“Azərbaycan Silahlı Qüvvələrinin umumi quruculuq strategiyasının hələ də mövcud olmaması ciddi problemlər yaradır”
Yaxın bir neçə il ərzində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttinddə münaqişənin yenidən alovlanmasına səbəb olacaq ciddi hərbi toqquşmalar gözlənilmir. Bu barədə “Xəzər” Hərbi Tədqiqatlar İnstitutu (Caspian Defense Studies Institute) Azərbaycan və Ermənistan qoşunları arasında təmas xəttində son günlər müşahidə olunan gərginliklə bağlı hazırladığı təhlildə bəyan edib.
“Təmas xəttində 30-a yaxın hərbçi həlak olub”
İnstitutun araşdırmalarına görə, 2015-ci ilin geridə qalan üç ayı ərzində təmas xəttində baş vermiş atışmalar zamanı həlak olanların sayı 30-a yaxındır. “Əslində cəbhə xəttində nələrin baş verdiyi rəsmi açıqlamalardan bəlli olmur. Amma bunlar daha çox psixoloji hücumları xatırladır və tərəflər bir-birinin üzərində üstünlüyə malik olmaq istəyirlər. Bu ild tərəflər cəbhə xəttində təxminən eyni sayda hərbi qulluqçu itiriblər. Bu rəqəm 2005-ci ildən bu yana anoloji dövrlərlə müqayisədə ən böyük itki hesab olunur”, – deyə “Xəzər” Hərbi Tədqiqatlar İnstitutu bəyan edir. Eyni zamanda bildirilir ki, tərəflər döyüş itkilərinə dair ümumi statistikanı rəsmən açıqlamaqdan imtina edirlər və bu isə hər iki ölkənin vətəndaş cəmiyyətində suallar yaradır.
Qurumun araşdırmalarına görə, ötən aylarda baş vermiş insidentlər tərəflərin nəzarətində olan ərazilərdə dəyişikliyə gətirməyib. “Rəsmi məlumatlara istinadən əminliklə demək olar ki, son 10 il ərzində tərəflər nəzarətlərində olan ərazilərdə hər hansı ciddi irəliləyişə nail olmayıblar”, – deyə “Xəzər” İnstitutu bəyan edir.
Müharibə gözlənilmir
“Xəzər” Hərbi Tədqiqatlar İnstitutu bəyan edir ki, aparılan araşdırmalar onu deməyə əsas verir ki, yaxın 3-5 il ərzində cəbhə xəttində hər hansı irimiqyaslı hərbi əməliyyatlar gözlənilmir. Bunu aşağıdakı səbəblərə istinadən söyləmək olar:
- Müharibəni ordu deyil, dövlət aparır. Beləlikə, hazırda nə Azərbaycan, nə də Ermənistan dövlət səviyyəsində müharibəyə hazırlaşır;
- Nə Azərbaycan, nə də Ermənistanda səfərbərlik ehtiyatlarının hazırlığı ilə bağlı ciddi işlər görülür;
- Münaqişənin nizamlanmasına maraq göstərən və məsul beynəlxalq təşkilatların, xüsusilə də ATƏT-in Minsk Qrupunun sərgilədiyi mövqedən belə başa düşmək olar ki, cəbhə xəttində baş verənlər onları narahat etmir;
- Regionda xüsusi iqtisadi-siyasi maraqları olan fövqəldövlətlərin hər hansı gərginlik içində olması müşahidə olunmur;
- Ayrıca olaraq, Ermənistanı silahlandıran Rusiyanın mövqelərində cəbhə xəttində baş verən proseslərə münasibətdə hər hansı narahatlıq müşahidə olunmur.
Müharibədə Rusiya amili
“Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun araşdırmalarına görə, rəsmi və qeyri-rəsmi məlumatlar onu deməyə əsas verir ki, Rusiyanın münaqişə tərəflərinə ciddi təsir və təzyiqi davam edir:
“Rusiya Ermənistanın üç tərəfli strateji hərbi müttəfiqi olaraq qalır: həm ikitərəfli hərbi müttəfiqlik sənədi, həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində imzalanmış sənəd, həm də Ermənistandakı 102 saylı hərbi bazanın uzunmüddətli icarəsinə dair imzalanmış müqavilə çərçivəsində Rusiya Ermənistanın təhlükəsizliyinin təminatçısı olmaqla onun Silahlı Qüvvələrinə həm hərbi texnika, kadr dəstəyi göstərir. Beləliklə, Ermənistan özünün milli təhlükəsizlik problemləri ilə əlaqədar istənilən addımları Moskva ilə razılaşdırılır.
Azərbaycana gəldikdə isə, 2008-ci ilin avqust hadisələrindən – Rusiyanın Gürcüstan ərazilərini işğal etməsindən sonra Moskva Azərbaycanın hərbi-siyasi elitasına təsir və təzyiqləri artırıb. Son iki il ərzində bu, xüsusilə aşkar hiss olunur. Azərbaycan faktik olaraq özünün hərbi-siyasi strategiyasını Rusiya ilə əlaqədə qurur və bunun nəticələrini Hərbi Doktrinada və Dəniz Təhlükəsizliyi Strategiyasında aydın görmək mümkündür. Düzdür, Rusiya Qəbələ RLS-i tərk etdi, amma əvəzində Azərbaycanın bütün hərbi və təhlükəsizlik problemlərinin həllində iştirak “hüquq”u qazandı. Belə ki, Azərbaycan rəhbərliyi Rusiyadan 4 milyard dollarlıq silah almağa məcbur oldu, Azərbaycan ordusunun kadrlarının Rusiyanın hərbi məktəblərində təhsilinə razılıq verildi, Xəzərdə birgə hərbi təlimlərin keçirilməsi razılaşdırıldı və ən nəhayət, Azərbaycan Hərbi Sənaye Kompleksində Rusiyanın tədricən mövqe tutmasına razılıq verildi. Beləliklə, Rusiyanın rəsmi Bakıya hərbi təsir və təzyiq rıçaqları artır. Belə bir vəziyyətdə, rəsmi Bakının Moskva ilə razılaşdırılmamış hərbi əməliyyatlara getməsi bir qədər mümkünsüz görünür”.
“İlk baxışdan belə görünür ki, son zamanlar cəbhə xəttində baş verənlər Rusiya ilə razılaşdırılıb. Əgər belədirsə, o zaman Azərbaycanın hərbi-siyasi rəhbərliyi işğal altında olan torpaqları azad etmək niyyətinə düşsə, Rusiya bunu dəstəkləyərmi? Bu sual açıqdır. Rusiyanın Ermənistanla hərbi-siyasi münasibətlərinin indiki səviyyəsi bu suala pozitiv cavab verməyə çətinlik yaradır”, – deyə “Xəzər” Hərbi Tədqiqatlar İnstitutu bəyan edir.
Azərbaycanın hərbi gücü və döyüş perspektivləri
“Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun araşdırmalarına görə, nəzəri baxımdan Azərbaycan Silahlı Qüvvələri işğal altında olan torpaqları qısa zaman kəsiyində azad etmək gücündədir. “Amma bu versiyanın gerşəkləşməsi üçün digər oyunçuları – xüsusilə də Rusiyanı kənar tutmaq lazım olacaq. Bu praktiki baxımdan mümkündürmü? İndiki vəziyyət buna “xeyr” cavabı verir”.
İnstitutun araşdırmalarına görə, müdafiə büdcəsinin böyük olması, hərbi sənaye kompleksinin mövcudluğu və ən nəhayət, insan resursunun çoxluğu Azərbaycanın döyüş meydanında qələbəyə yaxın ola bilməsini şərtləndirən amillərdir. “Bu gün Azərbaycanda ümumilikdə şəxsi heyəti 150 min nəfərdən artıq olan hərbi qurumlar mövcuddur. Eyni zamanda əli silah tuta biləcək fəal vətəndaşların sayı – yəni səfərbərlik ehtiyatı 400 min nəfərdən artıqdır. “Araşdırmalar göstərir ki, Azərbaycanda səfərbərlik ehtiyatlarının müasir standartlara uyğun olaraq tənzimlənməsi istiqamətində həm nəzəri – qanunvericilik, həm də praktiki problemlər qalmaqdadır. Bu istiqamətdə beynəlxalq təcrübə, xüsusilə də NATO standartlarının tətbiq olunması gecikdirilir”, – deyə bildirilir.
“Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun araşdırmalarına görə, Azərbaycan Silahlı Qüvvələrinin umumi quruculuq strategiyasının hələ də mövcud olmaması ciddi problemlər yaradır. “Ordudakı korrupsiya və rüşvətxorluq, cəzasızlıq mühiti, zabitlərin karyerasına yaradılan əngəllər, qeyri-döyüş itkilərinin mövcudluğu, sosial təminatda çatışmazlıqlar və s. Azərbaycan hökumətinin həll etməli olduğu əsas işlər olmalıdır”, – deyə qeyd edilir.
“Xəzər” Hərbi Tədqiqatlar İnstitutu hesab edir ki, Azərbaycan Silahlı Qüvvələrinin əsas problemlərindən biri 4 milyardlıq hərbi büdcənin səmərəli xərclənməsi ilə bağlıdır. Qurumun qənaətincə, xeyli silah və hərbi texnika alınması Silahlı Qüvvələrin döyüş qabiliyyətinə müsbət təsir göstərsə də, bu siyasətin əsaslandırılması və ümumilikdə, onun strateji hədəflərə nə dərəcədə uzlaşıb-uzlaşmaması ilə bağlı çoxsaylı suallar var.
Ermənistan ordusu və hədəflər
“Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun araşdırmalarına görə, Ermənistan Silahlı Qüvvələri son iki il ərzində maliyyə çatışmazlığı ilə bağlı ciddi problemlərə malikdir və bu da özünü hərbi hissələrdə cinayətlərin, əsgər ölümlərinin sayının artmasında göstərir. “Rusiyanın hərbi dəstəyi həmişəki kimi Ermənistanı çətinliklərdən çıxarır. Amma son iki il ərzində Ermənistan hərbi-siyasi elitasında Rusiya ilə hərbi əməkdaşlığın nə dərəcədə Ermənistanın hərbi-strateji maraqlarına uyğun olmasının araşdırılmasını istəyənlərin sayı artır”, – deyə İnstitut bəyan edir. Qurumun araşdırmalarına görə, Rusiya hər il Ermənistan Silahlı Qüvvələrinə 150-200 milyon ABŞ dolları dəyərində dolayısı ilə hərbi dəstək verir: bu vəsait çəriçivəsində Ermənistan ordusunun yüzlərlə zabiti Rusiyanın ali hərbi məktəblərində təhsil alırlar, Rusiya Ermənistan Silahlı Qüvvələrinə silah və hərbi texnika ilə təchiz edir, eyni zamanda istifadədə olan silah və hərbi texnikanın təmir-bərpasını həyata keçirir. “Nəzərə alaq ki, Ermənistanın illik hərbi büdcəsi təxminən 450-500 milyon dollar civarındadır. Bununla belə, Ermənistan Silahlı Qüvvələrinin şəxsi heyətinin təminatında ciddi problemlər özünü göstərir. Çünki münaqişə ilə əlaqədar Ermənistan çoxsaylı hərbi qüvvələr saxlamaq niyyətindədir və araşdırmalara görə, ölkənin ümumilikdə 75 min nəfərə yaxın hərbi qulluqçusu var. Buraya həm də işğal olunmuş Azərbaycan torpaqlarında xidmət edən hərbi qulluqçular da daxildir”, – deyə “Xəzər” İnstitutu bildirir. Qurumun araşdırmalarına görə, səfərbərlik ehtiyatlarının sayına görə, Ermənistan Azərbaycandan bir neçə dəfə geri qalır və bu da ölkədəki əhalinin azlığı ilə əlaqədardır: “İddialara görə, bu gün Ermənistanın səfərbərlik ehtiyatları 150 min nəfərə yaxındır. Amma onların hazırlığı ilə bağlı hər hansı iş görülmür”.
“Xəzər” İnstitutu bəyan edir ki, korrupsiya, rüşvətxorluq, büdcə vəsaitlərinin mənimsənilməsi və ya sui-istifadə edilməsi Ermənistan Silahlı Qüvvələri üçün də xarakterikdir. Eyni zamanda hərbi qulluqçuların sosial təminatı ilə bağlı ciddi problemlər mövcuddur. “Son iki il ərzində qeyri-döyüş itkilərinin artması, hərbi hissələrdə zorakılıq hallarının çoxalması erməni cəmiyyətini narahat edən məsələyə çevrilib. Bu problemlər Ermənistan Silahlı Qüvvələrinin şəxsi heyətinin mənəvi-psixoloji durumuna mənfi təsir edib”, – deyə “Xəzər” İnstitutu bildirib.
“Ermənistanın hərbi-siyasi elitası birinci Qarabağ müharibəsində əldə etdikləri qələbə əhval-ruhiyyəsində olsalar da baş verə biləcək növbəti qarşıdurma zamanı Rusiyanın dəstəyi olmadan hər hansı irəliləyişin mümkünsüz olacağını bilirlər”, – deyə bildirilir.
“Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun İnformasiya Departamenti