2016-cı ildə cinayətlərin sayı azalıb

9 nəfər prokurorluq orqanlarından xaric edilib

Source:


9 nəfər prokurorluq orqanlarından xaric edilib

Ötən il qeydə alınmış 178 qəsdən adam öldürmə cinayətlərindən 172 hadisənin üstü açılıb. O cümlədən qeyri-aşkar şəraitdə törədilmiş 64 cinayətin isti izlərlə açılması təmin olunub. Bu da həmin cinayətlərin açılmasının 96,6 faizini (2015-ci ildə 95,5 %) təşkil edib. Ümumilikdə qeydə alınmış qəsdən adam öldürmə cinayətlərinin sayı 2015-ci illə müqayisədə 25 hadisə və açılmamış bu xarakterli cinayətlərin sayı 3 hadisə azalıb.

APA-nın məlumatına görə, bu barədə Baş Prokurorluqda keçirilən əməliyyat müşavirəsində bildirilib.

Müşavirədə qeyd olunub ki, hesabat dövründə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən dövlət və özəl sektorun 298 vəzifəli şəxsi barəsində 182 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib. Həmin işlər üzrə vurulmuş 202 milyon 430 min manat maddi ziyandan 31 milyon 752 min manatının ödənilməsi təmin edilib, 78 milyon 283 min manat məbləğində əmlakın üzərinə həbs qoyulub.

Hesabat dövründə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxslərinin dövlət əmlakının mənimsənilməsi və digər qanunsuz əməllərinə dair cinayət işi üzrə istintaq yekunlaşdırılaraq 11 vəzifəli şəxs barəsində cinayət işi baxılması üçün məhkəməyə göndərilib. Vurulmuş ziyanın 18 milyon 778 min manatının ödənilməsi təmin edilib, 66 milyon 985 min manat məbləğində əmlakın üzərinə həbs qoyulub.

Müşavirədə bildirilib ki, respublikada ictimai rezonansa səbəb olan bir sıra cinayət işlərinin istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində yekunlaşdırılıb. Bura “Nardaran işi” və ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli vəzifəli şəxslərinin barəsində açılmış cinayət işi daxildir.

Müvavirədə o da vurğulanıb ki, 2016-cı ildə aparılmış xidməti yoxlamalar nəticəsində 49 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib, o cümlədən 9 nəfər prokurorluq orqanlarından xaric edilib.

Baş Prokurorluğun Təşkilat-analitik və Kadrlar idarələri, habelə digər struktur qurumların rəhbərlərindən tələb edilib ki, əməkdaşların fəaliyyətlərində aşkara çıxarılan neqativ təzahürlərə qarşı mübarizə xətti davam etdirilsin, xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi məsələlərində prinsipiallıq daha da artırılsın.

Ana səhifəXəbərlər2016-cı ildə cinayətlərin sayı azalıb