“21 ildir çürüyürük…”

Sumqayıt Dəmiryol Vağzalına sığınan məcburi köçkünlər yeni ev həsrətiylə ilbəil azalırlar. “Səhərə qədər Allaha yalvarırıq ki, divar üstümzə uçmasın. Güclü külək əsəsndə divar cırıldayır. Uşaqlar tez çölə qaçır…

Source:


Sumqayıt Dəmiryol Vağzalına sığınan məcburi köçkünlər yeni ev həsrətiylə ilbəil azalırlar.


Sumqayıt şəhərində yerləşən köhnə Dəmiryol Vağzalının mehmanxanasında Qubadlı rayonundan olan məcburi köçkünlər məskunlaşıb. Son zəlzələdən sonra bu bina uçmaq təhlükəsi ilə üz-üzədir. Məcburi köçkünlər binanın ikinci mərtəbəsində yaşayır. Birinci mərtəbə vağzal olaraq fəaliyyətini davam etdirir.

Samirə Allahverdiyeva ailəsilə birgə tək otaqda məskunlaşıb. Darısqal otaqda bir neçə yataq, balaca bir miz, bir neçə qazança, paltar şkafı, onun da üstündə televizor və yaxınlığında stul var.


Otağın pəncərəsi yoxdu. Tavanın bir neçə yerindən yağış suyunun sızdığı əmələ gəlmiş ləkələrdən bilinir.

“2 metr neçə santimetr eni, 3 metr də uzunluğu var. Özümüz də 5 nəfərik. 14 ildir bu otaqda yaşayıram. Aşağı Cibirli kəndindənik. İcradan da gəlib vəziyyətimizi görüblər. Deyirlər ki, gələn ilin axırı da olmasa 2016-cı ildə bizə ev veriləcək. O vaxta da kim ölə, kim qala… Onsuz da bura gələndən neçəsi dünyasını dəyişib”.

Vağzalın mehmanxanasına 21 il bundan əvvəl 49 məcburi köçkün ailəsi yerləşdirilib. Hazırda 43 ailə burada yaşamağa davam edir. Dünyasını dəyişənlər də var.


“Üç oğul böyüdürəm bu şəraitsizlikdə. Bir oğlum idmançıdır. Hələ 12 yaşı olsa da, fərqlənmə diplomları, medalları var. Belədə heç kim maraqlanmır, ancaq hərbi xidmət yaşı gələndə tez axtarırlar…” – Samirə Allahverdiyeva CivilForum-a söyləyir.

Binada işıq daimi olsa da su saatla verilir, qaz isə ümumiyyətlə yoxdur. Binada kanalizasiya boruları köhnəlib sıradan çıxıb. İkinci mərtəbədə yaşayanların tualeti ümumidir. Hamam isə yoxdur. Ümumi tualetdən gələn üfunət dəhlizə yayılıb. Tavandakı geniş çatlardan süzülən işıq dəhlizə düşür.



“1993-cü ilin avqustun 31-dən burdayıq. Mən 4 il döyüşmüşəm. İndi biz burda 5 nəfər bir otaqda yaşayırıq. Qardaşlarım, nənəm, dədəm öldü. İndi isə həyat yoldaşım, mən və uşaqlarım burdayıq”, – digər məcburi köçkün Zakir Əliyev deyir.

Üçüncü mərtəbənin tavanında, divarlarında elektrik naqillərindən “hörümçək toru” əmələ gəlib. Üstəlik bir neçə yerdə naqillərin üstü açıqdır. Bəzi yerlərdə bu açıq elektrik naqillərinin qaraldığı görünür. Səbəbini soruşduqda “tez-tez yanır, o qədər yanğın olur ki, daha öyrəşmişik”, söylədilər.


Üçüncü mərtəbədə yerləşən otaqların hamam və tualeti ayrıca elə otaqların içində olsa da hamam vannasına əsasən su yığırlar. Anidən kəsilən sudan korluq çəkməmək üçün.

Dəhlizlərdə kiçik pəncərələr var. Onların qarşısına sakinlər otaqlarında qoymağa yer tapmadıqları əşyaları yığıblar – yay ayaqqabıları, köhnə paltar, bəzi mətbəx əşyaları. Divarlara mismar vurulub, onlara da zibil qabları asılıb. Dəhliz boyu yaş paltarlar asılıb, vağzalın damına çıxan dəhlizdəki otağı da paltar asmaq üçün istifadə edirlər. Döşəmələr də dəlik-deşikdir, yeridikcə adamın ayağı az qala çökəklərə batır.



“Bu dəhlizin altı ilə kanalizasiya borusu gedir. Hamısı da sıradan çıxıb. Nəmişlik hər şeyi məhv edib. Getməyə başqa yerimiz də yoxdur”, – Mehdi Səlimov CivilForum-a deyir.

“Gəlin, bizim otağımızı çəkin. Zəlzələdən sonra yaman günə qalıb. Səhərə qədər Allaha yalvarırıq ki, divar üstümzə uçmasın. Güclü külək əsəsndə divar cırıldayır. Uşaqlar tez çölə qaçır. Bir gəlib yoxlamırlar ki, görsünlər biz burda hansı şəraitdə yaşayırıq. 12 kvadrat metrdə yaşayan adam necə yaşayar?” – deyə digər məcburi köçkün Mahnigar Rzayeva şikayətlənir.

Rzayevlərin otağında zəlzələdən sonra açılan divar aralarına yapışqan lent vurulub. Yerdə isə xəstə həyat yoldaşı yatır. Suvağı tökülən divarı örtmüş xalçanın üstündən fəxri diplom asılıb.

“Oğluma hərbi xidmətdə veriblər. Düz 4 postu ermənilərdən xilas edib. Rəhbərliyə qədər alınından öpdülər. Ancaq yaşadığımız yerə baxın. Uşaqlar evdə yatmağa qorxur. Can şirin şeydir, ay bala. Tavan damır. Altı nəfər bir otaqda yaşayırıq. Hara gedək? 21 ildir biz bu şəraitdə yaşayırıq. Balaca zəlzələ olsa bina çökəcək”.

Dəhlizdə hər qapının önündə kiçik bir stol, üstündə isə elektrik plitəsi, onun da üstündə çaydan və qazan var. “Mətbəximiz budur”, – deyirlər qadınlar.


Binanın zirzəmisini də kanalizasiya və qurunt suları basıb. Vağzalın içində qoyulan motor kanalizasiya suyunu əsas xəttə vursa da binanın içindəki borular çoxdan sıradan çıxıb. Məcburi köçkün Mehdi Əliyev bəzən çirkab suyunun binanın birinci mərtəbəsinə qədər qalxdığını deyir.

Qubadlı Rayon İcra Hakimiyyətinin sözügedən məsələ üzrə məsul şəxsi Allahverdi Haqverdiyevin sözlərinə görə, 43 ailənin məskunlaşdığı bina haqda məlumatları var:

“Allah qoysa, bu ilin axırına gələn ilin əvvəlinə onları köçürəcəyik. Planımızda birinci elə onlardır. Başçı da deyib, biz də vəziyyəti bilirik. Camaat 20 ildən çoxdur orada məskunlaşıb. Bəzi problemlərini həll etmişik. İşıqlarını kəsmişdilər, kömək eləyib açdırmışıq. Vəziyyətlərinə bir də gedib baxarıq. Bu ay, ya da gələn ay ev məsələsinə baxılacaq. Onlar üçün nəzərdə tutulan binanın Sumqayıt yaxınlığında tikiləcəyi müəyyənləşəcək”.

Ana səhifəXəbərlər“21 ildir çürüyürük…”