2019-cu il iqtisadiyyatda nə ilə yadda qaldı?

“Bəzi proseslərin fəsadlarını gələn il görə biləcəyik”

Source: Foto: arxiv


“Hər hansı bir iqtisadi inkişafdan söhbət belə gedə bilməz”

“2019-cu ili iqtisadiyyat baxımından sabit il adlandırmaq olar. Manatın məzənnəsi dollar qarşısında dəyişməz qaldı. Eyni zamanda, iqtisadi artım da olmadı”.

Bunu 2019-cu ilin nəticələri ilə bağlı Meydan TV-ə danışan, iqtisadçı Natiq Cəfərli deyib.


“Mərkəzi Bank “üzən məzənnə rejimi”, – sözündən də imtina etdi”

Natiq Cəfərli deyir ki, bazar iqtisadiyyatı qaydaları tətbiq edilmədən, manat inzibati qərarla da olsa, sabit qaldı. Üstəlik, Mərkəzi Bank “üzən məzənnə rejimi”, – sözündən də imtina etdi. Bir növ məzənnənin artıq inzibati qaydada tənzimləndiyini etiraf etmiş oldu:

“Bununla da Azərbaycanda növbəti dəfə uzunmüddətli, sabit qaydada məzənnə rejiminə qədəm qoydu. Uzunmüddətli, sabit məzənnənin fəsadlarını biz 2015-ci ildə gördük. İki kəskin devalvasiya oldu. Bu, sabit və inzibati tənzimlənən məzənnənin nəticəsi idi. İnsanlara böyük bir zərbə oldu”.

“Sosial xərclərin artırılması özünü gələn ilin büdcəsində göstərəcək”

İqtisadçı deyir ki, uzun zaman eyni rejimdə, inzibati qaydada məzənnə tənzimlənməsi mümkün deyil. Odur ki, bunun fəsadlarını da gələcək zamanda görəcəyik. Natiq Cəfərli iqtisadiyyatda baş verən daha bir hadisənin prezidentin sosial sahədə verdiyi fərmanlar olduğunu söyləyir. Deyir, minimum əmək haqqının bir ildə iki dəfə artımı, minimum təqaüdün qalxması və s. gələn ilin büdcəsində sosial xərclərin artırılması ilə özünü göstərəcək:

“Bundan başqa, bu il gömrük və vergi sistemi ilə bağlı müəyyən dərəcədə ağarma oldu. 2019-cu il korrupsiyanın müəyyən dərəcədə ağardılması ilə yadda qaldı. Bunun nəticəsi olaraq da dövlət büdcəsinə daxilolmalar artdı”.

Natiq Jafarli (2).jpg
Natiq Cəfərli

Natiq Cəfərli deyir ki, prezident və məmurların bunu iqtisadiyyatın sağlamlaşdırılması, iqtisadiyyatda aktivliyin artması kimi təqdim etmələri səhvdir. Çünki belə deyil:

“Korrupsiya silinmələrinin bəzi elementləri ağardılır deyə, dövlət büdcəsinə əlavə vəsaitlər daxil olur. Bu, iqtisadi aktivliyin nəticəsi kimi təqdim edilməməlidir. Bu məbləğ iqtisadi aktivlikdən doğaraq büdcəyə daxil olmayıb”.


“Bəzi proseslərin fəsadlarını gələn il görə biləcəyik”

Natiq Cəfərli deyir ki, 2019-cu ilin daha bir yeniliyi iqtisadiyyat nazirliyi adı altında super nazirlik yaradılmasıdır. İqtisadi sferada fəaliyyət göstərən bir çox istiqamət həmin nazirlik altında toplanıb:

“Ancaq bunun ciddi bir effekt verib-verməyəcəyini gələn il biləcəyik. Çünki yeni atılmış və yarımçıq bir addımdır. Dövlət büdcəsində daxilolmaların iki istiqaməti həmin nazirlikdə toplanıb. Ancaq Gömrük Komitəsinin müstəqil bir qurum kimi qalması iqtisadi proseslərin vahid mərkəzdən idarəolunması məsələsini ləngidəcək. Biz bunun fəsadlarını gələn il görə biləcəyik”.


“İqtisadi inkişafdan söhbət belə gedə bilməz”

İqtisadçı deyir ki, bu il Azərbaycanın həm də bir neçə beynəlxalq layihələrinin açılışı oldu:

“Məsələn, TANAP layihəsinin bu yaxınlarda böyük bir mərasimlə növbəti mərhələsinin açılışının şahidi olduq. Ümumilikdə iqtisadi mənzərəyə baxdıqda, bu ili inkişaf yox, sabitlik ili adlandırmaq olar. Hər hansı bir iqtisadi inkişafdan söhbət belə gedə bilməz. Ümumdaxili məhsulda ciddi bir artım müşahidə edilməyib. Azərbaycanın neftdən asılılığı həm büdcə parametrlərində, həm də xarici ticarətdə hələ də yüksək səviyyədə qalır”.

Ana səhifəİqtisadiyyat2019-cu il iqtisadiyyatda nə ilə yadda qaldı?