”26 siyasi mühacirin ailəsinə təzyiq olunub”

Taleh Xasməmmədova rəsmi ittiham irəli sürülüb

Source:
Tədbirdən foto
Tədbirdən foto


Taleh Xasməmmədova rəsmi ittiham irəli sürülüb

Aprelin 19-da Göyçayda saxlanılan hüquq müdafiəçisi Taleh Xasməmmədova qarşı artıq rəsmi ittiham irəli sürülüb. O, Cinayət Məcəlləsinin 221.2 (xuliqanlıq) maddəsilə ittiham olunur. Bu barədə T.Xasməmmədovun həyat yoldaşı Fatimə Mövsüm aprelin 21-də Siyasi Məhbusları Müdafiə Mərkəzinin toplantısında məlumat verib.

Toplantı xaricdə yaşayan azərbaycanlı mühacirlərin Azərbaycanda qalan yaxınlarına qarşı təzyiqlərdən bəhs edən “Avropa işi” adlı hesabatın təqdimatıyla bağlı olsa da, müzakirələr zamanı T.Xasməmmədovun həbsi barədə də danışılıb.

Mərkəzin koordinatoru Oqtay Gülalıyev bildirib ki, Azərbaycanda insan haqlarının pozulması, azadlıqların məhdudlaşdırılmasıyla əlaqədar insanlar sürətlə ölkəni tərk edir. Hüquq müdafiəçisi bildirib ki, son bir ildə təkcə Almaniyaya sığınacaq üçün 4 min nəfərdən çox azərbaycanlı müraciət edib.

Təzyiqlərin “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin, Meydan TV-nin rəhbəri Emin Millinin və başqa fəalların yaxınlarının həbsi ilə başladığını deyən O.Gülalıyevin sözlərinə görə, son dövrlərdə tənqidçi mühacir ailələrinə qarşı təqiblər daha da güclənib: “Mühacir həmvətənlərimiz yaşadıqları ölkədə fəallaşıb, Azərbaycandakı özbaşınalıqları daha çox dilə gətirdikcə, daha çox etiraz etdikcə, təzyiqlər də artır”.

Hesabatda 26 siyasi mühacirin yaxınlarına qarşı baş verən təqiblər, o cümlədən həbs, qarayaxma halları barədə məlumatlar əks olunub.

O.Gülalıyev hesabat haqda danışandan sonra hüquq müdafiəçisi T.Xasməmmədovun həbsindən söz açıb. Bildirib ki, əvvəlcə ona CM-nin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə ittiham verməyi planlaşdırıblar. Sonradan maddəni ağırlaşdırmaq qərarı veriblər. O.Gülalıyev T.Xasməmmədovun yaşadığı Göyçay rayonundakı məmur özbaşınalıqlarını ifşa etdiyinə, ölkədəki qanunsuzluqlar barədə açıq danışdığına, tənqid etdiyinə görə cəzalandırıldığını bildirib: “Ona qarşı irəli sürülən ittihamın absurdluğundan da görünür ki, bu həbs sifarişlidir”.

T.Xasməmmədovun həyat yoldaşı Fatimə Mövsüm bildirib ki, həyat yoldaşı üç polisi döyməkdə, onlardan birini xəstəxanalıq etməkdə ittiham olunur. Onun sözlərinə görə, bu ittiham yalandır: “Talehin xarici görünüşünə baxanda bilinir ki, bu adam üç polisi döyə bilər, yoxsa yox. Axı o polisləri işə qəbul eləyəndə onların fiziki göstəricilərini də nəzərə alırlar. Necə oldu ki, Taleh arıq canı ilə üç polisi birdən döydü? Əlbəttə ki, yalandır. Talehin xarakteri də buna imkan vermir. Üstəlik, səhhətində də ciddi problemlər var. O, bel fəqərə sümüyündə 12 millimetrlik yırtıqdan, güclü miqren başağrılarından əziyyət çəkir”.

Həyat yoldaşının sözlərinə görə, aprelin 21-də günorta saatlarında onunla əlaqə saxlayıb, T.Xasməmmədov üçün lazımi paltarları hazırlamasını istəyiblər. Bildiriblər ki, o, bu gün istintaq təcridxanasına köçürüləcək.

Daxili İşlər Nazirliyinin T.Xasməmmədovun həbsi barədə yaydığı məlumatda deyilir ki, yol polisləri onun maşınını üzərində həbs olduğuna görə saxlayıb, duracağa aparıblar. T.Xasməmmədov məsələ ilə əlaqədar Dövlət Yol Polisinin Göyçay bölməsinin rəisinin otağına gəlib, avtomobilinin buraxılmasını tələb edib. Avtomobili buraxılmadığına görə rəisin xidməti otağında əşyaları dağıdıb, onu sakitləşdirmək istəyən üç nəfər polisə xəsarət yetirib. Polislərdən biri xəstəxanaya yerləşdirilib.

Ana səhifəXəbərlər”26 siyasi mühacirin ailəsinə təzyiq olunub”