2025-ci ilin ilk beş ayı ərzində Azərbaycanda 14 hərbi qulluqçu həyatını itirib

İllüstrasiya: Meydan TV

2024-cü ildə isə 51 hərbi qulluqçu vəfat edib

2025-ci ilin ilk beş ayı ərzində Azərbaycanda 14 hərbi qulluqçu həyatını itirib.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) kütləvi informasiya vasitələri üzrə keçirdiyi monitorinqin nəticələrinə görə, onların hamısı qeyri-döyüş itkiləridir.

Ümumilikdə, 2025-cü ildə 2 nəfər avtomobil qəzasından, 2 nəfər müxtəlif bədbəxt hadisələrdən (qar uçqunu), 4 nəfər müxtəlif xəstəliklərdən, 4 nəfər intihardan, 1 nəfər mina partlayışından, 1 nəfərsə naməlum səbəbdən vəfat edib.

11 nəfər Müdafiə Nazirliyinin, 2 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfər isə Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçuları olub.

Vəfat edənlərin 9-u əsgər, 1-i zabit, 1-i müddətdən artıq xidmət edən hərbi qulluqçu, 1-i kursant, 1-i kiçik gizir, 1-i isə çavuşdur.

2025-ci ildə ümumilikdə ən azı 4 hərbi qulluqçu müxtəlif səbəblərdən yaralanıb və ya xəsarət alıb. Onlardan 1-i anti-terror əməliyatı nəticəsində yaralanıb, 3-ü isə zəhərlənib.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun araşdırmasına görə, 2024-cü ildə Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektoru ən azı 51 hərbi qulluqçusunu itirib.

Onlardan 49 nəfəri qeyri-döyüş itkiləri, 2-si isə 2023-cü ilin sentyabrında Qarabağda keçirilmiş lokal hərbi əməliyyatdan sonra yaralanmış və uzun müddətdə komada qalmış hərbçilərdir.

Ümumilikdə, 2024-cü ildə 15 nəfər avtomobil qəzasından, 5 nəfər müxtəlif bədbəxt hadisələrdən, 12 nəfər müxtəlif zəhərlənmə və xəstəliklərdən, 10 nəfər intihardan, 2 nəfər anti-terror əməliyyatları səbəbindən, 4 nəfər qeyri-qanuni haldan, 2 nəfər ehtiyatsızlıqdan, 1 nəfərsə naməlum səbəbdən həyatını itirib.

Bu dövrdə vəfat edənlərin 44 nəfəri Müdafiə Nazirliyinin, 3 nəfəri Daxili Qoşunların, 3 nəfəri Dövlət Sərhəd Xidmətinin, 1 nəfəri isə Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçuları olub.

Onlardan 25 nəfəri əsgər, 14 nəfəri zabit, 9 nəfəri MAHHXQ, 3 nəfəri isə gizirdir.

2024-cü ildə ümumilikdə ən azı 20 hərbi qulluqçu müxtəlif səbəblərdən yaralanıb və ya xəsarət alıb.

Onlardan 15-i avtomobil qəzası nəticəsində, 2-si Ermənistan Silahlı qüvvələri tərəfindən açılan atəş nəticəsində xəsarət alıblar, 2 nəfər minaya düşüb, 1 nəfərsə zəhərlənib.

Ana səhifəSiyasət2025-ci ilin ilk beş ayı ərzində Azərbaycanda 14 hərbi qulluqçu həyatını itirib