None

Mənbə: 

234 manatla üçəm böyüdən ana

4 ildir döşəməsi yırtıq, iki otaqlı kirayə evlərdə böyüyür bu balacalar. Üçəmləri dünyaya gələndə həkimlər Güllər Qasımovaya onların yaşamayacağını deyib. Ana isə mübarizəsini davam etdirib, uşaqları yaşasın deyə evini belə satıb.

"Mən nə qədər dükanlardan nisyə ərzaq alıb uşaqları yedizdirəcəkdim? İki gündən bir deyirdilər pulunu ver. Uşaqlar tez-tez xəstələnirdi. Ancaq həkimin yazdığı bahalı dərmanlar sayəsində uşaqlar həyatda qaldılar".

Dövlət anaya dörd yaşında üçəmləri və məktəbli qızına görə son üç aydır ki, 234 manat verir. Güllər Qasımova bu pulla övladlarını yaşatmaqda çətinlik çəkir.

"234 manat 5 nəfərlik ailənin bir həftəlik bazarlığı edir. Orada kommunal xərclər - işıq pulu, qaz pulu da var. Bunları da çıxandan sonra yerdə heç nə qalmır", - deyir Güllər Qasımova.

Uşaqları doğulan zaman ananın ciyərində daşlaşma aşkarlanıb. Güllər Qasımovanın o gündən bu günə müayinə olunmağa pulu yetməyib. Üstəlik, xəstəliyinin dəqiq diaqnozunu, getdikcə qarın nahiyəsinin niyə şişkinləşməsinin səbəbini bilmir.

"Dedi, sən müalicə almasan, həyatını itirə bilərsən. Bəs necə olur kimsə tənqidi bir söz işlədəndə həmin insanı tapıb cəzalandırırlar, bunu görmürlər?", - deyə dörduşaqlı ana etiraz edir.

Bu üçəmlər doğulan illərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi çoxuşaqlı ailələrə dövlət dəstəyi ilə bağlı Milli Məclisə, Nazirlər Kabinetinə təkliflər paketi göndərirdi.

Artıq 6 ildən çoxdur ki, Milli Məclis sənədi plenar iclasda müzakirəyə çıxarmayıb.

"Təkliflər göndərilmişdi, hətta layihədə vurğulanmışdı ki, "Qəhrəman ana" adı ilə bağlı yenilik gəlsin. Sonradan o layihə təsdiqini tapmadı, dəstəyini almadı. Biz də istəyirdik ki, çoxuşaqlı ailələrə imtiyazlar daha çox olsun. Yaşayış yeri üzrə torpaq sahəsinin ayrılması, istirahətin təyin edilməsi və s.", - Komitənin eksperti Elgün Səfərov vurğulayıb.

İqtisadçı Nazim Bəydəmirli deyir ki, Milli Məclis demoqrafik problemin olmamasından çıxış edərək sosial müavinətlər haqqında qanunu ertələyib:

"2009-cu ildə konstitusiyada olan dəyişikliklərə görə, Azərbaycan sosial dövlətdir. Bu, o deməkdir ki, dövlət həm də öz vətəndaşlarının sosial-iqtisadi problemlərini həll etmək üçün müxtəlif öhdəlikləri var. O cümlədən, maddi təminat öhdəliyi var. Mən hesab edirəm ki, Azərbaycanda həm çoxuşaqlı analara, həm digər valideynlərə doğuş zamanı verilən müavinatlar kifayət qədər artırılmalıdır. Həm də aybaay verilən müavinatlar heç olmasa yaşayış minimumuna uyğunlaşdırılmalıdır. Ailələrin iqtisadi yükü azaldılmalıdır", - Nazim Bəydəmirli deyir.
Qanunun nə zamansa qəbul olunmağını, övladlarının sağlam şəkildə böyüməyini görəcək, buna ömrü yetəcəkmi? Güllər Qasımova bu sualın cavabını bilmir. Övladlarını tapşıracaq bir kimsəsi yoxdur deyə müalicə alıb, yaşamaq istəyir.

"Özümü fikirləşmirəm, vallah, yenə də o uşaqları düşünürəm. Heç olmasa deyirəm ki, müalicə alım, uşaqların əlini çörəyə çatdırım. Kiməsə möhtac olmadan yaşasınlar. Ondan sonra deyim ki, hə, mən yoxam həyatda", - Güllər Qasımova deyir.

Təkliflər paketi qanun şəkində qəbul olunsa, Güllər Qasımovagil kimi ailələrə müavinat verilməsi, təhsil, səhiyyə xidmətləri, mənzil məsələləri, çoxuşaqlı valideynlərin əmək hüquqları ilə bağlı təminat və güzəştlərdən yararlana bilərlər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/064sda

Ən çox baxılan