33 illik “qazanc”: 1 tutulmuş göz, 1750 manatlıq borc (VİDEO)

Bu gözlər 33 il Alüminium zavodda zərərli maddələrin təsirindən  zəifləyib. İndi Telman Hacıyev bir gözünün işığı ilə yaşayır. O, Sumqayıt Alüminium zavodda fəhlə kimi işə başlayıb və  sex rəisi vəzifəsinə qədər yüksəlib. 2003-cü ildə peşə xəstəliyi ilə bağlı əlillik alıb. O vaxtdan əlilliyi ilə bağlı zavod ona təqaüd ödəyib. Amma 29 aydır ki, zavod ona ayırdığı pulun yarısını verir.

Telman Hacıyev aylıq 350 manat təqaüd almalıdır, amma zavod ona 175 manat ödəyir. Şikayətçi deyir ki, bir neçə dəfə zavodun direktoru Vidadi Məhərrəmovun qəbuluna düşmək istəyib, amma öyrənib ki, o, heç kimi qəbul etmir. Telman Hacıyevi qəbul edən direktor müavini Telman Əhmədzadə isə ona “ şikayət etmək hüququndur, hara istəyirsən şikayət et” deyib. Şikayətçi Sumqayıt şəhərində Əmək Müfəttişliyinə müraciət edib. Müfəttişlikdən cavab gəlib ki, zavod az işləyir, gəlirləri azalıb, maaşı çatdırmır, ona görə də peşə əlilliyinə görə pul çatdırmır.

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Qulu Xəlilov deyir ki, zavodun gəlirləri azaldığına görə ödənişi tam edə bilmir.

Vətəndaşların əmək hüquqları Liqasının sədri Sahib Məmmədov deyir ki, zavod peşə əlililinə ünvanlanan təqaüdü ödəmirsə, o zaman şəxs məhkəməyə müraciət etməlidir.

Telman Hacıyev bütün sağlamlığını itirdiyi iş yerindən indi yalnız bir gözünün sağ qalması üçün 1750 manat istəyir. O, ümid edir ki, 33 illik əməyinə görə zavod ona borclu olduğu pulu ödəyəcək.

Ana səhifəVideo33 illik “qazanc”: 1 tutulmuş göz, 1750 manatlıq borc (VİDEO)