“200-dən artıq uşaq qəzalı binada dərs keçir”

Göyçayın Kürdəmiş kənd məktəbi, Foto Meydan TV

Kürdəmişlilər məktəb probleminin həll olunmasını istəyirlər

…Birmərtəbəli, qapısı, pəncərəsi olmayan, döşəməsi çökmüş və divarındakı rənglərin belə qopub töküldüyü bu binada kəndin 200-dən artıq uşağı təhsil alır.

Söhbət Göyçayın Kürdəmiş kəndindəki tam orta məktəbdən gedir. 

Sakinləri kəndin orta məktəbinin tamamilə yararsız halda olduğunu, qış aylarında dərs otaqlarının odun sobası ilə qızdırıldığını bildirirlər:

“İçində heyvan saxlamaq üçün belə yararlı deyil. Ancaq 200-dən artıq uşağa həmin tökülmüş, qəzalı durumda olan binada dərs keçirlər. Bizim də əlacımız kəsilib, nə edək? Bu, bir-iki günə həll olunacaq problem deyil. Uşaqları təhsildən yayındırıb, savadsız edə bilmərik”.

Göyçayın Kürdəmiş kənd məktəbi, Foto Meydan TV

Kəndin sakinləri son 10 ildə daha da pis duruma düşən məktəblə bağlı rayon rəhbərliyinin heç bir tədbiq görmək istəmədiyindən şikayətçidir. Bildirirlər ki, dəfələrlə müraciət ediblər, hətta ötən il Təhsil Nazirliyi növbəti illərin büdcəsindən məktəbə vəsait ayrılacağını, tezliklə təmir ediləcəyini vəd edib:

“Ancaq hələ də məktəb təmirsiz, qəzalı durumdadır. Bir il də belə keçdi. O qəzalı məktəbdən neçə-neçə şagird məzun oldu. Ancaq gündəmimiz dəyişmir, bina yararsızdır. İndi 2022-ci il gəlir, görək bu dəfə yada düşəcəyikmi?”

Sakinlərin şikayət məktublarında da belə deyilir. Onlar bildirirlər ki, artıq uşaqlarının belə şəraitsiz bir binada təhsil almasından da, tez-tez valideynlər, kənd sakinləri arasında pul toplayıb məktəbi normal hala salmaqdan da yorulublar:

“Artıq bir-iki manatla düzələcək halda da deyil. Döşəməsi, tavanı tökülüb, pəncərələri cilik-cilikdir. İstiliyi də yoxdur. Qışda sinif otaqlarının pəncərələrə sellofan tutub, birtəhər otururlar. Həm müəllimlərə, həm də şagirdlərə zülmdür. Bu insanlar günlərinin yarıdan çoxunu o viranə binada keçirirlər. Bəs rayonun təhsil şöbəsi hara baxır görəsən? Niyə bu məktəbin təmiri üçün heç yerə müraciət etmir, bu problemə bir əncam çəkmirlər?”

Göyçay Rayon İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Musayev Meydan TV-yə bildirib ki, məktəblərin təmiri dövlət proqramı, büdcə vəsaiti ilə həyata keçirilir. Bunu daha yaxşı Göyçay Təhsil Şöbəsi və Təhsil Nazirliyi bilər:

“Çünki icra hakimiyyətinə məktəb təmiri, tikintisini həyata keçirmək üçün büdcə ayrılmır. Əksər hallarda bölgələrdəki, kəndlərdəki təmirsiz məktəblər Təhsil Nazirliyi tərəfindən təmir edilir. Yəni onların büdcəsində nəzərdə tutulur”.

Göyçay Təhsil Şöbəsindən məsələyə münasibət bildirmək istəməyiblər. Təhsil Şöbəsinin telefona cavab verən əməkdaşı bu barədə danışmaq səlahiyyətinin olmadığını bildirib.

Göyçayın Kürdəmiş kənd məktəbi, Foto Meydan TV

Meydan TV sakinlərin məktəb şikayəti ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinə yazılı sorğu göndərib. Sorğunun üzərindən yeddi iş günü keçsə də, cavab ala bilməyib.

Ancaq ötən il nazirlik yerli mediaya həmin məktəbin təmirinin növbəti illərin büdcəsinə salınacağını açıqlayıb.

Ana səhifəBölgə“200-dən artıq uşaq qəzalı binada dərs keçir”