2016-cı ili büdcənə uyğun qarşıla

Bu bayramın ən məşhur keçirildiyi şəhərlərdə 2 və 5 günlük tətilin neçəyə başa gələcəyini hesabladıq

Source:

Azərbaycanlıların bəlkə də ən səbirsizliklə gözlədikləri, hazırlaşdıqları bayram yeni ildir. Həmin ərəfədə verilən bir həftəlik tətil də lap yerinə düşür. Əksəriyyətimiz bundan istifadə edib yeni il tətilini xaricdə keçiririk. Son illər xüsusən də gənclər arasında yeni ili xaricdə qarşılamaq ənənəyə çevrilib.

Bu da yeni ili evdə qarşılamaqdan baha başa gəlir. Dövlət Statistika Komitəsi deyir ki, Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 449,5 manatdır. Necə edək ki, həm yeni ili xaricdə istədiyimiz kimi qarşılayaq, həm də büdcəmiz zorlanmasın?

Bunları nəzərə alıb sizin üçün yeni ili ən ucuz keçirə biləcəyiniz şəhərlərdən tutmuş, bu bayramın ən məşhur keçirildiyi şəhərlərdə 2 və 5 günlük tətilin neçəyə başa gələcəyini hesabladıq.

Azərbaycanlılar yeni ili daha çox Dubay, Tbilisi və Moskvada keçirməyi sevirlər. Avropa ölkələrindənsə, Fransa, İtaliya və Çexiyada qarşılamağa üstünlük verirlər. Elə bu, 6 ölkədən başlayaq…


Dubay, Birləşmiş Ərəb Əmirlikləri

“Qatar Airways”-lə 29 dekabr – 5 yanvara olan Bakı-Dubay-Bakı uçuşunun qiyməti 608 manatdır. AZAL-ın eyni tarixlərə olan Bakı-Dubay-Bakı reysinin qiyməti isə 228 manatadır.

Eyni tarixdə həmin uçuşu “Flydubai” Tiflis hava limanından 384 dollara həyata keçirir. O ki qaldı harada qalacağına, Dubayın şəhər mərkəzinə 10 km-lik məsafədə olan ən ucuz 3 ulduzlu mehmanxanasının 5 gecəlik qiyməti 332 manatdır.

Ən aşağı uçuş və mehmanxana qiymətilə birgə 560 manat edir. Yemək xərcləri isə özündən asılıdır. Restoran qiymətlərindən görünür ki, bir günlük yeməyə 30 manatdan tutmuş, 100 manata qədər xərcləyə bilərsən. Beləliklə, yemək xərclərini də minimum 30 manatdan hesablasaq, yeni ildə 5 günlük Dubaya getmək sənə 710 manata başa gələcək.


Tbilisi, Gürcüstan

Bakıdan Tbilisiyə avtobus, qatar və təyyarə ilə gedə bilərsən. Avtobusla gedib-gəlmək sənə 25, qatarla 62 manata başa gələcək. Yeni il ərəfəsində Tbilisiyə ən ucuz təyyarə biletini “Qatar Airways” təklif edir: gediş-gəliş 163 avro.

Tbilisidə qala biləcəyin ən ucuz 3 ulduzlu mehmanxananın 5 gecəsi 198 manatadır. Aşağı qiymətlə (avtobusla gediş) hesablansa, cəmi 223 manat edir. Restoranlar isə kifayət qədər ucuzdur. 1 nəfərin günlük yeməyi 20 manatdan çox tutmayacaq. Beləliklə, yeni ili Tbilisidə qarşılamaq yemək xərcləri ilə birgə sənə 323 manata başa gələcək.


Moskva, Rusiya

Bakıdan Moskvaya həm qatar, həm də təyyarə ilə gedə bilərsən. Qatarla gediş-gəliş təxminən 206 manata başa gəlir. AZAL-ın 29 dekabr – 3 yanvar reysinin qiyməti isə 227 manatadır. “Georgian Airways”in həmin tarixlərə olan Tbilisi- Moskva-Tbilisi reysinin qiyməti isə 251 avrodur.

Yeni il ərəfəsində Moskvanın şəhər mərkəzinə yaxın ən ucuz 3 ulduzlu mehmanxanasının 5 gecəlik qiyməti 168 manatdır. Qiymətə səhər yeməyi də daxildir. Gündəlik günorta axşam yeməklərini də 30 manatdan hesablasaq, bu səyahət sənə təxminən 500 manata başa gələcək.


Paris, Fransa

AZAL-ın 29 dekabr- 5 yanvar Bakı-Paris-Bakı uçuşlarının qiyməti 561 manatdır. Türk Hava Yolları isə həmin tarixlərə Bakı-Paris-Bakı uçuşunu 406, Tbilisi-Paris-Tbilisi uçuşunu isə 277 manata təklif edir.

Yeni il ərəfəsində Parisin ən ucuz 3 ulduzlu mehmanxanasının 5 gecəlik qiyməti 218 manatadır. Restoran qiymətlərinə görə gündəlik yemək xərclərin minimum 50 manat edir. Beləliklə, Parisdə 5 günlük yeni il tətili Bakı uçuşu ilə 874, Tbilisidən uçmaqla 745 manat edir.


Roma, İtaliya

AZAL Bakıdan Romaya uçuş təşkil etmir. Ancaq Türk Hava Yollarının (THY) 29 dekabr- 4 yanvar Bakı-Roma-Bakı reysi var. Qiymət 399 manatdır. Ukrayna Hava Yolları həmin uçuşu 455, “British Airways” isə 522 manata təklif edir. Eyni uçuş Tbilisi Hava limanından Ukrayna Hava Yolları ilə 272, Türk Hava Yolları ilə 275 manatdır.

Romada ən uyğun 2 ulduzlu mehmanxananın 5 gecəlik qiyməti 237 manatdır. Gündəlik 50 avroluq yemək xərci də daxil edilməklə, yeni ili Romada qarşılamaq sənə Bakıdan uçuşla 886, Tbilisidən uçuşla 759 manata başa gələcək.


Praqa, Çexiya

Turizm şirkətləri yeni ili Praqada qarşılamaq istəyənlərə orta əsr ab-havası vəd edirlər. Həmçinin qonaqları şam və məşəllərlə işıqlandırılan daş zalda bayram yeməyi və şou da gözlənilir: qılıncoynadanlar, rəqqasələr, fokusçular, dərvişlər, falçılar, canlı orta əsr musiqisi də öz yerində.

AZAL-ın dekabrın 30-u – yanvarın 3-nə olan Bakı-Praqa-Bakı reysinin qiyməti 763 manatdır. “British Airways” 29 dekabr – 4 yanvara olan Bakı-Praqa-Bakı uçuşunu 513 Pragamanata təklif edir. Pegasusun həmin tarixə olan Tbilisi-Praqa-Tbilisi reysinin qiyməti isə 330 manatdır.

Praqada şəhər mərkəzinə yaxın 3 ulduzlu mehmanxananın 5 günlük qiyməti 191 manatdır. Gündəlik 50 avroluq yemək xərclərini də hesablamaqla, Praqada keçirəcəyin 5 günlük yeni il tətili sənə Bakıdan uçuşla 954, Tiflisdən getməklə 771 manata başa gələcək.

Praqaya getmək üçün ucuz, ancaq uzun olan bir yol da var. Macarıstanın hava yolu “WizzAir” Gürcüstanın Kutaisi şəhərindən Budapeştə ucuz uçuşlar təşkil edir. “WizzAir”-in 29 dekabr- 4 yanvar tarixli Kutaisi-Budapeşt-Kutaisi reysinin qiyməti 100 avrodur. Budapeştdə yeni il keçirmək istəyənlər ucuz qiymətdən yararlana bilərlər. Budapeştdən Praqaya “Student Agency” avtobus şirkətinin gündəlik reysləri var. Adambaşına cəmi 19 avro ödəməklə Praqaya gedə bilərsən.

Bu cür yolla sən, Bakı-Tiflis-Bakı avtobusuna 25, Tiflis-Kutaisi-Tiflis avtobusuna 15, “WizzAir”-in Kutaisi-Budapeşt-Kutaisi reysinə 100 manat ödəməklə, cəmi 140 manata Budapeştə, Budapeşt-Praqa-Budapeşt avtobusuna isə 40 manat ödəməklə Praqaya gedə bilərsən. Bu da sənə gedişli-gəlişli 180 manata başa gələcək.


Uludağ, Bursauludağ

Türkiyə islam ölkəsi olduğundan yeni ildə ora gedən çox olmur. Ancaq Türkiyədə də yeni ilin maraqlı qarşılanacağı yerlər var. Məsələn, Bursanın Uludağına gedə bilərsən. 2 il əvvəl yeni ili Uludağda qarşılamışdıq. Əsl qış ab-havası var idi. Qar, xizək, kanat… 3 ulduzlu mehmanxananın gününə 100 lirə (o vaxtkı qiymətlə 35.3 manat) vermişdik. Qiymətə gündə 3 dəfə yemək, 2 dəfə çay-kofe təklif edirdilər. Türk hamamından istifadə və sauna da qiymətə daxil idi.  Bu da 5 gecəyə 175 manat etmişdi. Bakıdan Tbilisiyə gediş-gəliş (avtobusla) üçün 25 manat ödəmişdik. Tbilisidən İstanbula təyyarə biletinin gediş-gəlişinə isə 100 manat (maksimum 150 manat olur). İstanbuldan Uludağa həm gəmi, həm də avtobusla gedə bilərsiz. Hər ikisinin qiyməti 20 lirədir (gediş-gəliş edir 40 lirə (14.12 manat)). Gediş-gəliş, mehmanxana, yemək daxil olmaqla cəmi 315 manat edir.

Bakıdan getmək istəsəz, AZAL-ın 29 dekabrın – 4 yanvar Bakı-İstanbul-Bakı reysinin qiyməti 226 manatdır. Beləliklə, 5 günlük Uludağ istirahəti sizə 416 manata başa gələcək. Turagentliklərsə Uludağda 5 günlük istirahətin ən ucuzunu 650 manatdan təklif edirlər.


London, Birləşmiş Krallıq

AZAL 29 dekabr- 3 yanvar Bakı-London-Bakı reysini 638 manata təklif edir. Türk Hava Yollarının eyni tarixlərə olan uçuşlarının qiyməti isə 395 avrodur. Tbilisi hava limanından uçmaqla həmin reysə 326 manat ödəyə bilərsiz.

Londonda ən ucuz 3 ulduzlu mehmanxananın 5 gecəsinin qiyməti 253 manatdır. Gündəlik 60 manat yeməyə hesablasaq, yeni ili Londonda qarşılamaq sizə Bakıdan uçuşla 948, Tbilsidən getməklə 879 manata başa gələcək.

Bu saydığımız yerlər ən məşhur yeni il şənliklərinin keçirildiyi şəhərlər idi. Adları çox çəkilməyən, ancaq yeni il üçün sərfəli olan yerlər də var. Məsələn, bütün xərclər daxil olmaqla (bura şəhər daxilində 3 ulduzlu mehmanxanada 2 gecəlik qiymət, iki nəfərlik şam yeməyi, içkilər, şəhər turu və yaxınlarına ucuzvari hədiyyə almaq daxildir) yeni il tətili sizə Strasburqda (Fransa) 260, Krakovda (Polşa) 225, Lissabonda (Portuqaliya) 220, Praqada (Çexiya) 218, Dubrovnikdə (Xorvatiya) 215, Afinada (Yunanıstan) 205, Tallində (Estoniya) 200, Riqada (Latviya) 186, Budapeştdə (Macarıstan) 184, Vilnüsdə (Litva) 155 dollara başa gələr.

Ana səhifəXəbərlər2016-cı ili büdcənə uyğun qarşıla