Elsevər Məmmədov yanğından yarısalamat çıxan əl işlərini göstərir. Avqustun 5-də Sumqayıtda məcburi köçkünlərin yataqxanasının 3-cü mərtəbəsində baş verən yanğından sonra sakinlər üçün torpağın üstündə çadırlar qurulub. Fövqəlada Hallar Nazirliyinin rəyinə əsasən qəzalı binada məskunlaşan məcburi köçkünlər bu səfər yağışdan çıxıb, yağmura düşüblər. Onlar çadırda yaşamağın çətinliyindən danışırlar.
Köçkünlər deyir ki, Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin və Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri qida ilə təmin olacaqlarını desələr də, onlara ərzaq yardımı göstərilməyib.
Yataqxananın üçüncü mərtəbəsində təmir işləri davam edir. Sakinlərə vəd olunub ki, 10-15 gündən sonra yataqxanaya dönə biləcəklər. Onlarsa 25 ildir yaşadıqları yataqxanaya yenidən qayıtmaq istəmirlər.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov yanğından sonra ailələrlə görüşərək 12-ci mikrarayonda məcburi köçkünlər üçün bina tikildiyini vurğulayıb. O, binanın dekabrın sonunadək təhvil veriləcəyini söyləyib.