2017-ci ilin büdcəsində əsaslı xərclər 43 faiz artırılıb

Bu isə ilkin variantdakı məbləğdən 34 faiz və ya 641 mln.manat çoxdur

Source:


Bu isə ilkin variantdakı məbləğdən 34 faiz və ya 641 mln.manat çoxdur

2017-ci ilin dövlət büdcəsində əsaslı xərclər üçün 5,213 milyard manat nəzərdə tutulub. Bu barədə Milli Məclisə təqdim olunan qanun layihəsində qeyd edilib.

“Report” yazır ki, bu vəsaitin həcmi hökumətin hazırladığı ilkin büdcə variantı ilə müqayisədə 43 faiz, yaxud 1 558,6 mln. manat çoxdur.

Layihənin yeni variantında qeyd olunub ki, bu xərclərin dövlət büdcəsi məsrəflərinin tərkibində xüsusi çəkisi 31,4 faiz təşkil edəcək. Bu da 2016-cı illə müqayisədə 6,5 faiz çoxdur.

Əsaslı xərclərin tərkib hissəsi olan dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərclərinə növbəti ilin büdcəsindən 2 501,0 mln. manat sərf ediləcək. Bu isə ilkin variantdakı məbləğdən 34 faiz və ya 641 mln.manat çoxdur.

Həmin vəsaitin 560,0 mln. manatı və ya 22,4 faizi Cənub Qaz Dəhlizi layihəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) iştirak payının maliyyələşdirilməsi üçün şirkətin nizamnamə kapitalının artırılmasına yönəldiləcək. İnvestisiya xərclərinin 1 941,0 mln. manatı və ya 77,6 faizi digər zəruri hesab edilən prioritet layihələrin və tədbirlərin maliyyələşdirilməsinə (dövlət zəmanəti ilə xaricdən cəlb edilmiş kreditlər hesabına həyata keçirilən investisiya layihələrdə Azərbaycan tərəfinin maliyyələşdirdiyi öhdəliklərin yerinə yetirilməsinə və digər investisiya layihələrin maliyyələşdirilməsinə) yönəldiləcək.

Layihəyə əsasən, 2017-ci il dövlət büdcəsinin əsaslı xərclərinin 2 712,0 mln. manatı dövlət büdcəsinin müvafiq xərc bölmələrində əksini tapmaqla xüsusi dövlət alışlarının həyata keçirilməsinə, sosial-mədəni və məişət, inzibati, istehsalat təyinatlı layihələrin, bina və qurğuların, yolların yenidən qurulmasına və əsaslı təmirinə, qeyri-maliyyə aktivlərinin (əsas vəsaitlər, bina və tikililər, yaşayış və qeyri-yaşayış binaları) alınmasına yönəldiləcək. Bu məbləğ isə ilkin variantla müqayisədə 51 faiz, yaxud da 915,6 mln. manat çoxdur.

Ana səhifəXəbərlər2017-ci ilin büdcəsində əsaslı xərclər 43 faiz artırılıb