”Biz bu şəxslərin azadlığa buraxılması barədə məlumatlardan rahatlıq duyuruq, lakin bu 15 nəfərin heç bir həbs olunmamalıydı”
21 beynəlxalq hüquq-müdafiə təşkilatı birgə bəyanat yayaraq Azərbaycanda bütün siyasi məhbusların azad edilməsinə çağırıb.
“Turan İA”ə daxil olan bəyanatda hüquq müdafiəçiləri, jurnalistlər, blogerlər və fəallar daxil olmaqla 15 siyasi məhbusun azad edilməsindən razılıq ifadə olunur. Onların arasında Rəsul Cəfərov, Pərviz Həşimli, Hilal Məmmədov, Tofiq Yaqublu, Taleh Xasməmmədov, Anar Məmmədli, Rəşadət Axundov, Məhəmməd Əzizov, Rəşad Həsənov, Sirac Kərimli, Ömər Məmmədov, Nemət Pənahlı, Yadigar Sadıqov, həmçinin keçmiş dövlət məmuru Akif Muradverdyev var.
Daha bir siyasi məhbus, jurnalist Rauf Mirqədirov isə martın 17-də Apellyasiya Məhkəməsinin qərarı ilə azad edilib.
“Biz bu şəxslərin azadlığa buraxılması barədə məlumatlardan rahatlıq duyuruq, lakin bu 15 nəfərin heç bir həbs olunmamalıydı. Bundan əlavə, onlarla adam hələ həbsdədir. Onlar azad edilməlidir və bu siyasi motivli həbslərə son qoyulmalıdır”, – “Hüquqlar naminə idman” kampaniyasının koordinatoru Rebekka Vinsent bildirib.
“Bundan əlavə, onlarla digər siyasi məhbus, o cümlədən jurnalistlər Xədicə İsmayılova, Seymur Həzi, vəkil İntiqam Əliyev, gənc fəal İlkin Rüstəmzadə, REAL Hərəkatının lideri İlqar Məmmədov həbsdədir. Hətta Avropa İnsan Hüquqları Məhkəməsi İ.Məmmədovun azadlığa buraxılmasını tələb edib.
Biz beynəlxalq ictimaiyyəti ilk növbədə digər siyasi məhbusların azadlığa buraxılmasına, həmçinin Azərbaycanda insan hüquqları sahəsində ağır vəziyyətin yaxşılaşdırılması üçün gələcək islahatlara təkid etməyə çağırırıq”, – bəyanatda vurğulanır.
Sənədi imzalayanlar:
Article 19,
Civil Rights Defenders
Committee to Protect Journalists
Freedom Now
Front Line Defenders
Helsinki Foundation for Human Rights
Human Rights House Foundation
Index on Censorship
Institute for Reporters’ Freedom and Safety
International Federation for Human Rights (FIDH)
International Media Support
International Partnership for Human Rights
NESEHNUTI
Netherlands Helsinki Committee
Norwegian Helsinki Committee
PEN America
People in Need
Platform
Polish Green Network
Reporters Without Borders
World Organisation Against Torture (OMCT).