

“Bunların nəticəsində infant inkubator körpə küvezi və yeni doğulmuş körpələrin müalicəsi üçün nəzərdə tutulmuş digər tibbi avadanlıqlarından təhlükəli şəkildə və standartlara uyğun olmadan istifadə edilib. Yanğın xəbərdarlığı vasitələri işlək vəziyyətdə olmayıb. Elektrik xətlərində baş vermiş normadan artıq yüklənmədən törəyən yanğın otağa yayılıb, bununla da, 4 körpə ölüb, müəssisəyə ciddi əmlak ziyanı dəyib”, – Baş Prokurorluğun məlumatında belə deyilir.

Mehriban Abbasquliyeva. Foto: “Facebook”un YAP səhifəsi

Bu cinayət işi üzrə araşdırmalar Baş Prokurorluğun İstintaq İdarəsində aparılır.

Mərkəzin direktoru Mehriban Abbasquliyeva 1998-2000-ci illərdə 3 saylı Şəhər Klinik Xəstəxanasında baş həkimin müavini olub. O, 2000-ci ildə Sabunçu rayonundakı 2 saylı Doğum evinin baş həkimi təyin edilib və uzun illər bu vəzifədə işləyib. Respublika Perinatal Mərkəzinə isə bir il öncə –  2022-ci ilin dekabrında direktor təyin olunmuşdu.

Ana səhifəSosial4 körpənin ölümünə səbəb olan yanğına görə 3 nəfər cinayət məsuliyyətinə cəlb olunub