“23 dekabrın taleyi namizədlərin qeydə alınmasından bəllidir” (VIDEO)


Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə namizədlər irəli sürülüb, seçki kampaniyası başlayıb, amma əsas müxalif partiyaları prosesə qatılmasalar da, iştirak edən siyasi qüvvələr süni maneələrdən narazılıqlarını gizlətmirlər. Mərkəzi Seçki Komissiyasının üzvü Akif Qurbanovla söhbətimizdə daha çox partiyaların namizədlərinə yaradılan əngəllərdən, seçki qanunvericiliyindəki boşluqların buna zəmin hazırlamasından və ümumiyyətlə, MSK-ın prosesdə rolundan danışdıq.


–         Akif bəy, noyabrın 30-dan bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası başlayıb, 8 partiya – YAP, AVP, VHP, SDP, Milli Dirçəliş Hərəkatı, Ümid, Demokratik İslahatlar və BQP prosesə qatılıb. Ancaq narazılıqlar da var, bir çox rayonlarda namizədlərin qeydə alınmasına süni şəkildə problemlər yaradılır. MSK-ya bu barədə məlumatlar çatırmı?

–    Təbii ki, MSK-ya kifayət qədər məlumatlar çatır və komissiya prosesin içindədir. Əslində, problemlərin yaradılmasında və prosesin necə olmasından MSK məlumatsız deyil. Bütün bunlar paralel aparılan işdir. Bizim əlimizdə təsdiq edilən sübutlar olmasa da, mahiyyət etibarıyla prosesin idarə edilməsi təcrübəsi göstərir ki, MSK-da prosesin tərkib hissəsidir. Bu mənada istər namizədlərin irəli sürülməsi, istər namizədlərin qeydə alınma prosesi kompleks şəkildə mərkəzləşmiş qaydada siyasi idarəetmə tərəfindən aparılır və bu siyasi idarəetmənin bəlli etdiyi çərçivədə namizədlərin qeydə alınma prosesi həyata keçirilir.


–   Vaxtilə üzv olduğunuz Ümid Partiyasının funksioneri Ənvər Ağazadə bildirib ki, 400-ə yaxın namizəd irəli sürsələr də, 200 nəfərin qeydiyyatından müxtəlif bahənələrlə imtina olunub. Hətta qeydə alınanlara geri çəkilmək təzyiqi göstərilir. Oxşar açıqlamanı KXCP lideri Mirmahmud Mirəlioğlu verib, o, DSK-larda namizəd olmaq istəyənlərə ərizə blankları verimədiyini, hakimiyyətin siyasətilə razı olduqları barədə arayış istənilir. MSK-nin toplantılarında bu məsələlər qaldırılırmı?

–         Təbii, iclaslarda bu məsələlər mənim tərəfimdən qaldırılır və rəsmi qaydada müraciətlər də edirəm. Digər tərəfdən, mənə olunan müraciətlərlə bağlı problemlərin aradan qaldırılması istiqamətində ayrı-ayrı DSK sədrləriylə əlaqə saxlayıram. Bilirsiniz, bütün bu məsələlər kompleks şəkildə siyasi iradə və siyasi qərar əsasında həll olunur. Xatırıatdığınız Ümid Partiyası hələ namizədlərin irəli sürülməsindən əvvəl vahid seçki fondunun açılması üçün MSK-ya qanunvericiliyin tələbinə uyğun olaraq müraciət etmişdi, yəni namizəd irəli sürmək istədiyi şəxslərin siyahısını komissiyaya təqdim etmişdi. Siyahı təqdim olunandan sonra məhz həmin şəxslərə dairələr üzrə yerli icra, polis strukturları, hətta yaxın qohumları vasitəsilə təzyiq mexanizmləri başlanıldı. Təsəvvür edin ki, insanların namizəd olub-olmamaları bəlli olmadan, rəsmi qaydada irəli sürülmədən artıq MSK-ya daxil olmuş məlumat əsasında təzyiqlər başladı. Bu, onu göstərir ki, MSK-ya verilən məlumatlar dərhal bilərəkdən-bilməyərəkdən yerli bölgələrə çatdırılır. Onun əsasında da yerlərdə icra strukturları öz təzyiq mexanizmlərini işə salır, həmin insanlar sənədlərini təqdim etmədən məsələni “beşiyindəcə boğmaq” prosesi həyata keçirilir. Geri çəkilməyənləri isə müxtəlif bəhanələrlə qeydə alımırlar. Məsələn, namizədin 5 il orada yaşaması haqqında arayış tələb olunur, halbuki, bu sənədin tələb olunması qanunvericiliyə zidddir. İcra strukturları da bu prosesin inkişafına təkan verirlər, yəni sənədlər zamanında namizəd olmaq istəyənlərə verilmir.


–         Ümumiyyətlə, bələdiyyə seçkilərində bürokratiya var, namizəd olmaq istəyənlərdən 8-9 sənəd istənilir. Vaxtilə ATƏT-in Bakı Ofisinin rəhbəri Cankorel də Məzahir Pənahovun qarşısında bu məsələni qaldırmışdı, amma…

–         Təbii, qanunvericiliyə uyğun olaraq bu gedişatda ciddi bürokratik problemlər var. Misal üçün, fərdi qaydada bu prosedur bir qədər sadə olsa da, siyasi partiyalar və siyasi bloklar üçün daha çox şişirdilmiş sənədlər yığnağı ortaya qoyulur. Əslində bunların böyük əksəriyyəti mənasız və əhəmiyyətsiz sənədlərdir. Amma problem Seçki Məcəlləsindən qaynaqlanır.  Mən bu yaxınlarda ABŞ-da konqres və yerli seçkiləri müşahidə etdim, orada yalnız namizədin anket məlumatını təsdiq edən ərizəni notarial qaydada seçki orqanına göndərirlər. Bununla namizədin qeydiyyatı da bitmiş hesab olunur və şəxs namizəd elan olunur. Yəni bu, çox sadə prosedurdan ibarətdir.


–         Deməli, bürokratiya icra başçılarına sərf edir?

–         Təbii ki, bütün bunlar əngəllərdir və müxtəlif mərhələlərdə bu əngəllər yaradılır. Bəli, başa düşürəm, müəyyən bir ələnmə olmalıdır ki, prosesin keyfiyyətli idarə edilməsi mərhələsi yaşansın. Prezident seçkiləri üçün müəyyən tələblərin olması başadüşüləndir, amma bələdiyyə seçkiləri yerli seçkilər olduğundan vətəndaş özü müəyyənləşdirəcək ki, hansı namizədə səs verəcək. Əslində, namizədlərin çoxluğu bir yarışdır, fikir müxtəlifliyinin, proqramın təqdimatının və insanların seçmək imkanının çox olması deməkdir. Ancaq bu prosesi həm seçki komissiyalarının, həm də icra strukturlarının vasitəsilə süni surətdə əngəlləyirlər.


–         O zaman seçki qanunvericiliyinin təkmilləşməsi ehtiyac yaranmırmı?

–         Bəli. Ciddi surətdə qanunvericilikdə təkmilləşməyə ehtiyacı olan müddəalar var, bunlardan biri də məhz namizədliyin irəli sürülməsi, qeydiyyatla bağlı prosedurların dəyişdirilməsi, yaxud sadələşdirilməsidir.


–         Azərbaycanda 15 ildir bələdiyyələr yaradılıb. Az müddət deyil. Amma 23 dekabr seçkilərinin təbliğat kampaniyası yalnız məntəqələrin qarşısındakı seçki plakatları vurmaqla yekunlaşır. Yaşadığı Sumqayıt şəhərində belədir, məntəqələrin qarşısında yalnız YAP-çıların seçki plakatına rast gəldim. Bu amil bələdiyyələrin statusuyla bağlı deyilmi?

–         Biz yeganə Avropa Şurası üzvüyük ki, bələdiyyələrlə bağlı götürdüyümüz öhdəliklərə hələ də əməl etmirik. Yerli özünüidarəetmə xartiyasına qoşulmuşuq, amma sənədin tələbləri yerinə yetirilməyib. Ancaq bizdən 10 ildən çoxdur Gürcüstan, 4-5 il əvvəldən də Ermənistan bu öhdəlikləri yerinə yetirib. Azərbaycan hökuməti isə müxtəlif bəhanələrlə öhdəliklərin yerinə yetirilməsini uzadır. Söhbət həm bələdiyyələrin statusunun artırılması, həm iri şəhərlərdə bələdiyyələrin yaradılmasıyla mer seçkilərinin keçirilməsindən gedir. Əslində öhdəliklərin yerinə yetirilməməsi dövlətin və xalqın mənafeyinə ziddir. Eyni zamanda, qanunvericilikdə bələdiyyələrin statusunun olmaması insanlarda bu qurumun icra hakimiyyətindən asılı olması faktına inamını artırır. Ona görə də insanlar seçki prosesinə qoşulmaqda o qədər də maraqlı deyillər. Bu, məsələnin qanunvericilik tərəfidir. Başqa bir tərəfi ondan ibarətdir ki, hakimiyyətin özü prosesin fəallaşmasında, seçki yarışına çevrilməsində qəti surətdə maraqlı deyil. Biz bu yanaşmanı 2009-cu il seçkilərində də görmüşük.


–         O zaman fəallıq çox az idi…

–         İndiki seçkilərlə müqayisədə o zaman fəallıq çox idi. Amma ssenari o zamankı çərçivədə həyata keçirilir. 2009-cu ildə prosesə təzyiq mexanizmi gec işə salındı, yəni namizədlər artıq irəli sürülmüşdü. O zaman Ümid və Müüsavat partiyaları seçkidə fəal iştirak edirdi. Bu dəfə təzyiq mexanizmini daha tez işə saldılar və preventiv tədbir kimi başladılar. Yəni namizədlik irəli sürülmədən iddialılara təzyiqlər başlanıldı. Bu yanaşmanın mahiyyəti ondan ibarətdir ki, daha çox dairələrdə namizədi olan siyasi partiya və bloklara rəsmi KİV-də, İctimai Televiziyada pulsuz efir vaxtı verilir, bu isə istər-istəməz siyasi çəkişmələrin, debatların yaranmasına səbəb olur. Amma parlament seçkiləri öncəsi siyasi aktivləşmə Milli Məclis seçkilərinin ağır keçməsinə zəmin yaradır. Bu ağırlıq hakimiyyətə sərf etmir, həm inzibati, həm də maliyyə resurslarının xərclənməsi baxımından.


–         Deməli, hakimiyyət 2015-ci il parlament seçkilərinə hazırlaşır?

–         Bəli. Əvvəlcədən, seçkidən öncə bu istiqamətdə heş bir müzakirə getmir. Söhbət debatlardan, təşviqatdan gedir. Eyni zamanda, partiyaların televiziyalara çıxışı çox ciddi baryer qarşısındadır, faktiki olaraq, efirdə alternativ fikir səsləndirilmir. Təsəvvür edin ki, qanunvericiliyə uyğun olaraq namizədlər qeydə alındı, partiyalar efir əldə etdi, siyasi fəallıq yüksəldi, o zaman prosesi idarə etmək hakimiyyət üçün çətin olacaq və qarşıdan da parlament seçkiləri gəlir. 2009-cu il seçkiləri 2010-cu il seçkilərinin necə keçiriləcəyini göstərdi, həmin vaxt bələdiyyələrə namizədlərin yarıdan çoxu hakim partiya üzvləriydi. Ona uyğun olaraq da 2010-cu il parlament seçkilərində 60-dan çox dairədə müxalif partiyaların namizədləri qeydə alınmadı. Yalnız hakim partiya üstünlüyü əldə etdiyindən müxalifətə efir vaxtı verilmədi.


–         Dediklərinizdən belə qənaət yaranmır ki, 2015-ci il seçkiləri daha süst olacaq?

–         Bəli. Məsələnin mahiyyəti ondan ibarətdir ki, bu proses əvvəlcədən kəskin şəkildə susdurulur və yerində lokallaşdırılır. Vəziyyəti elə mərhələyə çatdırırlar ki, iddialı insanlar 23 dekabr seçkilərinə ciddi yanaşmaq əvəzinə gedib icra hakimiyyətilə anlaşsınlar ki, mən necə bələdiyyə üzvü olum?! Onun sonrakı fəaliyyəti növbəti dönəmdir, reallıq ondan ibarətdir ki, seçki məsələsi kənarda qalır, əsas icra hakimiyyətilə anlaşmaqdır.


–         Akif bəy, MSK-da sizin kimi düşünənlər varmı?

–         Hesab edirəm ki, MSK-da bu istiqamətdə düşünən insanlar çoxdur.


–         Doğrudanmı?

–         Bəli.


–         Məsələn, sizin qaldırdığınız məsələləri BAXCP-dən komissiyaya üzv seçilən Mikayıl Rəhimli gündəmə gətirirmi?

–         Yox, qaldırmır və niyə etmir, bu, məsələnin başqa bir tərəfi. Mən hətta məsələni Mikayıl bəyin üzərində fokuslaşdırmaq istəmirəm. MSK-nin tərkibi elə bir formatda formalaşıb və bu proses elə formada davam etdirilir ki, təyin olunan insanların mövqe ifadə etməsi və mövqelərinin arxasınca getmələri çox çətindir. Çünki bu yanaşma onun sonrakı fəaliyyətinin nəylə nəticələnəcəyini ortalığa qoyur. Mənə görə daim prinsipial mövqeyini Almaz xanım ifadə edir. O, kifayət qədər öz mövqeyini ifadə edə bilir. Digərləri də düşünür. Siz sual edirsiniz ki, digər komissiya üzvləri düşünürlərmi, bəli, onlar da düşünür. O insanlar da, hətta komissiya sədri Məzahir Pənahov da problemləri görür. Hər halda o da düşünməmiş deyil, ağılsız insan da deyil, kifayət qədər təcrübəsi var. Amma düşündüyünü və ona tapşırılanı necə icra edir, bu, artıq məsələnin başqa tərəfidir. Yəni, bu, artıq siyasi sistemə bağlı olan məsələdir və şəxslərin maraqlarına hədəf olan məsələdir.


–         O zaman demək olarmı ki, MSK Prezident Administrasiyasından asılı bir quruma çevrilib?

–         Əslində MSK-nın təyinat mexanizmdən və idarəetməsindən tutmuş bütün seçki prosesləri vahid mərkəzdən idarə olunur. Onsuz bütün ölkədə belədir. Nə parlamentin, nə məhkəmələrin müstəqilliyindən, qanunvericilik vəzifələrini necə yerinə yetirməsindən danışmaq yersiz olardı.


–         Siz də daxil olmaqla çoxu bildirib ki, Azərbaycanda durumu dəyişmək üçün azad və demokratik seçki keçirilməlidir. Bu seçkini keçirmək isə MSK-nın üzərinə düşür. Belə olduqda vəziyyət göründüyündən də ağır və mürəkkəb deyilmi?

–         Bəli, göründüyündən də mürəkkəbdir. Hüquqi baxımdan hər şey prosesin seçki komissiyalarının qərarından və o qərarın legitimləşməsindən gedir. Bu, qanunvericiliyin tələbində yazılan şərtlərdir və rəsmiləşdirilməsi də seçki komissiyaları tərəfindən həyata keçirilir. Amma faktiki seçkinin idarə olunması və prosesin saaxtalaşdırılmasının komissiyalara heç bir aidiyyatı yoxdur. MSK  seçkini idarə edən vahid orqan sayılır, amma mən kimsəni inandırmağı əbəs sayıram ki, komissiya bütün prosesə nəzarət edir, bu, qeyri-mümkün bir şeydir.


–         Bu baxımdan 23 dekabrdan nə gözləyirsiniz?

–         23 dekabrın taleyi namizədlərin qeydə alınmasından bəllidir. Məsələn, siyasi partiya min namizəd irəli sürüb, onun da 10 faizini qeydə alıblar, nəticə etibarıyla onların da cəmi 1 faizi seçilmiş elan  olunacaq. Amma başqa rəqəmlər də var, mərkəzləşmiş şəkildə, yəni hansı bölgədə arzuolunmaz şəxslər kimlərdir, onlar heç də partiya üzvləri deyil, bu adamlar müstəqil də ola bilər. Ki, həmin şəxslər də kənarda saxlanılacaq və bəlli bir bölgü aparılacaq. Bu bölgü çərçivəsində müəyyən partiyaların adının siyahıda səslənməsi üçün 1, 2 rəqəmlərlə qarşısına seçilmiş bələdiyyə üzvü göstəriləcək.

Ana səhifəVideo“23 dekabrın taleyi namizədlərin qeydə alınmasından bəllidir” (VIDEO)