‘2015-ci il Azərbaycanda insan hüquqları sahəsində imtahan ilidir’

Şahvələd Çobanoğlu: İnsan haqlarının pozulması halları olduqca təhlükəli dövrə qədəm qoyub

Əvəz Həsənov: Siyasi hüquqları kənara qoymaqla Azərbaycanda elə də acınacaqlı vəziyyətdə olan sahələr yoxdur

Source:


Şahvələd Çobanoğlu: İnsan haqlarının pozulması halları olduqca təhlükəli dövrə qədəm qoyub


Əvəz Həsənov: Siyasi hüquqları kənara qoymaqla Azərbaycanda elə də acınacaqlı vəziyyətdə olan sahələr yoxdur

10 dekabr- Beynəlxalq İnsan Haqları günüdür. Azərbaycanda insan haqlarının durumu beynəlxalq təşkilatlar tərəfindən adətən yaxşı qiymətləndirilmir. Bu isə hakimiyyət nümayəndələri tərəfindən birmənalı qarşılanmır. Rəsmi Bakı beynəlxalq təşkilatların bu qiymətləndirməsini ikili standarlarla, qərəzli hazırlandığını söyləyir. Beynəlxalq İnsan haqları günündə Azərbaycandaki insan haqlarının durumunu yerli ictimaiyyət nümayəndələrindən öyrənməyə çalışdıq.

Jurnalist Şahvələd Çobanoğlu deyir ki, beynəlxalq təşkilatların hesabatları belə Azərbaycandakı durumu olduğu kimi əks etdirmir:

“Sevimli yurdumuz indi təkcə fərqli düşünənlərin, müxalifətçilərin, tənqidçi jurnalistlərin təqib olunduğu və həbs edildiyi, eyni zamanda siyasi azadlıqların, toplaşma və ifadə azadlığının tapdandığı, azad medianın məhv edildiyi ölkə deyil. MTN olayları ilə rəsmən təsdiq edildi ki, haqsızlıq təkcə hakimiyyəti tənqid edənləri əhatə etmir, dövlət idarələri quldurluq yuvasına çevrilib, məhkəmələr sifariş yerinə yetirir, ədalət alınıb-satılır. Bir sözlə, beynəlxalq hesabatlarda Azərbaycanın qeyri-azad ölkə kimi göstərilməsi də vəziyyəti tam ehtiva etmir. Nəzərə alanda ki, insan haqlarının bu acı durumu həm də sistemli korrupsiya ilə əhatə olunur, ölkə vətöndaşlarının çox ağır vəziyyətini təsəvvür etmək olar.”

Şahvələd Çobanoğlunun sözlərinə görə, neftin qiymətinin aşağı düşməsi ilə bura iqtisadi və sosial çətinliklərin daha da güclənməsi əlavə edilir. Jurnalistin fikrincə, bununla da insan haqlarının pozulması halları olduqca təhlükəli dövrə qədəm qoyub.

Hüquq müdafiəçisi, Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov isə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti ümumən kafi qiymətləndirdiyini deyir.

“Uzun illərdir, Azərbaycan cəmiyyətinin ən böyük uğuru ondan ibarət idi ki, siyasi islahatların aparılmasında geriləmələr və insan hüquqlarının qorunmasında boşluqlar olmasına baxmayaraq, heç bir zaman hakimiyyət insan haqlarını qoruyan təşkilatlara qarşı birbaşa təzyiqlər etmirdi. Lakin 2014-cü ildə artıq həbslərin ünvanı kimi hüquq müdafiəçilərinin özlərini seçmişdilər. Bu addım dünya praktikasında insan hüquqlarına münasibətin qırmızı xəttinə bərabərdir. Hətta belə bir deyim də vardır: “Əgər hüquq müdafiəçisi təqib olunursa, daha insan haqlarına əməl edilməsi ilə bağlı arqumentlər əsaslı deyil””.

Əvəz Həsənov hesab edir ki, hakimiyyət ölkədaxilində əsas hüquq və azadlıqların təmin olunması üçün kifayət qədər islahatlar həyata keçirib.

“Siyasi hüquqları kənara qoymaqla Azərbaycanda elə də acınacaqlı vəziyyətdə olan sahələr yoxdur. Lakin bu gün müstəqil məhkəmə hakimiyyətinin zəif olması, insanların öz hüquqlarını məhz həmin instansiyada qorumağa imkanlarının olmaması insanları qanunlar qarşısında gücsüz edib. Dövlətin qanunları insanların haqqının və mülkiyyətinin təminatçısı olduğu halda müxtəlif məmurlar, biznes sifarişlərini icra edən oliqarxlar və məhkəmə ilə əlbir olaraq insanlara öz haqlarını bərpa etməyə imkan vermir. Əksinə, onları şantaj etmək yolu ilə mülkiyyətlərinə lazım olan dəyərləri ödəmirlər. 2014-2015-cil illərdə insan haqlarının pozulması əsasən mülkiyyət məsələlərini əhatə etdiyindən minlərlə insan öz mülkiyyətlərinə olan basqılara görə hakimiyyətdən incik düşüblər”.

Hüquq müdafiəçisi deyir ki, 2015-ci il həm də Azərbaycanda insan hüquqları sahəsində imtahan ili kimi qəbul olunmalıdır.

“Bir yandan insanların həbsi və məhkəməsi, o biri tərəfdən isə çoxdan gözlənilən məhbusların azad olunması bu il də baş verir. Nazirlərin işdən qovulması, vergi və gömrük islahatlarının aparılması, biznes üçün münbit şəraitin yaradılmasına cəhdlər müəyyən ümidlər verir ki, insan haqları istiqamətində də islahatlar və cəmiyyətdə barışığın təşviq olunacağı uzaqda deyildir”.

Ana səhifəXəbərlər‘2015-ci il Azərbaycanda insan hüquqları sahəsində imtahan ilidir’