27 il əvvəl, yanvarın 23-ü, ya 24-də, uzaq rus kəndində yaşadığımız evin qapısı qəfil açıldı. Atam uzunboğaz çəkmələrini soyunmadan, heç qarını da çırpmadan, əlindəki qəzetlə düz evin yuxarı başına keçib oturdu. Balaca qardaşımın əli açıq yaşıl komoddakı konfet kisəsində, anamın divarboyu rus sobasına kömür tökən qalın əlcəkli əlləri kömür vedrəsində donub qaldı. Heç kim nə baş verdiyini soruşmağa macal tapmamış, atam üzünü iki əlinin arasına alıb, hönkürməyə başladı.
Onsuz da hövsələsiz, hər şeydən təlaşlanan anam kömürə bulaşmış əlcəkli əllərini dizlərinə çırpdı:
Noolub! Qağam ölüb, hə? (atasını nəzərdə tuturdu). Dayım ölüb, hə? (ata babamı nəzərdə tuturdu), Raci… (oratncıl qardaşım Azərbaycanda, babamgilin yanında qalmışdı)…Raci…- deyib, sobanın yanında çökdü.
Atam hönkürtüsünü saxlamadan;
Bizimkilərə heç nə olmayıb. Bakıda camaatı öldürüblər, yüzlərnən adamı…ruslar…rus qoşunları. Bizi də burda öldürəcəklər. Azərbaycan Rusiyadan ayrılır… Birdəfəlik.
Öldürməsələr də, araya sərhəd qoyulacaq. O taydakılar o tayda qalacaq, bu taydakılar bu tayda. Raci, atamgil qalacaq o tayda. Biz onları bir də görməyəciyik…
Anam qaçıb atamın əlindəki qəzeti aldı. Bəlkə də bu, onun ömründə əlinə aldığı ilk qəzet idi. Ora-burasına baxdı, gözü nəsə axtardı. Birdən gözünə sataşan şəkillərə baxıb, təzədən yerə çökdü.
…O gün heç kim evdən çölə çıxmadı. Səhəri gün atam işə getmədi. Birisigün kolxoz sədri evimizə gəldi. Atam dedi ki, işdən çıxır. Biz Azərbaycana qayıdırıq. Kolxoz sədri şoka düşdü. Atam milyonçu kolxozun fermasının ən yaxşı baytar həkimi idi, beş illik müqaviləsi, yaxşı maaşı vardı. Mən məktəbə, qardaşım bağçaya gedirdik. Kolxoz sədri heç nə başa düşmədi.
Kto-to tebya obidel, Valera (atamın adını tələffüz edə bilmirdilər), tı tolko skaji mne. Tı çto, s uma soşel. Tam voyna, ponimaeş, imenno v tvoem regione. Tı kuda detey uvesti xoçeş?
Kolxoz sədrinin danlağı uzun çəkdi. Sonra bir həftəboyu evimizə müxtəlif adamlar gəlib-getdi. Gələnlərə anam süfrə açır, atam onlarla rus arağı içir, qonaqlar isə atamı fikrindən daşındırmağa çalışırdılar. Gah müharibə ilə qorxudur, gah burda necə gözəl yaşayacağımızdan, bizim burdakı gələcəyimizin necə gözəl olacağından danışırdılar. Bütün bu monoloqlar zəngin qafqaz süfrəsi arxasında, bol rus arağının müşayiəti ilə baş tuturdu. Adətən içəndən sonra yumşalan, tez razılaşan, mehribanlaşan, yola gələn atam bu dəfə nə qədər içsə də, yola gəlmədi.
Bizim ailəmizin 60 illik bir ayrılıq tarixçəsi vardı. Bu ayrılıq sərhədlər, iki ölkənin bir-birinin üzünə qapanması ilə bağlıydı. Otuzuncu illərdə ata babam – İranda, Qum şəhərində ruhani təhsili alıb doğma kəndinə din xadimi kimi qayıdan Hacı Qasım hamilə arvadını, iki qızını qoyub, İrana qaçmağa məcbur olmuşdu. Ölkədə başlayan ateizm dalğasının, dindarlara qarşı təqibin, sürgünün onu da haqlamasını gözləməyərək.
O gedəndən bir neçə ay sonra babam doğulmuşdu. 60 yaşına qədər atasının öldü, ya qaldısından xəbəri olmayan, yatanda da üzünü İrana tərəf çevirib yatan, atasının din adamı olması xatirinə ömrüboyu dilinə içki dəyməyən, uşaq vaxtlarından namaza başlayan, dində atasını axtaran niskilli babam…
Atamı qorxudan babamın bu 60 illik həsrəti idi. O, eyni şeyi indi bizim yaşayacağımızdan, Rusiya ilə Azərbaycan arasında sərhədlərin qapanacağından, doğmalarının, xüsusilə də 7 yaşlı qardaşımın o tayda qalacağından qorxurdu. Bu qorxu onu iki övladını sakit rus kəndindən götürüb, müharibənin alovlandığı Qarabağa aparmağa məcbur edirdi.
Bir neçə gün əvvəl baş vermiş 20 yanvar hadisələri bu qorxunun əsas mənbəyi idi. 20 yanvar hadisələrini görən atam bu qopmanın, sərhədlərin bağlanacağının real olduğuna möhkəm inanır və qorxurdu.
O, ərizəsini geri götürmədi. Bir ayın içində yaşadığımız evi təhvil verib, əşyalarımızı konteynerə yükləyib, Dinqa adlı kürən itimizi də orda qoyub, geriyə, Azərbaycana qayıtdıq.
İndi düşünürəm ki, necə olubsa, son yüz ildə mənim sadə, kəndli ailəmin həyatı həmişə böyük ölkələrin siyasətlərindən, ölkərlər arasındakı münasibətlərdən asılı vəziyyətə düşüb. Otuzuncu illərdə İrana qaçan babamı qurulan Sovetlər qovmuşdu, doxsanıncı ildə Rusiyadan qaçmağımıza səbəb Sovetlərin dağılması idi. Doxsan üçüncü ildə Ermənistan-Azərbaycan münasibətləri… Nəhayət, 4 ay əvvəl qaçmağa məcbur olduğum Gürcüstan ailəmi Azərbaycanla yaxşı əlaqələrinə xələl gəlməsin deyə qovdu…
Nə ölkələr, nə insanlar çox vaxt heç tanımadıqları, bilmədikləri uzaq insanların həyatında necə ciddi, faciəvi rol oynadıqlarını, həyatlarını necə dəyişdiklərini bilmirlər.
Və mən düşünürəm, nə qədər ki, insanların taleyi ölkələrdəki siyasətdən, prezidentlərin münasibətindən, rejimlərin dəyişməsindən asılı olacaq, bəşəriyyət xoşbəxt insanlar sarıdan həmişə kasad olacaq.