”20 Yanvar” AXC-yə etimadı məhv etdi

Source:
Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə


II hissə

Şəhərə qoşun yeridilməsindən əvvəlki hadisələr, qoşunun əhaliyə tutduğu qanlı divan barədə mən geniş yazmayacağam. Faşist qoşunlarının sovet şəhərlərinə və onların əhalisinə tutduğu divandan heç nə ilə fərqlənməyən bu cəza tədbiri barədə çox yazılıb. Mən iki mötəbər kitabı məsləhət görürəm: SSRİ xalq artistı, bəstəkar və SSRİ Xalq Deputatları Qurultayının deputatı Arif Məlikov və müasir tarix barəsində dəyərli tədqiqatların müəllifi professor Çapay Sultanovun 20 Yanvara həsr etdikləri xüsusi tədqiqatlar.

Mən yalnız öz gördüklərimi və dost-tanışdan eşitdiyim xatirələri yazıram.

Yanvarın 19-da səhər maşınımla şəhərin cənub çıxışında yerləşən Lökbatan qəsəbəsinə yollandım. Dəniz kənarından Lökbatana dönən yol ayrıcında barrıkada qurulmuşdu və tonqal qalanmışdı. Bir dəstə kişi tonqal ətrafında dövrə vurub nəyisə gözləyirdi. Mən onlara yaxınlaşıb kim olduqlarını soruşdum. Cavab verdilər ki, AXC üzvləridir və şəhəri rus qoşunlarından qorumağa hazırlaşırlar. Soruşdum:


– Qoşunu nə ilə saxlayacaqsınız?

Cavab gəldi:


– Söz veriblər ki, silah və yanar maye dolu butulka gətirəcəklər.

Onu da deyim ki, ucu itilənmiş bir metr – metryarım uzunluğunda armatur parçaları talançı silahı olub orduya müqavimət üçün hətta nəzəri cəhətdən yaramırdı. Buna baxmayaraq, MMŞ AXC adından müəssisələrdəki dayaq dəstələrinə belə silahı hazırlamağı tapşırmışdı. Cəbhəçi mühəndis Sahib Məmmədov tapşırığı canla-başla yerinə yetirib işlədiyi Bakı Metropoliteninin bir ton yarım armaturunu bir metrlik tikələrə kəsib əhalinin “silahlanmasına” öz töhfəsini vermişdi.

Mən maşınımı şəhərə digər giriş yolu sayılan Qurd Qapısına sürdüm. Orada da eyni mənzərə təkrar olundu: AXC təxribatçıları adamlara silah və “Molotov kokteyli “ vəd verib onları barrikadalara çıxarmışdılar. Boş butulkalarla dolu taxta yeşiklər dururdu, yanar mayeni “sonra gətirəcəyik” demişdilər. Mənə qəribə gəlirdi ki, hətta orduda qulluq etmiş, əli-gözü silah görmüş kişilər belə sanki düşünmək və təhlil etmək qabiliyyətini itirərək həqarət doğuran “barrikada”ların ətrafına yığışmışdılar. Sanki bu tədbirin təşkilatçılarına ordunun vurmalı olduğu hədəfə mümkün qədər cox insanın toplanması lazım idi.

Günün ikinci yarısında mən atamı Bilgəhdəki bağımıza apardım. Yolda, Maştağanin girəcəyində, Məmmədyarovun abidəsinə çatmamış yolun kənarında tonqal ətrafına toplaşmış adamları gördüm. Onlar guya ki, yolu bağlamışdılar. Atamı bağa çatdırıb geriyə “hökumət yolu” ilə, Zuğulba tərəfdən qayıtdım. Artyom adasına və Qala hərbi aerodromuna dönən yerdə yenə barrikada və bir dəstə adam gördüm. Onlar AXC liderlərinin “şəhəri qoruyaq” ruhlu təxribatçı çağırışına cavab olaraq çıxmışdılar.

Gecə yariya yaxın qardaşımla MK binasının önünə gəldik və təxminən yarım saat şanlı Meydan günlərindən tanıdığımız təxribatçıların çıxışlarını dinlədik. “Həsən Həsənovun adamı” adlandırılan, kütləni Nemətin işarəsi ilə şlyapasını taxaraq-çıxararaq idarə edən ADU-nun müəllimi Vəkil Hacıyev mikrofona deyirdi: “Bizə məlumat çatıb ki, Salyan kazarmalarına girişi bağlamaq üçün adam çatışmır. “Bakı Soveti” metrostansiyasının yanında yük maşınları dayanıb. Xahiş edirəm, 50 nəfər həmin maşınlara minib Salyan kazarmasına getsin”.

Kütlə dalğalandı, 50 vətənpərvər kişi izdihamdan ayrılıb vətənin müdafiəsi üçün, əslində isə bir nomenklatura xadimini həbsdən xilas etmək və digər partokratın vəzifə iddiasına dəstək vermək üçün Salyan kazarmalarına, ölüm saçan tankların önünə yollandı. Bizə hər şey aydın idi, DTK və nomenklatura təxribat maşınını işə salmışdı, biz onun qarşısını heç cür ala bilməzdik. Bizə qalırdı məşum aqibəti müşahidə etmək.

Mənim yaşadığım binanın qonşuluğunda 4-cu ordunun qərargahı, Zaqafqaziya hərbi dairəsinin Hava Hücumundan Müdafiə Qoşunlarının Baş Komanda Mərkəzi yerləşirdi. Hər gün ora növbə üçün gələn əsgər və zabitləri görürdüm. Ordu xidmətimi Misrin Hava Hücumundan Müdafiə Qoşunlarında keçirdiyimdən orada neçə hərbçi və necə xidmət edir barədə tam təsəvvürüm var idi. Bu Komanda Mərkəzindən Cənubi Qafqazda yüzlərlə radar, qırıcı təyyarə bazası, zenit raket qurğusu və hərbi hissə idarə edilirdi.

Məhəlləmizin cavanları tonqal qalayıb hərbi hissəyə gedən yolda canlı zəncir yaratmışdılar. Həyətdə 1977-ci ildən qonşu olduğum adamlar toplaşmışdı. Böyük dördguşə həyəti hər tərəfdən 10 mərtəbəli binalar əhatə edirdi. Sakinlər Elmlər Akademiyasının Botanika və Coğrafiya institutlarının elmi işçiləri, müxtəlif ali məktəblərin müəllimləri və dövlət idarələrinin qulluqçuları idi. Bir dəstə qonşum həyətdə dövrə vurub vəziyyəti müzakirə edirdi. Dinmədən onların yanından keçib getmək istədim. Universitetdə müəllim işləyən bir qonşum məni yolumdan elədi, saxlayıb soruşdu:


-Zərdüşt bəy, bu işlərin axırı necə olacaq?


– Təxribatçılar əliyalın xalqı tankların qarşına çıxarıblar, qan töküləcək, – dedim.


-Sən xalqın birliyini pozmaqdan usanmadın? – soruşan dosent kinlə mənə baxdı.


-Mən xalqın birliyini pozmuram, qaçılmaz gələcəkdən xəbərdarlıq edirəm, sizə xoşdursa, buyurun, ölümə və məğlubiyyətə birgə gedin, – yorğun və ümidsiz deyib, bu ali təhsilli və elmi dərəcəli cahil kütlədən ayrıldım və mənzilimə yollandım.

AXC-də və elmi dairələrdə mənə qarşı nifrətin səbəbi barədə düşünəndə Qalileo Qalileyin “Dünyada ən güclü nifrət cəhalətin biliyə bəslədiyi nifrətdir” kəlamı yadıma düşürdü.

Həmin gecə nə dosent, nə də xalqın birliyinin qızğın tərəfdarı olan milli marallardan heç kim həlak olmadı. Buna da min şükür! Fəqət hadisələrin mahiyyətindən tam bixəbər 131 Bakı sakini həlak oldu. 6 Lənkəran və Neftçala sakini öldürüldü. Yüzlərlə adam yaralandı, əlil oldu. Mindən çox insan həbsə atıldı. Xalqın hərəkata olan inamı bilmərrə qırıldı.

Əsgər dolu yük maşınları evimizin yanındakı yoldan maneəsiz keçib hərbi hissəyə daxil oldu. Maşından düşmüş zabit gənclərə yaxınlaşdı və onlarla söhbət etdi. Zabit onları dağılışmağın vacibliyinə inandırdı və hərbi maşınlar müqavimətsiz hərbi hissəyə keçə bildi.

Sinələrində vətənə məhəbbət hissi çağlayan gənclər nə isə etməliydilər ki, biri-birlərinə bu sevgilərini göstərsinlər. Buna görə onlar qonşumuz, artıq yanvarın 18-də Bakıdan Tulaya köçmüş, Azərbaycanı və Bakını hədsiz sevən, gözəl insan və mahir mühəndis, Bakı zavodlarından birinin direktor müavini işləyən, əslən qarabağlı erməni Abramov Georgiy Vladimiroviçin evini yardılar.

Vətənpərvərlər “erməni”dən qisas aldılar, onun evində kitabdan savayı heç bir qiymətli əşya tapmadıqlarından heç vaxt oxumadıqları və oxumayacaqları kitabları daşıyıb oğurladılar.

Aya, həmin gecə millət fədailəri, xalqı barrikadalara səsləmiş qəhrəman oğullar nə edirdilər, qaniçən və zalım ordu ilə harada və necə döyüşürdülər?

Ali məktəbin dosenti, riyaziyyatçı Sədəddin Əfəndiyev xatırlayır ki, yanvarın 19-da axşam saat 18-də 11-ci Qızıl Orduya abidənin ətrafına toplaşmış camaat qarşısında Əbülfəz Əliyevin düz yanında dayanıb onun çıxışını dinləmişdi. AXC lideri kişiləri səbata və cəsarətə səsləmişdi, demişdi ki, heç nədən çəkinmədən yolu kəsib dursunlar. Qadınlara və uşaqlara isə məsləhət görmüşdü ki, evlərinə dönsünlər. Böyük Bəyin çıxışı zamanı bir kişi tələsik ona yaxınlaşıb demişdi ki, a bəy, MK-nın yanından gəlirəm, orada deyirlər ki, gecəyarısı ordu şəhərə girəcək. Əbülfəz Əliyev ona susmaq və panika yaratmamaq əmri vermişdi, sonra camaata təkrar müraciət edib heç bir təhlükənin olmadığını demişdi, bir daha camaatı möhkəm durmağa çağırmışdı.

Saat 20-də onu Maştağadan bir neçə cəbhəçi tapır və təkidlə tələb edir ki, Qarabağla onların Bakıda qurduğu piket arasında əlaqəni onlara izah etsin. Əbülfəz bəy məcbur olub etiraf edir ki, piketlərin Qarabağa dəxli yoxdur, məqsəd Vəzirovun Birinci katib vəzifəsindən uzaqlaşdırılmasıdır. Maştağalı cəbhəçilər bunu eşidib kəndə qayıdırlar, piketi dağıdırlar və qonşu kəndlərə qasid göndərib məsləhət görürlər ki, onlar da dağılışsınlar.

Həmin maştağalı qasidlərdən birini Artyoma dönən yolda sovet əsğərləri maşınına atəş açıb öldürdülər.

Yanvarın 19-da gecə saat 23-də AXC sədri Əbülfəz Əliyev varid olur dostu və həmdəmi Becan Fərzəliyevin Yasamaldakı mülkünə və həmin gecəni də, ondan sonrakı bir neçə günü də orada keçirir. Oraya onunla müşavirə üçün Heydər Əliyevin ən yaxın silahdaşlarından biri, Neftayırma Zavodunun direktoru və sonradan Ali Məclisin sədri işləmiş Rəsul Quliyev alim dostu Çapay Sultanovla gəlir. Mənim də dostum olmuş Çapay müəllim danışır ki, Əbülfəz özünü dəli kimi aparırdı və elə-hey təkrar edirdi ki, “mən bu qədər adamın qırılacağını təsəvvür etməzdim”.

Görəsən, Əbülfəz Əliyev nə qədər adamın qırılacağını təsəvvür edirmiş? Qarabağlı Birinci katib Vəzirovun vəzifədən getməsi üçün xalq fədaisi neçə adamın qan bahasını məqbul sayırdı?

Sovet dövrü bir lətifə dolaşırdı:


“-Görəsən, ələkeçməz Conu niyə tuta bilmirlər?


-Ona görə ki, heç axtarmırlar da”.

Təbii ki, DTK onu axtarmırdı. Lakin “DTK bəyi axtarır” horrasını xalqa yedirtmək üçün münasib tədbirlər görülməliydi. Buna görə Əbülfəz Əliyev “lap Məhəmməd Əmin Rəsulzadə kimi”, İsmayıllı rayonuna yollanıb orada “gizlənir”. Lahıcda bir az istirahət edəndən sonra Əbülfəz Əliyev Bakıya qayıdır və artıq rəhbər qurumları onun buyruq quluna çevrilmiş AXC-ni idarə etməyə başlayır, iclaslarda millətdən hərarətlə danışır, qaniçən imperiyanı damğalayır.

İsa Qəmbərov gecəni Yusif Səmədoğlunun mənzilində keçirir. Hər iki İH üzvü bütün gecəni radionu dinləyərək doğma şəhərlərində cərəyan edən qanlı hadisələrin təfərrüatını xarici səslərdən öyrənirlər. İsa Qəmbərov yanvarın 22-də qırğın qurbanlarının dəfn günü parlaq çıxış edib cahil kütlənin gözündə daha nə qədərsə siyasi xal qazanır və dəyərli reytinqini artırır.

Hikmət Hacızadə evində gecə saat üçə qədər şirin-şirin yatır. Mərdüməzarı axtarmaqla deyil ki?! Gecə saat üçdə Leyla Yunusova dostu Hikməti yuxudan oyadıb “Siz nə etdiniz?” çığırır. Azərbaycan liberalizminin atası çox məntiqi cavab verir:


-Mən nə edə bilərəm ki?

Həqiqətən, Hikmət bəy nə edə bilərdi ki? Nə ki, lazımdır, bundan əvvəl artıq edilmişdi. Və Hikmət bəy dübarə şirin yuxuya dalmışdı.

Sabit bəy həyatını təhlükəyə qoyaraq Lenin rayonunda camaatı barrikadalardan dağılışmağa çağırırdı.

Eyni işi Nəcəf bəy görürdü.

Pənah Hüseynov və Vurğun Eyyubov Salyan kazarmaları önündəki barrikadalara baş çəkərkən atəşə məruz qaldılar, xoşbəxtlikdən, onlara sədəmə toxunmadı.

Etibar Məmmədov barrikadaları gəzib camaatı möhkəm durmağa çağırırdı.

Yanvarın 20-dən əvvəl camaatdan “Qarabağın müdafiəsi üçün” pul toplayan Nemət qoşun camaatı qırmağa başlayan andan əlində səsgücləndirici Montin qəsəbəsinin həyətlərini gəzərək sakinləri küçələrə çıxıb şəhəri qorumağa səsləyirdi. Hadisədən 20 il keçəndən sonra iddia edir ki, bunu edən o deyilmiş, ona qarşı işləyən DTK-nın göndərdiyi təxribatçılarmış.

SSRİ Xalq Deputatları Qurultayında 1989-cu ildə akademik Saxarov Sovet Ordusunu Əfqanıstanda dinc əhaliyə divan tutmaqda ittiham etmişdi. Sovet vətənpərvərləri ona kəskin hücum edib onu böhtançı adlandırmışdılar. Bakıda 20 yanvar gecəsi akademik Primakov, marşal Yazov, digər sovet partiya-dövlət və ordu rəhbərləri , Sovet Ordusunun törətdiyi ağlasığmaz vəhşilik akademik Saxarovun haqlı olduğunu sübut etdi.

Tanklar adamları tırtılları ilə əzib cəsədlərinin üstündə fırlanırdılar. İnsanlara mərkəzi dəyişdirilmiş “nataraz” güllə atırdılar: bədəni deşən güllə onun içində “vurnuxur” və elə yaralar açırdı ki, insanı xilas etmək mümkün olmurdu. Qoşun yaşayış binalarını və “təcili yardım” maşınlarını atəşə tuturdu. Həbs olunmuşları amansızlıqla döyür, şikəst edir, soyurdular. Qətliam gecəsindən bir neçə gün sonra belə beyni qızmış sovet əskərləri Sumqayıt yolunda zirehli piyada maşınını “Jiquli”nin üstünə sürmüş, dörd kimyaçı alimi, o cümlədən mənim yaxşı tanıdığım nəcib insanı, elmlər doktoru İbrahim İbrahimovu əzib xıncım-xıncım etmişdilər.

Lənkəran və Neftçalada əsir götürülmüş azərbaycanlıların əllərini tikanlı məftillə bağlamış, onları vəhşicəsinə döymüş, onlardan birini helikopterlə Bakıya uçuş zamanı dənizə atmışdılar. Hərbi canilərdən heç kim heç bir məsuliyyət daşımadı.

“Demokratik dünya” Bakıda törədilmiş azğın qətliama çox soyuqqanlı yanaşdı. Kütləvi cəza tədbiri üçün ortada xeyli səbəb vardı: aramsız iğtişaşlar, dövlət idarələrinə hücumlar, milli zəmində talan və qırğın. Bu səbəbləri kim yaratmışdı?

Stroub Telbot və Maykl Beşlosun “Ən yüksək səviyyədə” kitabından bir məqamı oxucuya təqdim edirəm.

20 Yanvardan cəmi iki ay əvvəl Malta yaxınlığında sovet ticarət gəmisinin göyərtəsində ABŞ prezidenri Corc Buş və Sov.İKP MK-nın Baş Katibi Mixail Qorbaçov ən yüksək səviyyədə danışıq aparan zaman Qorbaçov soruşmuşdu:


-Sovet hökuməti bəzi qüvvələrə qarşı zor tətbiq etməyə məcbur olsa, Qərb buna necə yanaşar?



ABŞ Prezidenti Buş demişdi:


-Əgər zor dinc siyasi mübarizə aparan demokratik qüvvələrə qarşı tətbiq edilsə, biz kəskin tənqidi mövqe tutacağıq. Zor qanunları pozan dağıdıcı qüvvələrə qarşı tətbiq edilsə, biz buna anlaqlı yanaşacağıq..

Bəli, SSRİ DTK-sı və millətçi rəhbərliyin sayəsində partiya mafiyasının müttəfiqinə şevrilmiş AXC əlindən gələni etdi ki, xalqımıza “qanunu pozan dağıdıcı qüvvə” ləkəsi möhkəm yapışsın, hərəkatın ideallarına inanıb yenidənqurmanın və insan ləyaqətinin müdafiəsi naminə çalışan sadə vətəndaşlara tutulan vəhşi divan dünya tərəfindən haqlı cəza kimi qiymətləndirilsin.

Hörmətli oxucum, diqqətinizə ərz edim ki, bəndəniz SSRİ Silahlı Qüvvələrinin Hava-Desant Qoşunlarının ehtiyatda olan zabiti kimi üç dəfə 45 günlük təlim kursunu keçmişdir: iki dəfə paraşyut və bir dəfə alpinist hazırlığı. Təbii ki, diversiya əməliyyatları kursu təlimin tərkib hissəsi idi. Məqsəd – belə hazırlıq keçmiş 10-12 döyüşçüdən ibarət qrupları Yaxın Şərq ölkələrinə mühüm hərbi tapşırıqların icrası üçün göndərmək idi. Fəqət bu hazırlığı keçən zaman mən aydın anlayırdım ki, bu təlimin əməli xeyri yoxdur və o, keçmiş müharibənin təcrübəsi əsasında həyata keçirilir. Məşhur deyimdir: “Generallar daima keçmiş müharibəyə hazırlaşırlar”. Belə təlimlərə Sovet Ordusunda qulluq etmiş və yaşı 25-40 arası olan mülki vətəndaşları çağırardılar. Orduda onlara zəif intizamlarına görə “partizan” deyirdilər. Bakıdakı cəza tədbirinə Şimali Qafqaz Hərbi Dairəsindən erməni əsilli “partizan”ların çağırılıb gətirilməsi, onların bu zaman misilsiz vəhşiliklər törətməsi xüsusilə acınacaqlıdır və sovet siyasi-hərbi rəhbərliyinin antimilli və antikommunist mahiyyətindən xəbər verir. Qaniçən rəhbərlik bir neçə gündən sonra bu azğın və intizamsız adamları Bakıdan çıxardı, fəqət onların həmin bir neçə gündə törətdikləri vəhşilik Sovet Ordusunun və sovet quruluşunun tarixinə qara ləkə vurdu.

Adamlar güllə yağışından qaçmaq ilə canını qurtarırdı. Lakin elələri də oldu ki, qayıtdılar və yaralılara kömək etdilər, onları daşıyıb xəstəxanalara çatdırdılar.

Mənim xalam oğlu Tarıverdiyev Kamran 5 nömrəli xəstəxanada cərrah işləyirdi. Kamran mənə dedi ki, yanvarın 16-da onlara Səhiyyə Nazirliyindən əmr gəlmişdi: bütün yüngül xəstələri xəstəxanadan çıxarsınlar və çarpayıların çoxunu “hər ehtimala qarşı” boş saxlasınlar. Bu boş çarpayılar 20 Yanvar günü kara gəldi. Deməli, sovet hakimiyyəti xalqı qıracağını bilirdi və buna amansızlıqla və soyuqqanlı hazırlaşırdı.

Həkimlər yaralıların həyatını xilas etmək üçün fədakarlıqla gecə-gündüz çalışdı. Fəqət çox zaman onların səyi xeyir vermədi, zira beynəlxalq qanunlarla qadağan edilmiş “nataraz” güllələr insanların içalatını didmişdi, damarları kəsmişdi, həyati vacib əzaları dağıtmışdı.


Sovet quruluşu

özünü ölüm saça-saça dünyanın siyasi xəritəsindən silirdi.

Yanvarın 19-da Moskva çekistləri AzTV-nin enerji blokunu partlatdılar ki, kimsə, gec də olsa, əhaliyə məlumat çatdıra bilməsin. Nə qədər gülməli olsa da, bu xüsusi hazırlıq keçmiş fövqəldiversantları 26 Bakı komissarı rayonunun adi milis işçiləri həbs edə bilmişdilər. Onlar əvvəl kim olduqlarını etiraf etmək istəməmişdilər, lakin bizim milis onlara istintaq aləti kimi şampan şərab şüşələrini göstərəndən sonra QRU zabiti olduqlarını etiraf etmişdilər. Bir müddət sonra 4-cü ordu qərargahından məsul zabitlər gəlib öz ifşa olunmuş diversantlarını götürüb aparmışdılar.

Azərbaycanın Ali Soveti natamam heyətdə olsa da, toplaşa bildi, sədarəti Elmira Qafarova edirdi. Onların siyasi cəsarəti ona çatdı ki, Vəzirovu lənətləsinlər və SSRİ rəhbərliyini tənqid etsinlər. Hansı yollarlasa Ali Sovetin sessiyasına girə bilmiş Araz Əlizadə təklif verdi ki, bu qanlı divana ən tutarlı siyasi cavab SSRİ Konstitusiyasının 6-cı maddəsinin Azərbaycanda ləğvi olardı. Bu qərar ilə Azərbaycan Ali Soveti bütün Qərbin rəğbətini qazana bilərdi və caninin kim olduğunu dünyaya aşkar göstərərdi. Təəssüf ki, zalda AKP MK-nın ciddi süzgəcindən keçmiş qanadsız quşlar əyləşmişdi və onlar belə siyasi cəsarət sahibi deyildilər. Təklifi heç səsə qoymadılar. Sov.İKP-nin “idarəedici və yönəldici rolu” barədə maddə müqəddəs ayə kimi qaldı, ta ki, tarixi hadisələrin əzmi onu Moskvada silib pozdu. Bu şərəf Azərbaycan deputatlarına nəsib olmadı.

Yanvarın 22-də sülh dövründə Sovet Ordusunun sovet şəhərinin dinc əhalisinə qarşı həyata keçirdiyi hərbi əməliyyatın qurbanlarının dəfn mərasimi keçirildi. Yüz minlərlə vətəndaş adı Azadlıq meydanına çevrilmiş sabiq Lenin meydanından adı Şəhidlər xiyabanına çevrilmiş sabiq Sergey Mironoviç Kirov adına Dağüstü parka qədər kütləvi cəza tədbirinin qurbanlarının tabutlarını çiyinlərdə apardı. Artıq yaddaşlardan silinməkdə olan və zahiri əlamətləri və izi tamamilə itmiş dağüstü qəbristanlıqda 1918-ci ildə bolşevik-daşnak qoşunlarının qırdığı müsəlmanlar dəfn olunmuşdu. Bu ərazidə yüzdən artıq qəbir qazıldı. Qəbir qazanlar çoxli kəllə və sümük tapdı.

Sonradan bu xiyabana Qarabağ müharıbəsində həlak olanları da basdırmağa başladılar.

Rəhmətlik Arif Mansurov mənə danışdı ki, matəm mitinqində Rəhim Qazıyev mikrofona can atırmış. Arif müəllim soruşur ki, nə demək istəyirsən? Həmin dövrdə hamının qeyrətinə aramsız qurban olan millət fədaisi deyir ki, vacib elan var. Nə elan? Bəy deyir ki, islam orduları sərhəddi keçib Bakıya doğru irəliləyir.

Arif Mansurovu tanıyanlar bilirlər, o, hansı sözlərlə mikrofon iddiaçısına cavab verib.

Bu kitabın rus nəşri çıxdıqdan 8 il sonra Rəhim Qazıyev belə söhbətin baş verdiyini dandı və dedi ki, çox güman bu məlumatı Nemət Pənahov elan etmək istəyib. Ola bilər. Arif Mansurovun gözündə Rəhimlə Nemət arasında heç bir fərq olmadığından belə bir yanlışlığa yol verə bilərdi. Vacibi odur ki, həmin dövrdə AXC-nin zəka potensialını məhz belə adamlar müəyyənləşdirirdi.

Ana səhifəXəbərlər”20 Yanvar” AXC-yə etimadı məhv etdi