Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi ilin yekunları ilə bağlı toplantı keçirib
Dekabrın 27-də Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi başa çatmaqda olan ilin yekunlarını müzakirə ediblər.
“Turan”-ın məlumatına görə, komitə 2016-cı ili bütün sahələrdə, o cümlədən insan hüquqları sahəsində böhranın davam etməsi və dərinləşməsi ilə səciyyələndirib.
Bildirilib ki, siyasi məhbusların böyük bir qrupu əfv edildikdən sonra vətəndaş cəmiyyəti fəallarının yeni həbs dalğası və onlara qarşı məhkəmələr başlayıb. Buna misal kimi Qiyas İbrahimov və Bayram Məmmədovun həbsi, “Nardaran işi”, eləcə də AXCP fəalları Fuad Qəhrəmanlı və Faiq Əmirovun işləri göstərilib.
O da vurğulanıb ki, il həmçinin KİV sahəsində, internet istifadəçiləri və bütünlükdə şəxsiyyət azadlığı ilə bağlı qanunvericiliyin növbəti dəfə sərtləşdirilməsi ilə yadda qalıb.
İqtisadçı Qubad İbadoğlu deyib ki, bu il iqtisadi sahədə vəziyyət bütün istiqamətlərdə pisləşib, o cümlədən manat ucuzlaşıb, əhalinin həyat səviyyəsi aşağı düşüb, işsizlik azalıb, ölkənin xarici borcu artıb, valyuta ehtiyatları azalıb:
“Təkcə qeyri-rəsmi məlumatlara görə, başa çatmaqda olan ildə 50 min nəfər iş yerini itirib, orta statistik ailənin 4,5 nəfərdən ibarət olduğunu nəzərə alsaq, bu, 220 min nəfər üçün ciddi maddi problemlər deməkdir”. İqtisadçının fikrincə, böhrandan ziyan çəkənlərin sayı milyonlarla ölçülür.
Müzakirələr zamanı komitə üzvləri ölkədə vətəndaş azadlıqları bərpa edilmədən yaxşılığa doğru dəyişikliklərə nail olmağın mümkün olmadığı fikrində ortaq olublar. Bu mənada sosial-iqtisadi islahatlar üzrə hökumətin gələn il üçün elan etdiyi strateji yol xəritələrinin həyata keçirilməsi şübhə altına qoyulub.
Toplantıda Qarabağ məsələsi, 2016-cı ildə onun vəziyyəti ayrıca mövzu olub. Helsinki Vətəndaş Assambleyası Milli Komitəsinin sədri Arzu Abdullayeva bildirib ki, on il təcrid vəziyyətindən sonra ilk dəfə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri arasında dialoq üçün şərait yaranıb:
“Amma hakimiyyət əvvəlki kimi “xalq diplomatiyası” prosesini idarə etmək istəyir. Lakin dialoqda vətəndaş cəmiyyətinin müxtəlif qruplarının nümayəndələrinin iştirakı olmadan bu yanaşmanın səmərəsi azdır”.
Komitə qərara alıb ki, 2016-cı ildə insan hüquq və azadlıqlarının vəziyyətinin geniş təhlili aparılsın və vahid yekun sənəd hazırlansın.