Paşinyan onların qayıdacağına ümid edir
Qarabağdan gedən 2500-ə yaxın məcburi köçkünün Ermənistanı tərk etdiyi bildirilir.
Bu barədə oktyabrın 12-də Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
O ümid edib ki, onlar şok vəziyyətindən çıxmaq üçün bir müddət xaricə qohumlarını ziyarət etməyə gediblər:
“Lakin gələcəkdə qayıdacaqlar. Məqsədimiz həmvətənlərimizin Ermənistanda yaşayıb işləmələridir. Onlar nədənsə Dağlıq Qarabağdakı evlərinə qayıda bilmirlər”.
Son baş verən hadisələr…
Sentyabrın 18-dən Qarabağdan ölüm xəbərləri gəlməyə başlayıb.
Tank əleyhinə minaya düşən iki böyük yük avtomobilinin içərisində 14 nəfər həyatını itirib.
Bunlardan yeddisi polis, qalanı mülki şəxs olub.
Azərbaycan həmin minaların erməni diversiya qrupları tərəfindən yeni basdırıldığını açıqlayıb.
Sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyatlara başladığını elan edib.
Tələbi erməni silahlı qüvvələrinin regiondan çıxarılması olub.
Sentyabrın 28-də isə separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.
Bunu sentyabrın 19-da yaranmış vəziyyətlə əlaqələndirib.
Sonuncu hərbi əməliyyat zamanı Azərbaycan 200-dən çox hərbçisini itirib.
Bu əməliyyatdan sonra rəsmi Yerevan 100 mindən artıq erməni sakinin Qarabağı tərk edərək Ermənistana köçdüyünü açıqlayıb.
Azərbaycan isə dinc erməni sakinlərin reinteqrasiya olunması ilə bağlı çağırış edib.
Müharibənin qısa xıronikası
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.
Azərbaycan Xankəndi və digər ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinin olduğunu deyirdi və bu il sentyabrın 19-20-də bölgədə hərbi əməliyyat keçirib.