”Daha Olimpiya Oyunlarını bir yox, bir neçə şəhər keçirəcək”
“Bakı 2024-cü il Yay Olimpiya Oyunlarına namizədliyini verməyib. Amma 2028-ci il üçün verilə bilər. Təbii ki, bu, Milli Olimpiya Komitəsinin prezidentinin qərarından asılıdır”.
Jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib. Onun sözlərinə görə, Azərbaycan Beynəlxalq Olimpiya Komitəsinin bəzi tələblərini yerinə yetirməlidir: “Məsələn, su idman növləri üzrə bizdə tamaşaçı yeri 6 mindir. Amma tələb 18 mindir. Yəqin ki, gələcəkdə şərtlər güzəştli olacaq”.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə isə deyib ki, bundan sonra bir olimpiadanı bir neçə ölkə keçirəcək: “Beynəlxalq Olimpiya Komitəsinin qərarına əsasən, daha Olimpiya Oyunlarını bir yox, bir neçə şəhər keçirəcək. Ola bilsin ki, gələcəkdə Türkiyə və Azərbaycan olimpiadaya birgə ev sahibliyi etsin. Bəzi növlərə biz, bəzilərinə isə Türkiyə ev sahibliyi edə bilər”.
2017-ci il mayın 12-dən 22-nə kimi Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirildi. 20 idman növü üzrə keçirilən yarışda 50-dən çox müsəlman ölkəsi iştirak etdi.
İyunda isə Bakıda Formula 1 yarışı keçiriləcək. Bu, Azərbaycanın indiyədək keçirdiyi ilk böyük yarışmalar deyil. Daha əvvəl “Eurovision”, “2015 Yay Avropa Olimpiya Oyunları”, “Formula 1 2016 Gran Prix” yarışlarına ev sahibliyi edib.