3 saylı Şəhər Klinik Xəstəxanası: Bura ”ölüm korpusu”dur

Xəstəxanada ultrasəs (UZİ) aparatından keçmək 20, rentgen isə 25 manatdır

Source: meydan.tv


''Pulu verməyən xəstələrdən ya “göndəriş” tələb edilir, ya da uzunmüddətli növbəyə yazılır''

Ölkənin səhiyyə sistemi ilə bağlı tez-tez şikayətlər səslənir, tibbi xidmətlərin yetərli olmadığı deyilir.

Şikayətlər demək olar ki, ölkənin müxtəlif ərazilərində yerləşən tibb müəssisələrini əhatə edir. Hətta ölkənin paytaxtı – Bakıda da durum ürəkaçan deyil.

Vətəndaşların ən çox şikayətləndiyi tibb müəssisələrindən biri də xalq arasında “Sabunçu xəstəxanası” kimi tanınan 3 saylı Şəhər Klinik Xəstəxanasıdır.

3 saylı Şəhər Klinik Xəstəxanası 1893-cü ildən fəaliyyət göstərir.

Xəstəxananın baş həkimi Fikrət Zeynalovdur. O, 2014-cü ildən buraya rəhbərlik edir.

Deyilənə görə, Fikrət Zeynalov səhiyyə nazirinin birinci müavini Elsevər Ağayevə yaxın şəxsdir. Onun bu vəzifəyə təyinat alımasında da Elsevər Ağayevin birbaşa rolu olub.

Rəsmi məlumata görə, 24 şöbədən ibarət olan xəstəxanada 586 çarpayı, 1164 işçi kontingenti var.

Burada Cərrahiyyə, Travmatologiya, Oftalmologiya, Lor, Fizioterapiya, Ginekologiya, Psixosomatika, İnfeksion, Urologiya, Doğum, Hemodializ, Terapiya, Nevrologiya, Uşaq, Reanimasiya, Kardiologiya, Dəri-zöhrəvi, Uşaq travmatologiyası, Qanköçürmə, Laboratoriya və s. sahələrə aid şöbələr fəaliyyyət göstərir.

Amma xəstəxana uzun müddətdir ki, el arasında “Ölüm korpusu” kimi xarakterizə edilir.

image_from_ios (7).jpg
Xəstəxana

Elə xəstəxanada – Terapiya şöbəsinin önündə həmsöhbət olduğumuz xəstə yaxınlarından biri də bunu olduğu kimi ifadə edir: “Bura “Ölüm korpusu” deyirlər, amma başqa əlacımız da yoxdur…”

Xəstə yaxını Rəşad Nağıyev isə deyir ki, azca imkanı olanlar öz xəstələrini buraya etibar etmirlər.

Onun sözlərinə görə, burada rüşvət adi hala çevrilib: “Qapıdan girəndən ta çıxana qədər adamı soyurlar. Pul verməyəndə heç adamın üzünə baxmırlar, sual verirsən, cavab vermirlər. Həkimlər əvvəl 5-10 manata razılaşdırdılar, amma indi 20 manat verməlisən, pulu olmayan və ya vermək istəməyənlərdən də “göndəriş” tələb edirlər, əks halda adamın üzünə baxmırlar. Məcbur qalıb həkimlərə pul veririk”.

Xəstə yaxını deyir ki, bütün dərmanlar da xəstələrə aldırılır: “Divarda siyahı asıblar ki, müəyyən dərmanlar xəstəxana tərəfindən verilir, amma yalandır. Hətta o adi dərmanları da pulla alırıq”.

“Baş həkimi yerində tapmaq olmur, haçan qəbula gedirik, deyirlər, iclasdadır. Sonra da çıxıb gedir, görüşə bilmirik. Özbaşınalıq hökm sürür burada. Səhiyyə Nazirliyinə də yazırıq, heç vecinə alan yoxdur”, – o deyir.

Onun sözlərinə görə, baş həkim bütün idarəetməni müavini Cahangir Həsənova tapşırıb. Onu burada “baş həkimin pulyığanı” kimi tanıyırlar.

Xəstələrin dediyinə görə, məsələn, xəstəxanada xəstəliyin dərəcəsinə uyğun olaraq, MRT 100-180 manat civarındadır.

Şua-diaqnostika şöbəsinin müdiri Mürsəl Əliyev isə bu pulu verməyən xəstələrdən ya “göndəriş”tələb edir, ya da uzunmüddətli növbəyə yazır. Xəstə yaxınları da əlacsız qalıb pulu ödəmək məcburiyyətində qalır.

image_from_ios (8).jpg
xəstəxana

Xəstəxanada ultrasəs (UZİ) aparatından keçmək 20, rentgen isə 25 manatdır. Digər müayinə və analizlər də müxtəlif qiymətlər üzrə dəyişir: “Burada hər kəs özünü nazir kimi aparır. Həkim yoxdur, qardaş. Həkimdə bir səmimiyyət olar, həkim xəstəyə elə yanaşar ki, xəstə bir az mənəvi toxtaqlıq tapsın, sağalmağa ümidi artsın, amma bunlar xəstəyə qəssab quzuya baxan kimi baxırlar”.

“Ölkə başçısı fərman imzalayıb ki, ölkədə səhiyyə – müalicə və müayinə pulsuzdur. Amma onun fərmanı Sabunçu xəstəxanasında işə yaramır. Heç Fikrət Məmmədovu da fərman-zad maraqlandırmır. Əgər Səhiyyə Nazirliyi dediklərimizi araşdırmaq istəyirsə, həmin şöbələrdə müşahidə kameraları quraşdırsın və hər şey ortaya çıxsın. Amma etmir, çünki balıq başdan iylənir. Ona görə də xəstəmizi buradan çıxarmaq barədə düşünürük”, – R. Nağıyev belə deyir.

Səslənən iddialarla bağlı nazir müavini Elsevər Ağayevdən və Səhiyyə Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Baş həkimin müavini Cahangir Həsənov iddialara belə münasibət bildirib: “Göndərişlə gələn xəstələrdən pul alınmır. Amma ola bilər ki, digər xəstələr həkimlərə hörmət ediblər”.

image_from_ios (9).jpg
Terapiya şöbəsi
Ana səhifəXəbərlər3 saylı Şəhər Klinik Xəstəxanası: Bura ”ölüm korpusu”dur