Rəsmi məlumatda Arif Vəliyevin uzun müddət xəstə olduğu bildirilir
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyev iyunun 23-də gecə dünyasını dəyişib.
Komitədən APA-ya bildirilib ki, A.Vəliyev uzun sürən xəstəlikdən sonra vəfat edib.
Mərhumun dəfn mərasimi iyunun 24-də baş tutacaq.
A. Vəliyev 1943-cü il iyunun 28-də Ağstafa rayonunun Həsənsu kəndində anadan olub.
O, 1971-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1961-ci ildən 1990-cı ilədək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində müxtəlif vəzifələrdə çalışıb.
1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında böyük məsləhətçi vəzifəsində işləyib. 1993-cü ilin may ayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri vəzifəsində çalışıb.
Milli Məclisin ötən həftə keçirilən toplantısında DSK-nin ünvanına sərt ittihamlar səslənmişdi. Deputat Bəxtiyar Əliyev komitə rəsmi bülletenlərində böyük təhriflərə yol verir: “ Statistika Komitəsinin bülletenlərində ciddi təhriflərə yol verilir. Bilmirəm bunu bilmədiklərindən, yoxsa qurumların ötürdüyü yanlış məlumatlar əsasında edirlər. Hər halda belə hallar mövcuddur”. Deputat Sabir Rüstəmxanlı da bildirib ki, Statistika Komitəsinin fəaliyyəti Milli Məclisdə müzakirə olunmalıdır: “Statistika Komitəsinin məlumatı hərdən yanlış olur, bəzən də insanların hissiyyatına toxunan formada verilir”. Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli deyib ki, Statistika Komitəsinin hətta deputatlara təqdim etdiyi statistik hesabatlarda ciddi səhvlər və qeyri-dəqiq məlumatlar olur: “Bunu Statistika Komitəsinin sədrinə bildirəcəm, araşdırılacaq” (Lent.az).
Amma bütün bunların məhz komitə sədrinin sağlamlığının kəskin pisləşməsinə təsir edib-etmədiyini deyə bilmərik.