XİN sözçüsü: “İndiki vəziyyətdə onlara tövsiyəmiz odur ki, səbrli olub gözləməlidirlər”
Türkiyə-Bolqarıstan sərhədində qalan 3 Azərbaycan vətəndaşı Prezident İlham Əliyevə müraciət edib.
Yaşar Mustafayev, Elçin Əhmədov və Rüfət Həsənov sosial şəbəkədə video-müraciət yayıblar.
Onlar bildiriblər ki, martın 14-dən Bolqarıstan sərhədindən keçiblər, amma Türkiyə sərhədindən buraxılmayıblar, hazırda neytral zonada qalıblar:
“Biz maşında gecələyirik, yanacağıımız və yeməyimiz qurtarıb. Azərbaycanın Xarici İşlər Nazirliyinə və Türkiyədəki konsulluğuna müraciət etsək də, reaksiya vermirlər. Çox pis vəziyyətdəyik, Allahın iti də belə yaşamaz ki, biz yaşayırıq”.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Meydan TV-yə olaydan xəbərdar olduqlarını bildirib.
O deyib ki, koronavirus infeksiyası ölkələr arasında sərhədləri bağladığından qeyri-müəyyən vəziyyət yaranıb:
“Bu, üzləşdiyimiz reallıqdır. Əgər bir dövlət sərhədlərini bağlayıb başqa ölkələrin vətəndaşlarını öz ölkəsinə buraxmırsa, deməli, müəyyən səbəbləri, yəni infeksiyanın yayılması riski var. Orda olan vətəndaşlardan xəbərimiz var, müraciətləri haqqında Operativ Qərargaha məlumatlar da çatdırılıb. Sadəcə, bu, Türkiyənin müəyyən etdiyi karantin rejimidir. Onlardan əvvəl ilkin mərhələdə müəyyən qrup vardı, onlar sərhədi keçib, güman ki, həmin üç nəfər sonradan gəlib, yaxud məlumatı gec xəbər veriblər. İndiki vəziyyətdə onlara tövsiyəmiz odur ki, səbrli olub gözləməlidirlər, başqa cür mümkün deyil, çünki onlar iki ölkənin tranzit keçidində qalıblar”.
Leyla Abdullayeva bildirib ki, hazırda Hindistanda və Bankokda azərbaycanlılar var, həmin ölkə sərhədlərini bağlı elan edib. İndiki durumda səbrli davranıb vəziyyətin dəyişməsini gözləmək lazımdır.