Müstəqimə Yaqubova və Mehman Babayev

Mənbə: Meydan TV

Başlıq: Müstəqimə Yaqubova və Mehman Babayev

“29 ildir epilepsiya xəstəsiyəm, əlillik təyin etmirlər”

Xaçmaz sakininin əlillik təyinatının müddəti başa çatıb, növbəti əlillik təyinatıdan imtina cavabı alıb

“Epilepsiya sağalan xəstəlik deyil, yaşa dolduqca daha da ağırlaşır. Əvvəllər gündə, həftədə iki-üç dəfə qıcolma tutması olurdusa, indi 5-6 dəfə olur. Ancaq əlillik təyin etməkdən imtina yazıblar. Yazıblar ki, get, müalicə olun. Azərbaycanda həkim istəyirəm, 29 ilin epilepsiya xəstəsini müalicə etsin, sağaltsın”.

Bunu Meydan TV-yə Xaçmaz sakini Mehman Babayev deyir.

Mehman Babayev deyir ki, 7 ildir 2-ci qrup əlil statusu var idi, ancaq 2 aydan çoxdur əlilliyi ləğv edilib. Əlilliyin təyinatı üçün qanunvericiliyin tələb etdiyi bütün prosedurlardan keçsə də, ona imtina cavabı gəlib.

“Deyirlər, get, müalicə ol...”

“15 yaşından epilepsiyadan əziyyət çəkirəm. Uzun illər əvvəl Rusiyaya köçdüm, orda yaşadım, müalicələr aldım, ancaq sağalmadım. Azərbaycana qayıdandan sonra yenə bir neçə dəfə İrana getdim, müalicələr aldım. Nəhayət, bu xəstəliyin mənimlə ömürlük dost olacağını anlayandan sonra 7 il əvvəl əlilliyin təyin edilməsi üçün aidiyyəti qurumlara müraciət etdim. O vaxt da məni çox incitdilər, şikayətlərimdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən komissiya gəldi, onların yoxlamalarından sonra mənə əlillik təyin olundu. Bilirsiz ki, əvvəllər əlillik 1 iiliyə təyin olunurdu. İki dəfə 1 illik, üçüncü dəfə 5 illik təyin edilmişdi. Bu yaxınlarda 5 il tamam oldu, əlilliyin təyin edilməsi üçün növbəti dəfə müraciət etdim. Xəstəxanada müalicə aldım, xəstəlik tarixçəsini də digər tələb olunan sənədlərə əlavə edib, Xaçmaz rayon Tibbi-Sosial Ekspert Komissiyasına (TSEK) təqdim etdim. Ancaq mənə imtina cavabı gəldi. Halbuki, 15 yaşından epilepsiya xəstəsiyəm, artıq 29 ildir yəni... Deyir: “Get, müalicə al, sağal...””, - şikayətçi danışır.

“100-dən 80 nəfərə imtina gəlir”

Mehman Babayev deyir, Xaçmazda, Qubada noyabr ayından başlayaraq əlillər əlilliyin təyinatına görə əziyyət çəkir:

“100 nəfərdən 80-nə imtina cavabı gəlir, yazırlar ki, get müalicə ol... Vaxtilə özləri rüşvətdən alıb əlilliyi olmayanlara da əlillik təyin ediblər. İndi hamının əlilliyi ləğv olunur, ortada zərbə gerçək əlillərə dəyir. Onları da saxtaların gözünə qatıb əlillik təyinatından imtina edirlər. Müalicəsi olmayan mənim kimi xroniki xəstələrə də yazırlar ki, müalicə ol, əlillik düşmür”.

Mehman Babayevin ünvanlı sosial yardımı da kəsilib. İndi o, həm əlillik pensiyasından, həm də ünvanlı sosial yardımdan məhrum olub. Deyir ki, bu, onsuz da ürəkaçan olmayan dolanışığını daha da çətinləşdirib.

“İflicdir, gözləri görmür, əlillik təyin edilmir”

Quba sakini Elyanə Yaqubova deyir, 57 yaşlı bacısı Müstəqimə Yaqubova uzun illərdir xəstədir, ancaq Quba TSEK-i onun əlilliyin təyin olunması üçün müraciətinə imtina cavabı verib:

“Gözləri iki dəfə əməliyyat olunub, yenə də görmür. Bədəninin sağ tərəfi iflicdir, sol tərəfi qismən işlək vəziyyətdədir, Yeriyə, danışa bilmir. Şəkəri, təzyiqi var. Qardaşım baxırdı ona, həyətdə nə qədər mal-qara, heyvan vardı, satıb, onun müalicələrinə xərclədi. Ancaq sağlamlığı bərpa olunmur, çünki xəstəlikləri xronikidir. Bununla belə, Quba TSEK bacıma əlilliyin təyin olunmasından imtina edib. Artıq qardaşım da ona baxa bilmir, çünki ona baxmaqdan özü də xəstəlik tapıb”.

Xaçmaz TSEK-dən Meydan TV-yə bildirilib ki, Mehman Babayevin əlilliyin təyini üçün təqdim etdiyi sənədlərə uyğun olaraq qərar qəbul edilib və ona imtina cavabı verilib. Hər hansı narazılığı varsa, komissiyaya rəsmi müraciət edə bilər. Qiba TSEK-dən isə Müstəqimə Yaqubovayla bağlı komissiyaya daxil olan məlumatların yarımçıq olduğu bildirilib.

3 ay əvvəl əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev KİV-ə bildirib ki, dövlət büdcəsi üçün illik maliyyə yükü 35 milyon manatdan çox olan 7 mindən çox saxta əlillik təyinatı ləğv edilib. İddialara görə, bu proses zamanı gerçək əlillərin də təyinatı ləğv olunub.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ayszlr

Ən çox baxılan