3 QHT-nin bank hesabından həbs götürülüb

Zöhrab İsmayıl: ”Təşkilata kəsilmiş qanunsuz vergi cəriməsi hələ də qalır”

Source:


Zöhrab İsmayıl: ”Təşkilata kəsilmiş qanunsuz vergi cəriməsi hələ də qalır”

Aprelin 18-də Səbail rayon Məhkəməsinin qərarı ilə Azad İqtisadiyyata Yardım Mərkəzinin və iqtisadçı Zöhrab İsmayılın hesabları üzərindən həbs götürülüb.  Bu barədə məlumatı Zöhrab İsmayıl öz Facebook səhifəsində yayıb. Onun sözlərinə görə, qərar artıq özlərinə verilib:

“Həmçinin mənim haqqımda prokurorluğun “tədbirlər paketi” də ləğv olunub, amma bununla bağlı rəsmi sənəd hələ verilməyib. Bu işdə zəhməti keçmiş yerli və xarici həmkarlarıma təşəkkür edirəm. Bununla belə, təşkilata kəsilmiş qanunsuz vergi cəriməsi hələ də qalır. Onun “müvəqqəti dayandırılması” gözlənilsə də, bunun istənilən zaman işə salınması mümkündür”.

İqtisadçı hesab edir ki, bu yöndə problemin həlli üçün bütün QHT-lərə yönəlik siyasət dəyişməlidir:

“Hər bir halda haqq bizim timsalımızda müəyyən dərəcədə öz yerini aldı. Amma sözsüz ki, bizim davamız şəxsi dava deyil. Hazırda hesabları həbsdə olan, ölkədən çıxışı məhdudlaşdırılmış və ya ölkəyə qayıda bilməyən xeyli həmkarlarımız var. Onların problemlemləri də həll olunmalıdır. Ən əsası vətəndaş cəmiyyətinin fəaliyyətini məhdudlaşdıran qanunvericilik düzəlişləri ləğv olunmalı, hökumətin QHT-lərə yönəlik siyasəti dəyişməlidir.

Zöhrab İsmayıl
Zöhrab İsmayıl

Nəhayət, başda İlqar Məmmədov və Xədicə İsmayıl olmaqla həbs olan bütün siyasi məhbuslar azad olunmalıdır! Onlarla siyasi məhbusun olduğu ölkədə vətəndaş cəmiyyətinin sərbəst fəaliyyətindən söhbət gedə bilməz”.

“Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyasına daxil olan daha üç QHT-nin bank hesabına qoyulmuş həbs götürülüb”.

Bunu isə “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev QHT-in toplantısında bildirib.

APA-nın məlumatına görə, Ə.Nuriyev qeyd edib ki, koalisiyaya cəmi 137 QHT daxildir.Onlardan 8-nin bank hesabına həbs qoyulmuşdu.

“Əvvəl 5, dünən isə qalan 3 QHT-nin bank hesabına qoyulmuş həbs götürülüb”, – deyə Ə. Nuriyev bildirib.

 O əlavə edib ki, QHT-lərdən müsadirə olunmuş avadanlıqların da əksəriyyəti qaytarılıb: “Bəzi sənədlər qalır ki, onlar da yaxın vaxtlarda qaytarılacaq. QHT sədrlərinin ölkədən çıxışında da hər hansı problem yoxdur, onlar gömrük-keçid məntəqələrində əvvəlki kimi ciddi yoxlanılmayacaqlar”.

Ana səhifəXəbərlər3 QHT-nin bank hesabından həbs götürülüb