”35 faiz işçi müqaviləsiz çalışır”

ASAN-Xidmətin qeyri-rəsmi məşğulluqla bağlı monitorinqləri davam edir

Source:
ASAN Xidmət
ASAN Xidmət


ASAN-Xidmətin qeyri-rəsmi məşğulluqla bağlı monitorinqləri davam edir

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN-Xidmət) Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı monitorinqlərinə davam edir.

Bu barədə məlumatı ASAN-Xidmət yayıb.

Bildirir ki, Mərkəz 12 səyyar monitorinq keçirib. Bu, 38 hüquqi və fiziki şəxsi əhatə edib:

“Yoxlanan 386 işçidən 250-nin müqavilə ilə, 136-nın isə müqaviləsiz işlədiyi məlum olub. Yoxlanan işçilərin 35 faizində əmək müqaviləsi və ya xidməti (mülki) müqavilə olmadan fəaliyyət aşkar edilib”.

Monitorinq nəticəsində aşkar olunan faktlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Baş Prokurorluğuna yönləndirilib.

ASAN-Xidmət yoxlamalara yeni başlayanda iqtisadçı Rövşən Ağayev Meydan TV-yə bildirmişdi ki, rəsmi statistika monitorinqin nəticələrinin əksini deyir:

“2016-cı ilin nəticəsinə görə, tikinti sektorunda çalışanların cəmi 26 faizi əmək müqaviləsi əsasında çalışıb. Rəsmi statistika tikinti sektorunda çalışanların 70 faizdən çoxunu qeyri-rəsmi məşğulluğa aid edib”.

Monitorinqlər 2017-ci il oktyabrın 9-da prezident İlham Əliyevin “Qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalamasından sonra başlayıb.

Sərəncamda qeyd edilir ki, tədbirlər planı ölkədə işəgötürən–işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və bu sahədə dövlət orqanları arasında daha səmərəli koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə təsdiq edilir.

Bu sərəncama uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart sərəncamı ilə yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası icranın gedişi barədə hər yarımildə bir dəfə prezidentə məlumat verməlidir.

Ana səhifəXəbərlər”35 faiz işçi müqaviləsiz çalışır”