33 bosniyalı Azərbaycanı Avropa Məhkəməsinə verib

Xarici ölkə vətəndaşları Azərbaycandan şikayətçidir

Source:


Xarici ölkə vətəndaşları Azərbaycandan şikayətçidir

Avropa Məhkəməsi 33 Bosniya və Hersoqovina, 3 Türkiyə, 2 Gürcüstan vətəndaşının Azərbaycana qarşı şikayətini araşdırmağa başlayıb.

“Turan” İA məhkəmənin saytına istinadən bu barədə məlumat yayıb.

Bildirilib ki, Azərbaycan dövlətindən şikayətçi olan Türkiyə vətəndaşları Sadullah Genc, Tugrul Kıraz və Saim Samur 2012-ci ildə Gəncə Dövət Universitetində təhsil alıblar.

Onlar Gəncə şəhərində dostlarının evində qonaq olarkən – namaz vaxtı polis basqınına məruz qalıblar. İbadət edən gənclərin hamısı polis idarəsinə aparılıb. 20 saata yaxın orda saxlanılan Türkiyə vətəndaşları qanunsuz dini təbliğat aparmaqda günahlandırılıblar. Məhkəmə onların hər birini 2000 manat cərimələyib və tələbələrin ölkədən deportasiya olunmasına qərar verilib.

Türkiyəli tələbələr həmin qərardan şikayət edib, deportasiya hissəsinin ləğvinə nail ola biliblər. Ancaq cərimə qərarı ləğv edilməyib.

Onlar məhkəməyə şikayətlərində Avropa Konvensiyasının 5-ci (azadlıq və toxunulmazlıq hüququ), 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 9-cu (vicdan və din azadlığı) maddələrində nəzərdə tutulan hüquqlarının pozulduğunu iddia edir, pozuntuların kompensasiya edilməsini tələb edirlər.

Eyni zamanda, Gürcüstan vətəndaşları olan Vepkhvia Sheveli və Ekaterine Shengelaya Azərbaycan dövlətinin onların Avropa Konvensiyası ilə təminat altına alınan vicdan və din azadlığı hüququna müdaxilə etdiyini deyir. Gürcüstan vətəndaşları 2010-cu ildə “Yehova Şahidləri” dini icmanın Gəncə şəhərində keçirilən toplantısının iştirakçıları olublar.

Toplantı keçirilən mənzildə polis əməliyyatı keçirilib. Şikayətçilər Gəncə Polis İdarəsinə aparılaraq, orda 12 saatdan artıq saxlanılıblar. Ardınca məhkəmə onların Azərbaycandan deportasiya edilməsinə qərar verib. Qərarla razılaşmayan Gürcüstan vətəndaşlarının yuxarı məhkəməyə şikayətləri isə rədd edilib.

Azərbaycan dövlətindən şikayətçi olan 33 Bosniya və Herseqovina vətəndaşı aldadıldıqlarını iddia edirlər. Onlar şikayətlərində bildirirlər ki, Bakıdakı məşhur “Buta Saray”, “Bakı Ekspo Mərkəzi”, “28 Mall” alış-veriş mərkəzi də daxil olmaq üzrə məşhur binaların inşa edilməsində çalışıblar.

Şikayətdə Gənclik və İdman Nazirliyinin də adı keçir, şikayətçi əcnəbilərin bəzilərinin həmin nazirliyə aid olduğu bildirilən Mingəçevir – Kür Olimpiya Mərkəzinin inşasında çalışdığı qeyd edilir.

Onlar iddia edir ki, işə götürülərkən hər saat üçün 5-7 dollar ödənilməsi, zəruri şəraitlə təmin edilmiş mənzillərdə yerləşdirilməsi razılaşdırılıb. Ancaq onlara cəmi 3-4 dollar ödənilib. Yaşayış durumu isə daha dözülməz olub – pasportları əllərindən alınmış bosniyalıların acınacaqlı şəritdə saxlandığı, hamam, tualeti olmayan yüz nəfərə qədər insanın sığdığı, sərt daxili qaydaların tətbiq edildiyi baraklara yerləşdirildiyi bildirilir.

Şikayətçilər yerli və beynəlxalq hüquq müdafiə qurumları vasitəsilə üzləşdikləri rəftarı ictimailəşdirə, məhkəməyə çıxara biliblər. Yalnız hüquq-müdafiə qurumlarının müdaxiləsindən sonra onlara cüzi miqdarda ödəniş edildiyi, pasportlarının geri verildiyi və hava limanına aparılaraq ölkələrinə göndərildiyi bildirilir.

Şikayətçiləri Avropa Məhkəməsində yerli, habelə Kanada və Böyük Britaniyadan olan vəkillər təmsil edir.

Avropa Məhkəməsi bütün şikayətlər üzrə Azərbaycan hökumətinə suallar göndərib.

Ana səhifəXəbərlər33 bosniyalı Azərbaycanı Avropa Məhkəməsinə verib