“Otuz il vaxt keçib, həmin hadisənin əzab-əziyyətlərini çəkirik, fəsadların daşıyırıq, Çernobıl hadisəsindən sonra övladlarımız da o hadisənin fəsadların daşıyır. Baxmayaraq ki, Mirhəsən Həsənov da, Bəylər Hacıyev də həmin hadisənin iştirakçıları olublar, amma Çernobıl Əlillər Cəmiyyətində rüşvətxorluqla məşğuldurlar”. Bu sözləri Çernobıl əlili Elxan Məmmədov deyir. Onun sözlərinə görə, Sumqayıt şəhər Çernobıl Əlillər Cəmiyyətinin sədri Bəylər Hacıyev öz işindən sui-istifadə edib, dəfələrlə ev və maşın alıb, amma onun adını ev paylanma siyahısından çıxarıb. Bu fikri digər Çernobıl əlilləri Füzuli Baxışov və Əzim Həşimov da təsdiqləyirlər. Füzuli Baxışov deyir ki, evlərin paylanması zamanı son dəqiqəyə qədər ona da “ev alacaqsan” deyiblər, amma sonda adını siyahıdan cıxarıblar: “Bəylər Hacıyev çox adama saxta yolla ev verib, əvəzində pul alıb. Faktlarla deyirəm. Fuad Müslüm oğlu Xaliqova saxta yolla ev verib, 3 nomrəli ev tikmə kombinantını kadrlar şöbəsinin rəhbəri Nüsrət və qardaşı Qüdrət 6 sot torpaq alib, ancaq biz heç nə edə bilmirik və mənim bu gün evim yoxdu”.
“Mən adam tanıyıram ki, Bəylər ona prezident təqaüdü düzəldib, hədiyyə edib. Yaşmada evini tikən ustadır. Mən özüm Sosial Müdafiə Fondunda yoxlatmışam, həqiqətən də həmin adam təqaüd alır”. Bu sözləri isə Əzim Həşimov deyir. Müxtəlif rəsmi orqanlara müraciət etmələrinə baxmayaraq, heç bir qurumdan cavab almayıblar. Ən sonda Azərbaycan Respublikası prezidenti İlham Əliyevə açıq məktub yaziblar.
Meydan TV Bəylər Hacıyevlə əlaqə saxlayıb: “Qeyri-hökumət təşkilatının səlahiyyətində deyil ev verib-ev almaq. Bu məsələyə icra hakimiyyəti və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi baxır. Siyahını onlar tərtib edirlər. Kiməsə ev verəndə də mənimlə məsləhətləşmirlər. Mən özüm 2-ci qrup əliləm. Əlimdən nəsə gəlsə, özümə də edərəm. Ötən il təşkilat rəhbəri kimlərə ev verilməsi ilə bağlı icra hakimiyyətinə sorğu göndərdi. Ona heç cavab da vermədilər. Yenə də deyirəm, bu işlər mənim səlahiyyətimdə deyil”.
26 aprel 1986-cı il Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığında yerləşən Çernobıl AES-da güclü nüvə partlayışı baş verib.
Stansiya partlayandan sonra yaranmış radioaktiv buludun böyük hissəsi Şərqi Avropaya doğru hərəkət etmişdisə, yerdə qalan hissəsini küləklər cənuba aparıb. Azərbaycanda da Çernobıl faciəsi nəticəsində radioaktiv şüalanmaya məruz qalanlar var. Bundan başqa, AES-in partlamış 4-cü enerji blokunun təhlükəsiz hala salınması üçün keçirilən “Sarkofaq” əməliyyatında 129 Azərbaycan vətəndaşı da iştirak edib ki, onların hamısı müxtəlif səviyyəli radioaktiv şüalanma alıblar.
Hadisə zamanı 7000-ə yaxın insan həlak olub, 25000 insan güclü radiasiya nəticəsində ömürlük şikəst olub, on minlərlə insan isə sonsuz qalıb. Bu faciədən sonra Çernobılda doğulan uşaların 90 faizində əlillik yaranıb. Hadisədən neçə illər keçsə də, radiasiyanın fəsadları hələ də qalır.