Nemət Əliyev: Xaricə axan investisiyaların yönünü dəyişməyin yolu əlverişli iqtisadi mühitdir
“22 ayda kredit qoyuluşu 14 milyard dollar azalıb. Pul tapmaq üçün çeşidli beynəlxalq təşkilatlara üz tutmaqdansa, əlavə faiz və öhdəliklərin altına girməklə dövlətin borc yükünü artırmaqdansa, əlverişli iqtisadi şəraiti təmin edən islahatlar həyata keçirmək daha məqbuldur”, – iqtisadçı Nemət Əliyev belə düşünür.
O, bu haqda “Facebook” səhifəsində yazıb. Bildirib ki, təklif etdiyi bu yol kapitalın ölkədən çıxışını ləngidə, hətta dayandıra bilər:
“Yalnız bu ilin oktyabrında ev təsərrüfatlarından 286 milyon, inşaat və əmlak sektorundan 134 milyon, sənaye və istehsal sektorundan 122 milyon, ticarət və xidmət sektorundan 72 milyon manat kredit geri çəkilib. Mərkəzi Bankın açıqladığı məlumatlardan aydın olur ki, bu 1 ayda geri çəkilən kredit resurslarının ümumi məbləği 965 milyon manat olub. İqtisadiyyatı tərk edən kreditlərin 10 aylıq həcmi 6 milyard manata yaxındır”.
İqtisadçı deyir ki, alıcılıq qabiliyyətini də hesaba alsaq, məlum olar ki, ötən 22 ayda kredit qoyuluşunun həcmi 14 milyard dollar azalaraq 9,6 milyarda düşüb:
“Bəs milyardlarla ölçüyə gələn bu resurslar haraya gedir?
Banklara, qeyri-bank kredit təşkilatlarına qayıdan maliyyə resurslarının dərhal xarici valyutaya çevrilməsi şübhə doğurmur. Xarici valyuta şəklində olan bu milyardların bir hissəsi qara bazar dövriyyəsinə cəlb olunur. Daha böyük hissəsi isə ölkədən kənara çıxarılır”.
Nemət Əliyev əlavə edir ki, ölkədən kənara axan milyardların yönünü dəyişmək mümkündür. Bunu yalnız əlverişli iqtisadi şərait yaratmaq hesabına təmin etmək olar:
“Çıxan çıxıb, heç olmasa, yerdə qalan maliyyə resurslarını bu yolla qorumaq olar. Fərqli yol əsla mümkün deyil. Rüşvət və korrupsiya maşınının qarşısında əzilən, məmur özbaşınalığından bezən, monopoliya əsarətindən cana yığılan, pozulan haqq və hüquqlarını sifarişli məhkəmələrdə qoruya bilməyən investorun, biznesmenin qarşısını tankla da kəsmək olmaz! Başqa ölkələrdə daha ucuz mal başa gətirməyin (təbii qaz, elektrik enerjisi, benzin, dizel burada bahadır) mümkün olmasından xəbərdar olan iş adamı öz kapitalını burada tutmaz! Xaricə axın edən investisiyaların yönünü dəyişməyin çarəsi əlverişli iqtisadi şəraitdir. İrəli düşmək, əlavə yükdən azad olmaq üçün əlverişli iqtisadi şəraiti hədəfləyən islahatlar həyata keçirilməlidir”.