4 günün gündəliyi

Humanistlərin militaristə çevrilməsi…

Source:
Zaur Qurbanlı –
Zaur Qurbanlı –
Zaur Qurbanlı – Banner
Zaur Qurbanlı – Banner

Bunları məhz yazıda qeyd etdiyim vaxtlarda yazmışam. Redaktəsiz paylaşıram.

02 Aprel

Səhər. Hamı həyəcanlıdır. Ard-arda videolar paylaşılır. Dezo olub-olmaması əhəmiyyət kəsb etmir. Hər kəs görmək istədiyinə daha çox uyğun olanı paylaşır.

Günorta. Bütün facebook ana səhifəm, demək olar ki, yalnız döyüşlər barədə məlumatlarla və ya dezinformasiya ilə doludur. Humanist və pasifist mövqeyi ilə tanınan adamlar, hələ ki, dözürlər.

Günortadan sonra. Saytlar 90-cı illərin əvvəlinə aid və hazırkı döyüşə aidiyyatı olmayan fotoları yayır, qarşı tərəfi vəhşilikdə ittiham edir. Bir neçə ay əvvəlki kimi yenə də saytlar rayonları “geri qaytarır”. Əvvəl camaat buna real yanaşmasa da, sonra inanmağa meyl etdilər. Çünki eşitmək, görmək istədiklərinin reallıq olduğunu arzulayır, arzularının arxasınca gedirdilər.

Əvvəl gedə bilmirdilər, çünki o zaman kütlə psixologiyası daha zəif idi, əsaslandırılmamış bir şey yazanda bunu “mən istəyirəm ki, reallıq belə olsun” deyib əsaslandırmaq olmurdu. “Mən istəyirəm ki, reallıq belə olsun” cümləsi heç indi də əsasandırma deyil. İndi o, səbəbdir, açıq əsaslandırma isə, “hər kəs yazır”, “vətənpərvərlik”, “vətən həqiqətdən də üstündür” kimi kütləvi qəbul olunan propaqandadır.

Və artıq arzuladıqlarını yazı, xəbər, link şəklində görmək istəyənlər o qədər çoxalıb ki, dezinformasiyalara tələbat yaranıb. Təbii ki, onda da təklif dərhal gəlir. Çox az adam fikirləşir ki, bu dezinformasiyanın yayılmasına səbəb onu tələb etməkləridir.

Axşam. Qarşılıqlı söyüşmə gedir. Sosial şəbəkələrdə “gülləbarandır”. Söhbətə qoşulmayanlar öz vicdanlarından utanırlar, özlərini söhbətə qoşulmaq məcburiyyətində hiss edirlər. Pasifizmdən ağızdolusu danışan bir qrup insan təslim olur artıq. Eyni zamanda bu təslimçiliyi alçalma kimi qəbul etdiklərindən, onlar kimi təslim olmayanları ittiham edirlər. Məntiq sadədir: əgər onlardan yuxarıda kimsə qalmasa, aşağılandıqları görsənməyəcək.

03 Aprel

Səhər. Atışma səngidiyindən, kütlə bir az çaşıb, onlar daha çox tələb edirlər. Qarşı tərəfin meyitlərinin sayını şişirdirlər ki, bu ehtiyacları ödənsin.

Günorta. Susdurmağa erməni tapmayanlar, bu qazla girib sosial şəbəkədə öz dostları arasında hədəf axtarırlar. Daha pis yazan, daha az yazan, yaxud bu barədə yazmayanlar sorğu-suala çəkilir, qınanır. Bir ara hətta profilinə matəm lenti qoyanları da qınadılar ki, erməniləri sevindirməyək, matəm-zad nədir, kef eləyin. Söhbət qızışdıqca “niyə mənim qədər radikal yazmırsan?” iddiasına qədər gedir söhbət.

Kütlə elə bir transa girib ki, sosial şəbəkədə yox, real olaraq, bir-birlərinin yanında olsalar, sakit azlığı didib parçalayarlar. Təslim olmuş “pasifistlər” isə təslim olmayanları artıq təhqir edirlər, onları “bu tərəfə” keçməyə çağırırlar. Hətta bəziləri döyüşlərdən, demək olar ki, heç nə paylaşmayıb, sadəcə kütlə psixologiyasına təslim olmayanları söyüb-batırmaqla məşğuldur.

Axşam.

Artıq inbox-da tələb olunur ki, “susma, yaz”.

04 Aprel

Günorta. Nəhayət ki, bu mövqe də ifadə olundu. Panama Papers mövzusunda şərh yazıldı ki, “bir rayonu qaytar, yediklərin halal-xoşun olsun”. Bir azdan – hər şey səngiyəndə bu müharibə təbliğatı xorunda səs-səsə verənlərin bir hissəsi qışqır-bağır salacaq ki, biz bunu istəmirdik, korrupsiya öz yerində, vətən, müharibə, sakarya da öz yerində. Amma onların səsi “yediklərini halal edən” çoxluğun millətçi komfortu içində itib-batacaq, həm də heç bir rayon qayıtmadan.

Stefan Sveyqin kitabında I Dünya Müharibəsi dövründə millətçi olmayan, anti-militarist azlığın halına acıyan intellektuallarımızın əksəriyyəti səs-səsə veriblər, humanizmi söyürlər. “Vətəni sevmək faşistlikdirsə, mən faşistəm” yazırdılar. Ona yox, faşizm əleyhinə danışanlara irad bildirir intellektuallarımız…

İnsanlar sadəcə dəli olub. Hamı eyni şeyi qışqırır. İstisnalar görünməz olub. Rənglərlə ifadə eləsək, istisnaların facebook-da yazdıqları bozun içində göy qurşağına oxşayır. Amma insanlar kor olub. Kütlə bozluqda boğulur, amma boğula-boğula, ağzında köpük, qıp-qırmızı sifətlə eyni şeyi qışqırır: “MÜHARİBƏ, ÖLÜM”.

Heç biri də ölmək istəmir. Ölümə oxuya-oxuya gedən əsgərləri, 18 yaşlı uşaqları heç nə uğrunda ölməyə səsləyir, ölüm yolunda onlara uğur diləyirlər. 5 gün qabaq insanın nəinki təməl, hətta törəmə hüquqlarını müdafiə etmək uğrunda başqaları ilə söyüşən “humanistlər” indi bu əsgərlərin yaşamaq hüququnu tanımırlar. O maşından bir əsgər düşüb qaçsa, desə ki, “mən ölmək istəmirəm”, onu söyərlər, döyərlər, daşa basarlar, öldürməsələr və ya ölkədən qovmasalar, əl çəkməzlər.

Xüsusən də, intellektuallar. Çünki onlar özlərini həmin əsgərlədən, onlardan az kitab oxuyan uşaqlardan daha lazımlı hesab edirlər. …Susduğuma görə utanıram.

05 Aprel

Səhər. Faşizm sürətlə artır. Döyüşlər səngimək istəyəndə facebook-da dərhal söyməyə, ittiham etməyə adam axtarırlar. Kütlədən nə qədər fərqli adamsansa, hədəfə bir o qədər tez gəlirsən. Yeganə yol susmaqdır. Susanda da tələb edirlər ki, danış, amma bunu tələb edən azdır. Facebook-da susanın arqumentləri olar bilər ki, “işim var idi”, “facebook-a girməmişdim” və s…

Amma yazan, sadəcə onlar istədiyi kimi yazmayan adam “qələt eləyir”. Mübariz İbrahimovu tərifləyənlərə qarşı hücum edənlər, cəbhəni keçib erməniləri qəfil qıran adamı qınayanlar bu gün ermənilərə “dığa” deyir. Məhz “dığa” yazanı gördüm yəni.

Günorta. Reklamlar bitdi, atəşkəsə davam… Dayandı. Necə səbəbsiz başlamış görünürdüsə, eləcə də səbəbsiz dayandı. Torpaqlarımızın 1%-i işğaldan azad olundu. Amma 40 nəfərdən (bəzi statistikalarda 60) başqa Azərbaycan tərəfi nələr itirdi, nələr…

Atəşkəs elan olunan kimi camaat başladı Panama Papers-dən yazmağa. Düz  iki gündür, dünya mediası bundan danışır, bizimkilərin vecinə də deyil. Vecinə olanlar yazırdılar ki, “bir rayon alsın, bütün pulumuz halal-xoşu olsun”. Əslində atəşkəs olmamış bu barədə yazmayıb, atəşkəs olan kimi yazanlarla (guya bunlar dövlət marağını üstün tuturlar. Amma fikirləşmirlər ki, nədən üstün tuturlar – insan hüquqlarından, yəni dövlətin əsası olmalı olan bir şeydən) “bir rayon alsın, bütün pulumuz halal-xoşu olsun” deyənlərin hərəkətlərinin nəticəsi ciddi fərqlənmir.

Hər ikisi eyni nəticəni yaradır, sadəcə fərqli hay-küylə.

Panama Papers barədə yazan patriotların səsi eşidilməz olub. Düzdür, özləri deyib, özləri eşidirlər, amma elə məqsəd də bu idi. Əvvəl facebook-da 100 minlərin izlədiyi ictimai sektor indi özü üçün zümzümə edir. İndi nə İlqar Məmmədovu, Xədicə İsmayılı və digər siyasi məhbusları yada salan var, nə də devalvasiyadan, köçmüş iqtisadiyyatdan danışan.

Sadəcə nəhəng məyusluq var. Bu məyusluq altında yığılan enerji nə olacaq, bunu məncə heç hakimiyyət özü də bilmir…


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim Fikrimcə4 günün gündəliyi