I və IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 6 abituriyent ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verərək maksimum nəticə – 700 bal toplayıb
Bu il Azərbaycanın ali təhsil müəssisələrinə cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının statistik göstəriciləri məlum olub.
APA-nın apardığı araşdırma nəticəsində məlum olub ki, IV ixtisas qrupu üzrə imtahan verən 5340 abituriyentdən 2823 (“Baytarlıq”, “Su bioehtiyatları və akvabitkilər” ixtisasları, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin “Ekologiya” və “Əczaçılıq” ixtisasları üzrə müsabiqə iştirakçıları istisna olmaqla) nəfər 200 baldan yuxarı nəticə göstərərək müsabiqədə iştirak etmək hüququ əldə edib. Onlardan 621-i 200-300 bal, 566-sı 300-400, 588-i 400-500, 602-si 500-600, 446-sı isə 600-700 bal arası nəticə göstərib. Müsabiqə şərtini ödəyə bilməyən 2517 abituriyent 0-200 bal toplayıb.
Bu il IV ixtisas qrupu üzrə 3310 plan yeri ayrılıb, onlardan 1970-i Azərbaycan, 155-i Rus, 1185-i isə birgə müsabiqə üçün nəzərdə tutulub. Qəbul planından 1405-i dövlət sifarişli yerlərin payına düşür.
Cari il I ixtisas qrupu üzrə isə 31397 abituriyent imtahan verib. İmtahan nəticələrinə əsasən, 11406 abituriyent (“Memarlıq”, “Aqromühəndislik”, “Torpaqşünaslıq və aqrokimya”, “Balıqçılıq və balıqçılıq təsərrüfatı işi”, “Meşəçilik”, “Aqronomluq”, “Zootexniklik, ixtisasları, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin “Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi” ixtisası üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ əldə edib. Onlardan 4902 nəfər isə 200-300, 3035 nəfər 300-400, 1783 nəfər 400-500, 1114 nəfər 500-600, 572 nəfər isə 600-700 bal arası nəticə göstərib.
İmtahan nəticələrinə əsasən, I ixtisas qrupu üzrə keçirilən imtahanda müsabiqə şərtini ödəyə bilməyən 19991 nəfər isə 0-200 bal toplayıb.
“Riyaziyyat”, “Fizika”, “Nəqliyyat tikintisi mühəndisliyi”, “İnşaat mühəndisliyi”, “İnformasiya texnologiyaları”, “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” ixtisasları üzrə müsabiqədə ümumi balı 250-dən az olmayan 8741 abituriyent, “Kompüter elmləri” və “Geologiya” ixtisasları üzrə müsabiqədə isə ümumi balı 300-dən az olmayan 6504 abituriyent iştirak edə bilər.
Bu il I ixtisas qrupu üzrə 13632 plan yeri ayrılıb, onlardan 11226-sı Azərbaycan, 1357-si Rus, 1149-u isə birgə müsabiqə üçün nəzərdə tutulub. Plandan 5441-i dövlət sifarişli yerlərin payına düşür.
Ümumilikdə, bu il ali məktəblərin I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında 36 737 abituriyent iştirak edib. Onlardan 14229-u 200 baldan yuxarı nəticə göstərərək müsabiqə şərtini ödəyib.
Hər iki qrup üzrə 22 508 abituriyent isə müsabiqədə iştirak etmək üçün 200 balı toplaya bilməyib. Bu da imtahanda iştirak edən abituriyentlərin 61 faizdən çoxunu təşkil edir.
I və IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 6 abituriyent ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verərək maksimum nəticə – 700 bal toplayıb.
Ixtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 29-dan avqustun 10-dək aparılacaq. Hər bir qrup üzrə ixtisasların müsabiqəsində yalnız tələb olunan müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər. 2016/2017-cı tədris ili üçün I, II, III və IV ixtisas qruplarının müsabiqəsində (ixtisas seçimində) ümumi balı 200-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilər. Ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.