Yanvarın 10-da Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, “Məzarlıqlar haqqında” qanun layihəsi ilə bağlı müvafiq qurumlardan razılıq alınıb və bütün məsələlər həllini tapıb.
Deputat qeyd edib ki, “Bir məzarın qiymətinin minimum əmək haqqının 2 misli dəyərində olması nəzərdə tutulur, yəni təxminən 300 manata yaxın. Bu qiymətə həm məzar yerinin ayrılması, məzarın qazılması, qəbrin üstünün götürülməsi daxil olacaq”.
Bəs 300 manatla deyilənləri etmək mümkündürmü?
– yox, qətiyyən mümkün deyil. Ona ən azı 1500-2000 pul lazımdır.
-Yox, olmaz. Elə yeri 1500 manata satırlar. Bir mərhumu basdırmaq üçün yeri 1500-ə satırlar. Necə 300 manatla həll etmək olar?
– Qeyri-mümkündür, mümkün deyil. 1000 manata başa gəlməz, elə məscid də yuyulmağı 300 manatdır. Qaldı ki, qəbir yeri alasan, adam tutasan, aparasan, dəfn edəsən. Çətin məsələ, bu dövrdə çətin məsələdir.
-Yox, heç cürə mümkün olan şey deyil.
-Novxanıda qəbirsanlıqda qəbri 150 manata qazırlar. Onun basdırılmağı, mollası və s. 600-700 manat tutur.
– 300 manat nə puldur ki, indiki vaxtda? 300 manat mağazada heç adamı ödəmir. Gəl, gör onunla torpaq alasan.
-Əlbəttə ki, olmaz. 300 manatla kimi dəfn etmək olar? Get, gör qəbirsanlıqdan yer ala bilirsən?
-Yox, 300 manata çatmır. O pul çox azdır. Aşağısı 1500 manatdır.
-Qətiyyən, yox. 300 manata qətiyyən mümkün deyil. Bizim bu yaxınlarda yasımlz düşmüşdü, o pula həll etmək qətiyyən mümkün deyil. Çox baha başa gəldi.
-Yer haqqı, yerdən götürmək ən aşağı 1000 manata qədər çıxır. 300 manata dəfn etmək olar? Heç onu mollalar yerdən 300 manata götürmür.
– Çətinliklə bəlkə də olar. Bəlkə də olar deyəndə ki, daş qoymaq mümkün deyil. Elə belə onu hazırlayıb, yola salmaq olar. Əsas təqaüdləri qaldırsınlar ki, biz də ölənədək özümüzə pul yığaq.