32 təşkilat Mehman Hüseynovun dərhal azad olunmasını tələb edir

32 beynəlxalq hüquq müdafiə təşkilatı Azərbaycanda həbs edilmiş bloger Mehman Hüseynovun dərhal azad edilməsini tələb edib

Source:
Bloqqer Mehman Hüseynov belə etiraz etdi
Bloqqer Mehman Hüseynov belə etiraz etdi


32 beynəlxalq hüquq müdafiə təşkilatı Azərbaycanda həbs edilmiş bloger Mehman Hüseynovun dərhal azad edilməsini tələb edib

Mətbuat Gününə həsr olunmuş birgə bəyanatda təşkilatlar qeyd edirlər ki, Mehman Hüseynovun başına gələn hadisə rəmzi xarakter daşıyır və hakimiyyətin korrupsiyanı ifşa edən və hakimiyyəti tənqid edən jurnalistlərlə necə hesablaşdığının göstəricisidir, bu barədə “Turan” məlumat yayıb.

Hüseynov polisdə işgəncələrə məruz qaldığı haqqında danışdıqdan sonra böhtan ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əvvəl o, yolda mülki geyimli şəxslər tərəfindən oğurlanmış və Nəsimi rayon polis idarəsinə aparılmışdı.

Hüseynovun bu işgəncələr haqqında danışması onun sözlərini təhqir kimi qiymətləndirən polis idarəsinin rəisinin məhkəmə iddiası qaldırması üçün əsas olub.

Hakimiyyət Hüseynovun polisdə işgəncələrə məruz qalması haqqında şikayətini araşdırmaqdan imtina edib və onun apellyasiya şikayəti təmin edilməyib.

“Mehman Hüseynovun azadlıqdan məhrum edilməsi Azərbaycan hakimiyyətinin onun tənqidi reportajlarına cavabı, bütün digər jurnalistləri hakimiyyətin və polisin sui-istifadəsi hallarının ifşasından qorxutmaq cəhdidir”, deyə bəyanatda vurğulanır.

“Dünyanın fundamental əhəmiyyətli mətbuat azadlığını qeyd etdiyi bir gündə biz Azərbaycan hakimiyyətini Mehman Hüseynovu dərhal və qeyd-şərtsiz azad etməyə və onun məruz qaldığı işgəncələrə və digər amansız rəftarlara görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb etməyə çağırırıq”, deyə “Amnesty İnternational”, “Article 19”, “Human Rights Watch”, “IFEX”, İşgəncələr Əleyhinə Dünya Komitəsi, Sərhədsiz Reportyorlar, Amerika PEN klubu, Jurnalistləri Müdafiə Komitəsi, İnsan Hüquqları Evi və digər təşkilatların imzaladığı bəyanatda deyilir.

Ana səhifəXəbərlər32 təşkilat Mehman Hüseynovun dərhal azad olunmasını tələb edir