”Aprel döyüşlərində Azərbaycan tərəfi 91, Ermənistan tərəfi isə 77 hərbçi itirib”
“Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun (Caspian Defense Studies Institute – CDSI) Azərbaycan, Gürcüstan və Ermənistanın rəsmi qurumlarının məlumatları, Kütləvi İnformasiya Vasitələri üzərində apardığı monitorinqin nəticələrinə görə, 2016-cı ilin ötən dövründə (noyabrın 13-dək) 3 ölkənin Təhlükəsizlik və Müdafiə sektoru ümumilikdə 279 hərbi qulluqçusunu itirib. Onların 214 nəfəri atəşkəs pozuntusu (o cümlədən mina partlayışı), 82 nəfəri isə qeyri-döyüş itkiləridir.
Döyüş itkiləri əsasən aprelin 2-5-də Azərbaycan və Ermənistan hərbi qüvvələrinin təmas xəttində aparılan hərbi əməliyyatlar zamanı ortaya çıxıb. Mətbuatda dərc olunan məlumatlara görə (adlı siyahı üzrə), həmin hərbi əməliyyatlarda Azərbaycan tərəfi 91, Ermənistan tərəfi isə 77 hərbi qulluqçusunu itirib. Hər iki tərəfin müvafiq dövr üçün hərbi itkilərinin daha çox olması ehtimalı var. Azərbaycan və Ermənistan Müdafiə Nazirlikləri qarşılıqlı olaraq qarşı tərəfin daha çox hərbi itki verdiklərini iddia edirlər.
Aprelin 2-5-də baş verən hərbi əməliyyatlar zamanı Azərbaycan və Ermənistana aid xeyli sayda hərbi qulluqçu məhz mina partlayışından dünyasını dəyişib və ya yaralanıb. Bu istiqamətdə dəqiq, adlı məlumatları tam aydınlaşdırmaq mümkün olmayıb. Hələlik ortada bütün itkiləri əks etdirəcək rəsmi statistika yoxdur.
Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda 141 hərbi qulluqçu dünyasını dəyişib. Dünyasını dəyişənlərin 106 nəfəri döyüş, 35 nəfəri isə qeyri döyüş itkisidir.
Silahlı Qüvvələrin 106 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olub (bəziləri mina partlayışından dünyasını dəyişib). Bundan başqa 3 hərbi qulluqçu avtomobil qəzası, 5 hərbçi xəstəlik nəticəsində, 9 nəfərin intihar etdiyi, 3 nəfərin ehtiyatsızlıqdan, 5 nəfərin isə bədbəxt hadisədən dünyasını dəyişdiyi bildirilir. 8 nəfərsə əsgər yoldaşının açdığı atəş nəticəsində ölüb. 3 nəfərin isə naməlum səbəbdən dünyasını dəyişdiyi bildirilir.
Dünyasını dəyişənlərin 80 nəfəri əsgər, 18-i müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu, 12 gizir, 31 nəfərsə zabit olub. Dünyasını dəyişənlərin 136 nəfəri Müdafiə Nazirliyinin, 2-i Daxili Qoşunların, 1-i Ədliyyə Nazirliyinin, 2-i isə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları olublar.
Ötən dövrdə ümumilikdə 56 hərbi qulluqçu yaralanıb (və ya xəsarət alıb). Onlardan 48 nəfəri erməni tərəfin gülləsindən, 5 nəfər minaya düşüb. Bundan başqa, bir hərbçi (MN) avtoqəza nəticəsində, bir nəfərsə (DTX) təlim zamanı qumbara partlaması nəticəsində xəsarət alıb. Bir nəfər əsgərsə ağır vəziyyətdə hospitala yerləşdirilib. Onunla bağlı Müdafiə Nazirliyinin açıqlaması yoxdur.
2-5 aprel tarixlərində aparılan hərbi əməliyyatlar nəticəsində Azərbaycan tərəfindən yaralanan və ya xəsarət alan hərbi qulluqçuların sayının daha çox olması ehtimalı var. Bu istiqamətdə hər hansı rəsmi statistika yoxdur.
Ötən dövrdə ən azı (aprel ayı ərzində) 18 dinc sakin həlak olub, 26 nəfər yaralanıb. Belə ki, Tərtərdə 16 nəfər, Ağdamda 2 dinc sakin erməni hərbi birləşmələrinin atəşi nəticəsində həlak olub. Tərtərdə 7 nəfər, Ağdamda isə 1 nəfər yaralanıb.
Ermənistan Silahlı Qüvvələrinin 153 hərbi qulluqçusu dünyasını dəyişib. Dünyasını dəyişənlərin 108-i döyüş, 45 nəfəri isə qeyri-döyüş itkisidir.
108 hərbçi Azərbaycan tərəfinin atəşindən (eyni zamanda mina partlayışından), 11 nəfərsə avtomobil qəzasından dünyasını dəyişib. Bundan başqa 9 nəfər intihar edib, 20 nəfər əsgər yoldaşı tərəfindən qətlə yetirilib. 3 nəfərsə bədbəxt hadisə (elektrik cərəyanı və naməlum səbəb) nəticəsində dünyasını dəyişib. 2 nəfər xəstəlik səbəbindən ölüb.
Dünyasını dəyişənlərin 25-i zabit, 28 nəfəri müqaviləli əsgər, 100 nəfəri isə müddətli xidmət hərbi qulluqçusu olub. Ölənlərin hamısı Ermənistan Müdafiə Nazirliyinin (o cümlədən Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisindəki hərbi birləşmələrin) hərbi qulluqçularıdır. İnsidentlərin 113-ü Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik rayonların ərazisində, 40-ı isə Ermənistan ərazisində baş verib.
Ötən dövrdə Ermənistan Silahlı Qüvvələrinin 160 hərbi qulluqçusu yaralanıb və ya xəsarət alıb. 8 hərbi qulluqçusu (müqaviləli əsgərlər) avtomobil qəzasında, 3 nəfər isə bədbəxt hadisədən xəsarət alıb. 149 əsgərsə cəbhə xəttində yaralanıb.
2016-cı il ərzində ümumilikdə 20-yə yaxın erməni könüllüsü cəbhə xəttində həlak olub, 15 könüllü yaralanıb.
Müvafiq dövrdə Gürcüstan ordusunun iki hərbi qulluqçusu dünyasını dəyişib.
Onlardan biri H1N1 virusundan, digəri isə bədbəxt hadisə nəticəsində ölüb. Onların hər ikisi (mayor rütbəli və əsgər) Müdafiə Nazirliyinin hərbi qulluqçuları olublar.
Gürcüstan Silahlı Qüvvələrində hərbi itkilərin statistikasının fərqli olması istisna deyildir. Bu istiqamətdə araşdırmalar davam edir.