”Azı 14 hərbi qulluqçu həlak olub”
“Xəzər” Hərbi Tədqiqatlar İnstitutu (CDSI) 2017-ci ildə Azərbaycanın itirdiyi hərbçilərin statistikasını açıqlayıb.
Məlumatda 2017-ci ilin ilk aylarında Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda azı 14 hərbi qulluqçunun həlak olduğu deyilir. Ölənlərdən 10-u döyüş, 4-ü qeyri-döyüş itkisidir.
Məlumatda Silahlı Qüvvələrin 10 hərbi qulluqçusunun cəbhə xəttində Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olduğu bildirilir. Bundan başqa, 1 hərbçi xəstəlikdən, 1 nəfərin intihar etdiyi, 1 nəfərin bədbəxt hadisədən (qar uçqunu) dünyasını dəyişdiyi deyilir. 1 nəfərsə əsgər yoldaşının açdığı atəş nəticəsində dünyasını dəyişib.
Onlardan 8 nəfəri müddətdən artıq hərbi xidmət keçən, 5 nəfəri əsgər, 1 nəfərsə zabitdir. Hamısı Müdafiə Nazirliyinin hərbi qulluqçuları olub.
Ötən dövrdə ümumilikdə 1 hərbi qulluqçu yaralanıb (və ya xəsarət alıb). Onun erməni gülləsindən yaralandığı bildirilir.
CDSI qeyd edir ki, 24-25 fevral tarixlərində aparılan hərbi əməliyyatlar nəticəsində Azərbaycan tərəfindən yaralanan və ya xəsarət alan hərbi qulluqçuların sayının daha çox olması ehtimalı var.
Ötən dövrdə azı 1 dinc sakin həlak olub. Həmin şəxs mina partlayışı nəticəsində həyatını itirib. Ötən dövrdə bir nəfər Azərbaycan vətəndaşı erməni hərbçiləri tərəfindən əsir götürülüb.