9 nəfərin isə qaçqın statusu ləğv olunub
Ötən il ərzində Azərbaycanda 24 min, 330 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs ölkədən xaric edilib, 9 nəfərin qaçqın statusu ləğv olunub. 2 min, 39 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxsin ölkə ərazisində yaşaması leqallaşdırılıb.
Bu barədə Nazirlər Kabinetinin 2015-ci il üzrə fəaliyyəti barədə hesabatında bildirilib.
Hesabatda qeyd olunub ki, xarici vətəndaşların ölkədən xaric olunmasına səbəb həmin şəxslərin ölkə ərazisində olması, müvəqqəti və daimi yaşama qaydalarına əməl etməməsi, habelə, etibarsız sənədlərlə yaşama qaydalarını pozmaları olub. Ümumilikdə, ölkədə yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 120 min 103 nəfərdir.
Ölkədə qaçqın statusu alaraq yaşayanların sayı 63 nəfərə enib. Ötən il ərzində 146 əcnəbi (ailə üzvləri ilə birlikdə 255 nəfər) qaçqın statusu almaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edib. 121 əcnəbiyə qaçqın statusunun verilməsi barədə vəsatətlərin təmin olunmamasına, 43 əcnəbi haqqında isə qaçqın statusunun verilməsindən imtina edilməsinə dair qərarlar qəbul edilib.
Sənəddə qeyd olunur ki, 6 əcnəbinin (ailə üzvləri ilə birlikdə 14 nəfər) vəsatəti icraatdadır. 2015-ci il ərzində Azərbaycanda müraciət edənlərdən heç birinə qaçqın statusu verilməyib (
APA
).