21 iyul qlobal miqyasda qeydə alınmış ən isti gün olub

Foto: arxiv

Həddindən artıq istilərin dünya iqtisadiyyatının bir çox sahəsinə ciddi ziyan vurduğu deyilir

Avropa Birliyinin İqlim Dəyişikliyi Xidmətinin (Copernicus C3S) məlumatlarına görə, 2024-cü il 21 iyul qlobal miqyasda qeydə alınmış ən isti gün olub.

Həmin gün orta gündəlik qlobal temperatur 17,09 dərəcəyə çatıb.

Bu, 2023-cü il iyulun 6-da müəyyən edilmiş əvvəlki 17,08 dərəcə selsi rekordunu üstələyir.

Avropa İttifaqının monitorinq agentliyinin ilkin məlumatlarına görə isə dünya yenidən ən isti gününü bazar ertəsi, iyulun 22-də yaşayıb.

Həmin gün havanın orta temperaturu 17,15 dərəcəyə çatıb.

İqlim Dəyişikliyi Xidmətinin (Copernicus C3S) hələlik bu məlumatları şərh etməyib.

Sonuncu dəfə 2023-cü ilə qədər gündəlik temperatur rekordu 2016-cı il avqustun 13-də qeydə alınıb – bu, 16,8 dərəcə selsi olub.

2023-cü il iyulun əvvəlindən bu yana bu rekord artıq 57 dəfə keçib.

2023 və 2024-cü illərdə illik maksimal temperaturlar əvvəlki illərlə müqayisədə xeyli yüksək olub və ümumilikdə, ən yüksək orta gündəlik temperaturun qeydə alındığı on il 2015-ci ildən 2024-cü ilə qədər olub.

“The Washington Post” yazır ki, bazar günü (21 iyul) rekord istilik demək olar ki, bütün qitələrdə hiss olunub.

Yunanıstanda bir gündə 33 meşə yanğını baş verib.

“Bloomberg” yazır ki, İspaniyanın cənubunda, Fransada və İtaliyada bəzi ərazilərdə də yanğın təhlükəsi var.

Nəşr qeyd edir ki, builki həddindən artıq istilər hava nəqliyyatı və enerji sistemlərinin işini pozaraq dünya iqtisadiyyatının bir çox sahəsinə ciddi ziyan vurub.

Bəzi alimlərin təxminlərinə görə 2024-cü il ən isti il kimi 2023-cü ilin rekordunu təzələyə bilər.

Buna səbəb olaraq iqlim dəyişikliyi və apreldə başa çatmış “El Nino” adlı təbii hava fenomeni göstərilir.

“El Nino” Sakit okeanda baş verən iqlim hadisəsidir.

Bu fenomen okean temperaturunun artması və atmosfer təzyiqinin dəyişməsi nəticəsində qlobal hava axınlarına təsir göstərir.

“El Nino” adətən hər 2-7 ildən bir baş verir və 9-12 ay davam edir.

Ana səhifəSosial21 iyul qlobal miqyasda qeydə alınmış ən isti gün olub