“200 milyon daşınmaz əmlakı böhrandan qurtaracaq gücdə deyil”

“Çünki 1 il əvvəlki alıcılar qrupu bazarda yoxdur və gözlənilmir də”

Source:


“Çünki 1 il əvvəlki alıcılar qrupu bazarda yoxdur və gözlənilmir də”

Azərbaycanın dövlət büdcəsindən ipoteka kreditləşməsinə əlavə 200 milyon manatın ayrılması daşınmaz əmlak bazarında fəallığın artmasına və tikinti sektorunun inkişafına səbəb olacaq.

Bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında verdiyi bəyanatı şərh edərkən deyib.

Onun qənaətincə, ipoteka kreditləşməsi daşınmaz əmlak bazarının sabitləşməsində vacib rol oynayır: “2008-2009-cu illərdə daşınmaz əmlak bazarı böhran vəziyyətində olub, 2009-cu ildə isə məhz ipoteka kreditləşməsinin bərpa edilməsi sayəsində canlandı. Hazırda bazar ən passiv dövrünü yaşayır, buna görə də əlavə maliyyələşdirmə bazarda aktivliyi artıracaq ki, bu da tikinti bazarının inkişafına gətirib çıxaracaq”.

Amma iqtisadçı Qadir İbrahimli Nüsrət İbrahimovla razılaşmır.

İqtisadçı Meydan TV-yə bildirib ki, Azərbaycanın daşınmaz əmlak bazarının problemlərinin həlli ipoteka kreditindən asılı deyil. Çoxşaxəli problemlərin təməlində mənzil alıcılarının yoxa çıxması dayanır. Təxminən 1 il əvvəlki alıcılar qrupu bazarda yoxdur və gözlənilmir də: “Birinci, öndə dövlət sifarişindən böyük maliyyə əldə edən qrup gəlirdi. Dövlət sifarişləri sıradan çıxdığından həmin alıcı qrupu artıq yoxdur. İkinci qrup Rusiyada işləyib Bakıda ev alanlar idi ki, şimal ölkədə iqtisadi böhrandan sonra bu istiqamətdə vəziyyət mənfiyə doğru dəyişib. Üçüncü qrup dövlətin məcburi söküntü sahəsində ortaya çıxan müştərilər idi. Konkret olaraq, “Sovetski”, “Ağ şəhər” layihələri ilə bu qrup fəallaşmışdı. Amma söküntülərin dayandırılması səbəbindən həmin qrup da sıradan çıxdı. Belə şəraitdə daşınmaz əmlakın inkişafından, yaxud qiymət artımından danışmaq məntiqsizdir”.

Qadir İbrahimli deyib ki, ayrılacaq 200 milyon ipoteka krediti daşınmaz əmlakı böhrandan qurtaracaq gücdə deyil. Təkcə Rusiya mənbələri hesabına Azərbaycan daşınmaz bazarına hər il 5-10 milyard yatırım qoyulurdu. Bu rəqəmlə müqayisədə 200 milyon çox xırda məbləğdir. Nəhayət, ipoteka kreditləri də məhdud qrup üçün əlçatandır. Bu məsələdə gəlirlərin yüksək olması vacibdir və həmin qrupun da mənzil sahibi olmaq iddiası çox azdır. Bu baxımdan 200 milyon ipoteka kreditinin daşınmaz əmlak bazarında inqilab yaradacığının əsası yoxdur və obyektiv reallığa söykənmir.

Ana səhifəXəbərlər“200 milyon daşınmaz əmlakı böhrandan qurtaracaq gücdə deyil”