Məcburi köçkünlər Yasamal Rayon İcra Hakimiyyətini günahlandırır
Yasamal rayonu, Nazim Nikmət küçəsində məskunlaşan Qubadlı rayon sakini Rahilə Səfqulu qızı Hacıyeva yaşadığı mənzildən çıxarılır. Buna etiraz olaraq binada yaşayan sakinlər sentyabrın 26-da həyətdə aksiya keçiriblər.
Jurnalist Tapdıq Abbas baş verənlərlə bağlı öz “Facebook” səhifəsində videoreportaj paylaşıb.
Rahilə Hacıyeva deyir ki, 1993-cü ildə məcburi köçkün kimi Bakıya gəlib, bir neçə gün küçədə qaldıqdan sonra hazırda yaşadığı mənzildə məskunlaşıb:
“Bu mənzil indi göründüyü kimi deyildi, xarabaya bənzəyirdi. Qəzalı vəziyyətdə olan binadır. Dörd sütunun üzərində dayanmış divarlar idi. Qapı-pəncərəsi, tualeti yox idi. Şəhərlilər sağ olsun, hərəsi bir şey verdi, qapını-pəncərəni örtüklə tutub yaşamağa başladım. O zamanlar bu binada partlayış olmuşdu, burada yaşayanların hamısına da ev verilmişdi. MİS-in müdiri Saqif müəllim gəlib bizə dedi ki, bu bina uçur, birdən ölərsiz. Biz də çıxmadıq deyə ərizəyə qol çəkdirdi ki, cavabdeh deyiləm sizə. Mərkəzi yolu kəsib kranı götüzdürdük ki, binanı uçurmasınlar. O əziyyətlə burada ev qurduq, 25 ildir yaşayırıq. İndi gəlib deyirlər ki, çıx, bu ev bir şəhərlinindir, sən köç Qobuya. Niyə çıxmalıyam? İşim, nəvələrimin məktəbi buradadır. Öz əlimlə düzəldib 25 il yaşadığım evdən niyə gedim?”
Məcburi köckünlər deyiblər ki, Yasamal Rayon İcra Hakimiyyəti həmin mənzili başqa bir vətəndaşa satıb. Bu səbəbdən də polis gücü ilə köçkün ailəsi mənzildən çıxarılır.
“Mənzili bu binada yaşayan Afiqə adlı qadın alıb. Oğlu Rusiyada yaşayır, pul göndərir, o da buradan ev alır. Artıq 3-cü evdir alır burda,”- sakinlər deyir.
Binada yaşayan yerli sakinlərdən biri də Rahilə Hacıyevanın qəzalı vəziyyətdə olan mənzilə köçdüyünü təsdiqləyir:
“Bunlar 93-cü ildə bura gələndə bu bina bərbad vəziyyətdə idi. Yanğından sonra sakinlərin hamısına Sovetskidən ev verib köçürmüşdülər. Rahilə xanım da, digər köçkünlər də həmin xarabalığı düzəldib özlərinə ev qurdular. İndi gəlib deyirlər ki, bu ev başqasınındır. Keçmiş sahibinə mənzili qəzalı vəziyyətdə olduğu üçün ev verirlər, sonra başqası çıxıb deyir “ev mənimdir”. Necə olur, bir evin iki sahibi var?”
Köçkünlərin sözlərinə görə, iş icraçıları onlara hər hansı məhkəmə qərarı göstərməyiblər. Yalnız icra qərarı ilə tanış ediblər və köçkünlərin Qobuda tikilən mənzillərlə təmin olunacaqlarını deyiblər. Rahilə Hacıyeva isə ona veriləcək mənzili istəmir:
“Deyirlər, Qobudan üçotaqlı mənzil verirlər. İstəmirəm, qoy o mənzili Afiqə qanıma versinlər, mən özümün tikdiyim bu evi istəyirəm. Buradakı bütün köçkünləri köçürsünlər mən də gedim, əks halda getməyəcəm”.
Köçkünlər ailəni köçürməyə gələn icraçıları mənzilə yaxın buraxmayıblar.
Mənzilin yeni sahibi ilə əlaqə saxlamaq mümkün olmayıb.
Yasamal Rayon İcra Hakimiyyətindən Meydan TV-yə deyiblər ki, sözügedən mənzil şəxsi mülkdür və vətəndaş evinin boşaldılmasını istəyir:
“Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi məcburi köçkün üçün mənzil verir. Heç kim onları bayıra atmır. Sadəcə ailə vətəndaşın mənzilini boşaltmalı, dövlətin verdiyi mənzilə qane olmalıdır”.