Uzun illərdir rütubət və ayaqqabı qoxusu ilə yaşayan Cəlal Abbasov banka kreditini ödəyə bilmədiyini deyir. Onun sözlərinə görə, ikinci devalvasiyadan sonra nəinki borcunu ödəyə bilmir, hətta ailəsini də çətin dolandırır. 13 ildir kirayələrdə yaşayan Cəlal Abbasov bankdan kredit götürərək, özünə zirzəmi alıb:
“Düşündüm, o qapıda, bu qapıda gəzməkdənsə, daimi bir yer tapaq. Kirayələrdə də fərli-başlı ev vermirlər adama. Məcbur qalıb buranı aldım. Bir tanış adamdan xahiş etdim ki, evini girov qoy, pul götür, mən gedim zirzəmi alım. O da dedi ki, sən necə edəcəksən, birdən mənim evim əldən çıxar? Dedim ki, çıxmaz. Mən nə bilim ki, böhran vəziyyətinə gəlib çıxacağıq?”
Rütubətli zirzəmidə Cəlal Abbasov dörd uşağı və həyat yoldaşı ilə birgə yaşayır. O deyir ki, balaca azyaşlı qızı tez-tez xəstələnir. Ancaq özünün də dediyi kimi, Allaha şükür edib yaşayırdılar, ta dollar qalxanacan. İkinci devalvasiyadan sonra Cəlal Abbasov gecə və gündüz az qala ikiqat artan borclarını düşünür. Deyir, fikir etməkdən başağrısı tapıb:
“Bir canım var. Vallah, mən gedib özümü asacam, canımı qurtaracam, biləcəm ki, getdim. O da düzgün hərəkət deyil. Lap mən özümü öldürüm. Camaatın evi niyə əlindən çıxmalıdır? Dollar 3-cü dəfə də qalxsa, mən neyləməliyəm? Onda belə çıxır ki özümü asmalıyam da”.
Cəlal Abbasov 25 ildir pinəçi işləyir. Öz işində peşəkar olduğunu deyir. Lakin son vaxtlar müştərisinin olmadığından gileylənir:
“And olsun bizi yaradana! Allahımız haqqı, iki aydan çoxdur ki, ay ərzində 150-200 manat çıxara bilmirəm. Bu gün hələ siftəni eləməmişəm. Gündəlik 5-10 manat ailəmin xərcidir. Qazanc bundan yuxarı olmur. Çünki, iş yoxdur. Dollar qalxandan bu vəziyyətdir. Bu vaxta kimi mən heç kimə möhtac olmamışdım. Hansı kitabda yazılıb ki, 13 min götürüb, 30 min ödəyəsən? Bu, harada yazılıb? Səhər Allah eləməsin, mənə bir şey olsa, ailəmə heç kim baxmayacaq. Dövlətimdən də istəməyim, kimdən yardım istəyim?”
Bu videonu izləyən hər kəs həm də MeydanTV-nin “Xalqın Xəbəri” vətəndaş jurnalistikası layihəsində iştirak edə bilər. Belə ki, qeyd etdiyiniz videoları, çəkdiyiniz fotoları, bildiyiniz məlumatları bizimlə paylaşa bilərsiniz.
Whatsapp nömrəmiz: +49 176 16263646