Aksiyaçılar imkansızlıqdan, işsizlikdən şikayətçidirlər
Sentyabrın 29-da Bakı-Şamaxı yolunun 15-ci kilometrliyində yerləşən 28 May qəsəbəsinin sakinləri magistral yolu bağlayıblar. Onlar işsizlikdən, imkansızlıqdan kommunal xərcləri ödəyə bilmədiklərindən şikayətçidirlər.
Aksiyaçılar deyirlər ki, qəsəbənin ara yolları asfaltlanmadığından ötən gün yağan yağış ərazini keçilməz hala salıb. Onlar qəsəbə yollarının düzəldilməsini də istəyiblər.
Bu barədə Meydan TV-yə aksiya iştirakçıları məlumat veriblər.
Aksiyaçılar magistral yolu 1 saata yaxın bağlı saxlayıblar və nəticədə Şamaxı-Bakı yolunda tıxac yaranıb.
Hadisə yerinə yol polisi və post patrul xidmətinin əməkdaşları gələrək, etirazçıların bəzi tələblərinin yerinə yetiriləcəyinə söz veriblər. Bundan sonra yolda maşınların hərəkəti bərpa olunub.
Aksiyaçılar Binəqədi rayon İcra Hakimiyyətindən məsul şəxslər gəlmədiyi və tələblərinin yerinə yetirilmədiyi halda yolu yenidən bağlayacaqlarını bildiriblər.
Binəqədi rayon İH-dən məsələyə münasibət öyrənmək mümkün olmayıb.